Tərlan Məmmədova (Qayıbova) – ömrünü musiqiyə, sənətini gələcək nəsillərə həsr edən ziyalı Hər bir insanın həyatında elə şəxsiyyətlər var ki, onların ömür yolu, fəaliyyəti, insanlara bəxş etdiyi mənəvi dəyərlər zaman keçdikcə daha böyük məna kəsb edir. Belə insanlar yalnız öz peşələrini yerinə yetirməklə kifayətlənmir, həm də ətrafındakı insanların dünyagörüşünə, düşüncəsinə, estetik zövqünə və həyat yoluna təsir göstərirlər. Onlar öz əməkləri, bilikləri, insanlığı və sənətə bağlılıqları ilə yaddaşlarda silinməz iz qoyurlar. Belə ziyalı insanlardan biri də ömrünü musiqi sənətinə, pedaqoji fəaliyyətə və gənc nəslin mənəvi-estetik tərbiyəsinə həsr etmiş Tərlan (Qayıbova) Məmmədovadır.
Musiqi onun həyatına sonradan daxil olan bir sənət deyil, uşaqlıqdan ruhuna hopan, illər keçdikcə sevgiyə, sevgidən isə həyat amalına çevrilən mənəvi dünyadır. 1962-ci ildə Gəncə şəhərində dünyaya göz açan Tərlan xanımın musiqiyə marağı hələ kiçik yaşlarından özünü göstərmişdir. Ailə ocağında səslənən musiqilər, xalq mahnıları, doğma melodiyalar onun uşaq qəlbində sənətə qarşı xüsusi bir məhəbbət oyatmışdır. Bəlkə də elə həmin illərdə gələcək musiqişünasın və pedaqoqun qəlbində musiqiyə aparan yolun ilk notları yazılırdı. 1969-cu ildə Gəncə şəhərinin 32 saylı orta məktəbinin birinci sinfinə daxil olan Tərlan xanım 1979-cu ildə orta təhsilini başa vurmuşdur. Bununla yanaşı, Gəncə şəhər 2 saylı musiqi məktəbinin yeddiillik təhsilini musiqi nəzəriyyəsi ixtisası üzrə tamamlamışdır. Bu illər onun musiqi biliklərinin ilkin təməlini formalaşdırmış, sənətə olan marağını daha da gücləndirmişdir. 1980-ci ildə Qənbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun musiqi nəzəriyyəsi şöbəsinə daxil olması isə onun həyatında mühüm mərhələlərdən birinə çevrilmişdir. Burada aldığı nəzəri və praktiki biliklər, musiqi sənətinin incəliklərinə dərindən yiyələnməsi gələcək pedaqoji fəaliyyətinin əsasını qoymuşdur. Təhsilini başa vurduqdan sonra uşaq musiqi məktəblərində fortepiano və musiqi nəzəriyyəsi müəllimi ixtisasına yiyələnmişdir. Lakin Tərlan xanım üçün öyrənmək, araşdırmaq və özünü inkişaf etdirmək heç vaxt bitən proses olmamışdır. Musiqinin geniş və zəngin dünyasını daha dərindən dərk etmək arzusu onu Bakıya, Üzeyir Hacıbəyli adına Bakı Dövlət Konservatoriyasına aparmışdır. Konservatoriyanın tarix-nəzəriyyə şöbəsində təhsilini davam etdirən gənc musiqiçi burada öz bilik və dünyagörüşünü daha da zənginləşdirmişdir.
