Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsinin açılış tədbiri baş tutub.
Tədbir zamanı layihənin əsas məqsədləri, fəaliyyət istiqamətləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” məktəblilərə beynəlxalq münasibətlər mövzusunda müzakirə və debat imkanları yaradaraq onların diplomatiya, liderlik, analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına töhfə verəcək. Layihə eyni zamanda Azərbaycan gənclərinin qlobal akademik mühitə inteqrasiyasını gücləndirməyi hədəfləyir.

Layihə 64 nömrəli tam orta məktəbin direktoru, layihə rəhbəri Səidə Rəhimova tərəfindən həyata keçirilir. “Bakı MUN 2025” çərçivəsində iştirakçılar BMT modelləri əsasında müxtəlif ölkələri təmsil edəcək, qlobal problemlər ətrafında fikir mübadiləsi aparacaq və beynəlxalq platformalara uyğun debat mədəniyyəti formalaşdıracaqlar.
Layihənin gənclərin dünyagörüşünün genişlənməsinə, ictimai çıxış və komanda işi bacarıqlarının inkişafına, eləcə də gələcək diplomat və liderlərin yetişməsinə mühüm töhfə verəcəyi qeyd olunub.

