Bakıda “Kanal32″nin də təmsil olunduğu kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilib-FOTOLAR

Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” (International Conference on Cyber Diplomacy Azerbaijan 2026: Power and Influence in the Age of AI) adlı konfransı keçirilib.

KANAL32.az xəbər verir ki, bu konfrans texnologiya, diplomatiya və beynəlxalq təhlükəsizlik arasında sürətlə dəyişən münasibətlər üzrə strateji dialoq platforması kimi təsis edilib.

Tədbirdə müzakirələr süni intellekt dövründə xarici siyasət, kiberalyanslar və strateji müstəqillik, texnologiya şirkətlərinin geosiyasi rolu, informasiya müharibəsi və “deepfake”lər, kiberməkanda dövlətlərin məsuliyyətli davranışı, hesabatlılığı, eləcə də kritik infrastrukturların milli və transsərhəd kiberrisklərdən qorunması kimi aktual məsələləri əhatə edib.

Konfransın əsas məqsədi strateji dialoq və bilik mübadiləsi üçün beynəlxalq platformanın inkişaf etdirilməsi, tərəfdaşlıqların gücləndirilməsi, həmçinin getdikcə daha çox rəqabət və qarşıdurma mühitinə çevrilən rəqəmsal məkanda diplomatiyanın sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimadın təmin edilməsinə necə töhfə verə biləcəyinə dair ortaq baxışın formalaşdırılmasıdır.

Konfransda xarici qonaqlar və mütəxəssislərlə yanaşı Milli Məclisin deputatları, müvafiq nazirliklərin nümayəndələri və digər dövlət qurumlarının təmsilçiləri iştirak ediiblər.

Çıxışçılar qeyd ediblər ki, sürətlə inkişaf edən süni intellekt alətləri bir tərəfdən kiberhücumların miqyasını və mürəkkəbliyini artırsa da, digər tərəfdən qabaqlayıcı müdafiə mexanizmlərinin qurulması üçün yeni imkanlar açır.

Konfrans iştirakçıları kiberməkanda beynəlxalq hüquq normalarının tətbiqi mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini önə çəkiblər.

Yekunda qonaqlar beynəlxalq konfransın bu kimi müzakirələr üçün əhəmiyyətli platforma olduğunu vurğulayıblar.

Onu da qeyd edək ki, sözügedən beynəlxalq konfransda “Kanal32” bölgəni təmsil edən yeganə media qurumu olub. 

Bünyad Şirinli