1990-cı ildə ali təhsil ocağını əla qiymətlərlə başa vuraraq musiqişünaslıq diplomuna layiq görülməsi onun illərlə çəkdiyi zəhmətin, əzmkarlığının və sənətə bağlılığının parlaq nəticəsi olmuşdur. Onun musiqi təhsilinin formalaşmasında Azərbaycan musiqi elminin və sənətinin tanınmış nümayəndələrinin xüsusi rolu olmuşdur. Konservatoriyada diplom rəhbəri Xalq artisti, görkəmli musiqişünas və bəstəkar Ramiz Zöhrabov olmuşdur. Eyni zamanda Xanlar Məlikov, Məmməd Saleh İsmayılov, Emin Sabitoğlu, İmruz Əfəndiyeva, Solmaz Qasımova və Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova kimi tanınmış sənət və elm adamlarından dərs alması onun peşəkar dünyagörüşünün zənginləşməsində mühüm əhəmiyyət daşımışdır. Belə sənətkarların məktəbini keçmək, onların bilik və təcrübəsindən bəhrələnmək hər bir musiqiçi üçün böyük mənəvi sərvətdir. Tərlan xanım da bu məktəbdən aldığı bilikləri yalnız özündə qoruyub saxlamaqla kifayətlənməmiş, illər ərzində onları tələbələrinə ötürərək yeni nəslin musiqi təhsilinə töhfə vermişdir. Hər zaman söhbətlərində onun sənətə münasibətini ifadə edən fikirlərində isə xüsusi bir səmimiyyət və milli ruh duyulur.

O, deyir: “Mənim üçün ilk növbədə klassika çox önəmlidir. Mən musiqi ilə böyümüşəm və onu təbliğ edirəm. Mən bizim milli musiqimizi də çox sevirəm. Çünki bu, bizim qanımızdı, canımızdı. Muğamlarımızı, xalq mahnılarımızı, aşıq musiqisini də çox sevirəm”. Bu fikirlər Tərlan xanımın musiqi dünyasının əsas istiqamətlərini aydın şəkildə ifadə edir. Onun üçün klassik musiqi dünya sənətinin böyük bir xəzinəsi, milli musiqimiz isə xalqımızın tarixi yaddaşı, mənəvi kimliyi və ruhunun ifadəsidir. O, klassik musiqinin ecazkarlığını Azərbaycan muğamının dərinliyini, xalq mahnılarının səmimiyyəti və aşıq sənətinin müdrikliyi ilə eyni məhəbbətlə qiymətləndirir. Çünki əsl musiqi bilicisi üçün sənət sərhəd tanımır, lakin öz milli köklərindən ayrılmadan dünya musiqisinin zənginliklərinə qovuşur. Musiqi insan ruhunun ən saf ifadəsidir. Bəzən bir sözlə çatdıra bilmədiyimiz hissləri bir musiqi parçası ilə anlatmaq mümkündür. Fortepiano isə bu hisslərin ən zərif tərcümanlarından biridir. Onun ağ və qara dilləri sanki həyatın müxtəlif çalarlarını özündə birləşdirir. Bu dillər üzərində barmaqlarını gəzdirən müəllimə hər dəfə yeni bir duyğunun, yeni bir düşüncənin qapısını açır. Tərlan xanımın pedaqoji fəaliyyəti də məhz bu mənəvi yanaşma üzərində qurulmuşdur. O, fortepiano və musiqi nəzəriyyəsini tədris edərkən şagird və tələbələrinə yalnız notları oxumağı, musiqi əsərlərinin quruluşunu öyrənməyi, ritmi və melodiyanı düzgün qavramağı aşılamaqla kifayətlənmir. Onlara musiqini duymağı, əsərin daxili məzmununu anlamağı, bəstəkarın düşüncəsini və yaratdığı musiqi obrazlarını hiss etməyi öyrədir. Çünki musiqi təhsili sadəcə texniki bacarıqların mənimsənilməsi deyil. Bu, həm də insanın daxili aləminin zənginləşməsi, estetik zövqünün formalaşması, gözəlliyi duymaq və qiymətləndirmək qabiliyyətinin inkişafıdır. Əsl müəllim bu həqiqəti dərindən anlayan, öz biliyini şagirdlərinin mənəvi dünyasına çevirməyi bacaran insandır.
Uzun illərdir ki, Tərlan Məmmədova Gəncə Dövlət Universitetinin nəzdində Regional Musiqi Kollecinin “Mədəniyyət və İncəsənət” şöbəsinin müdiri vəzifəsində çalışır. Bu məsuliyyətli vəzifə onun zəngin pedaqoji təcrübəsini, təşkilatçılıq bacarığını, peşəkarlığını və sənətə sədaqətini bir araya gətirən fəaliyyət sahəsidir. Şöbə müdiri kimi o, yalnız tədris prosesinin təşkilinə deyil, həm də kollektivdə sağlam iş mühitinin yaradılmasına, tələbələrin bilik və bacarıqlarının inkişafına, musiqi təhsilinin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verir. Tərlan xanımın xarakterində mülayimliklə prinsipiallıq, tələbkarlıqla səmimiyyət, peşəkarlıqla sadəlik vəhdət təşkil edir. O, insanlarla münasibətdə mehriban və anlayışlı olsa da, işə gəldikdə öz prinsipial mövqeyini, tələbkarlığını və ciddiyyətini qorumağı bacarır. Həqiqəti olduğu kimi deməkdən çəkinməməsi, ədalətə üstünlük verməsi, zəhmətə və məsuliyyətə xüsusi önəm verməsi onun şəxsiyyətini səciyyələndirən mühüm keyfiyyətlərdəndir. Onu yaxından tanıyanlar Tərlan xanımı ilk növbədə zəhmətkeşliyi, xeyirxahlığı, peşəkarlığı, sədaqəti, sadəliyi və mehribanlığı ilə xarakterizə edirlər.
O, Gəncənin dəyərli ziyalılarından biri kimi həm sənət mühitində, həm də pedaqoji kollektivdə özünəməxsus hörmət və nüfuz qazanmışdır. İllər keçdikcə insan daha yaxşı anlayır ki, müəllimi müəllim edən təkcə onun biliyi və diplomu deyil. Əsl müəllimin böyüklüyü insanlara münasibətində, ədalətində, zəhmətində, səbrində və yetişdirdiyi nəslə bəxş etdiyi mənəvi dəyərlərdədir. Fortepiano müəlliməsinin fəaliyyəti, eyni zamanda, böyük səbir və diqqət tələb edən incə bir sənətdir. Hər bir tələbənin öz xarakteri, istedadı, musiqini qavrama tərzi və fərdi inkişaf yolu vardır. Bir tələbə musiqi əsərini ilk ifadan duyur, digəri isə həmin duyğunu kəşf etmək üçün uzun müddət çalışmalı olur. Əsl pedaqoq bu fərqləri görməyi, hər bir tələbənin potensialını üzə çıxarmağı və onu düzgün istiqamətləndirməyi bacarmalıdır. Tərlan xanımın illərlə qazandığı təcrübə, musiqi nəzəriyyəsi sahəsindəki bilikləri və fortepiano tədrisindəki peşəkarlığı ona bu məsuliyyətin öhdəsindən gəlmək imkanı verir. O, tələbələrinə yalnız sənətin qaydalarını deyil, sənətə hörmət etməyi, zəhmətin qiymətini bilməyi, öz üzərində daim işləməyi də aşılayır. Onun pedaqoji fəaliyyətinin ən böyük nəticələrindən biri yetişdirdiyi tələbələrin uğurlarıdır. Bu gün onun yetirmələri Azərbaycanın müxtəlif musiqi təhsil ocaqlarında təhsillərini davam etdirir, musiqi sənətinin müxtəlif sahələrində öz yollarını müəyyənləşdirir, Azərbaycan musiqi mədəniyyətini layiqincə təmsil edirlər. Bu, hər bir müəllim üçün ən böyük mənəvi mükafatdır. Axı müəllimin ömrü yalnız təqvimdəki illərlə ölçülmür.

Onun əsl ömrü yetişdirdiyi tələbələrin uğurlarında, onların yaddaşında yaşatdığı xatirələrdə, cəmiyyətə bəxş etdiyi bilikli, savadlı və mənəviyyatlı insanlarda davam edir. İllər ötür, tələbələr böyüyür, yeni həyat yollarına qədəm qoyurlar. Lakin bir zamanlar onlara musiqinin sirlərini öyrədən müəllimin səmimi sözləri, tövsiyələri, qayğısı və tələbkarlığı yaddaşlardan silinmir. Musiqi təhsili insanın həyatında yalnız peşə seçiminə deyil, həm də şəxsiyyət kimi formalaşmasına təsir göstərir. Musiqi ilə böyüyən insan gözəlliyə daha həssas yanaşır, səslərin harmoniyasında həyatın nizamını, melodiyaların ahəngində duyğuların dərinliyini görür. Bu baxımdan Tərlan xanımın pedaqoji fəaliyyəti musiqiçi yetişdirməkdən daha geniş məna daşıyır. O, həm də sənətə bağlı, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, estetik zövqü və dünyagörüşü zəngin olan gənclərin formalaşmasına xidmət edir.
Onun sənətə bağlılığı, klassik musiqiyə və milli musiqi irsimizə sevgisi, bu sevgini tələbələrinə aşılamaq istəyi pedaqoji fəaliyyətinin əsas mənəvi dayaqlarındandır. Çünki muğamın sehrini, xalq mahnılarının səmimiyyətini, aşıq musiqisinin müdrikliyini və klassik əsərlərin əzəmətini duymaq üçün ilk növbədə musiqiyə sevgi lazımdır. Tərlan xanım isə bu sevgini həm öz həyatında yaşadır, həm də gənc nəslə ötürür. Mənə görə, onun həyat və fəaliyyətində diqqət çəkən ən mühüm cəhətlərdən biri də illər ərzində qazandığı təcrübəni, bilik və bacarığını özündən sonrakı nəslin inkişafına yönəltməsidir. Bu, sadəcə peşə borcu deyil, sənətə olan mənəvi sədaqətin ifadəsidir. Çünki hər bir müəllim öz yetirmələrinin uğurunda öz əməyinin, zəhmətinin və sevgisinin bəhrəsini görür. Bəzən bir müəllimin öyrətdiyi ilk musiqi parçası tələbənin bütün həyatında unudulmaz xatirəyə çevrilir. Bəzən onun söylədiyi bir cümlə gəncin sənət yolunu müəyyənləşdirir. Bəzən isə müəllimin sənətə olan sevgisi bir insanın gələcəyini dəyişir.
Tərlan xanımın pedaqoji ömrü də məhz belə xatirələr, belə uğurlar və belə mənəvi izlərlə zəngindir. Bu gün onun ömür yoluna nəzər salarkən bir həqiqət aydın görünür: musiqi onun üçün yalnız ixtisas, müəllimlik isə yalnız peşə deyil. Musiqi onun həyat tərzi, müəllimlik isə mənəvi missiyasıdır. O, illər boyu notların dili ilə insanlara gözəlliyi anlatmağa, sənətə sevgi aşılamağa, milli musiqi irsimizin və dünya klassik musiqisinin zənginliklərini gələcək nəsillərə çatdırmağa çalışmışdır. Tərlan Məmmədova həyat və yaradıcılıq yolu bir daha sübut edir ki, əsl sənətkarın böyüklüyü yalnız əldə etdiyi təhsildə, tutduğu vəzifədə deyil, sənətə sədaqətində, insanlara münasibətində və yetişdirdiyi nəslin uğurlarında təzahür edir. İllər keçəcək, yeni tələbələr fortepianonun qarşısında əyləşəcək, yeni melodiyalar səslənəcək, yeni musiqiçilər yetişəcək. Lakin onun öyrətdiyi hər bir notda, aşıladığı hər bir sənət sevgisində, tələbələrinin uğurlarında Tərlan xanımın zəhməti və mənəvi izi yaşayacaq. Çünki əsl müəllim yalnız musiqi öyrətmir, insanın qəlbində musiqi yaşatmağı bacarır. Tərlan xanımın ən böyük əsəri də məhz budur: illər keçsə belə, yetirmələrinin qəlbində səslənməkdə davam edən sənət, sevgi və insanlıq melodiyası…
Anar Ərtoğrul Burcəliyev,
Teatrşünas-tənqidçi