“AZADLIĞINI TAPMIŞ AZAD AZƏRBAYCAN!…”

Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü ildən bizi otuz bir il vaxt ayırır. Siyasi kataklizmlərlə zəngin olan bu dövrün son dərəcə gərgin tarixi şəraitini təhlil edərkən, hadisələrin mərkəzində olan Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin yeni çalarları meydana çıxır. Siyasət nəhəngi Heydər Əliyevin ən təlatümlü proseslərdə belə öz təmkinini pozmadan müdriklik və qətiyyət göstərməsi millətimizin ona qarşı heyranlıq duyğusunu daha da artırır.

Sovet dönəmində Heydər Əliyevin müstəqillik düşüncələri

Heydər Əliyevin sovetlər dönəmində siyasi fəaliyyətinin müxtəlif mərhələlərində milli azadlıq çalarlarını daim aydın görmək olar. Məsələn, 1981-ci ildə görkəmli yazıçımız İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesinin premyerası zamanı olan fakta nəzər salaq. Həmin hadisənin canlı şahidi pyesə quruluş vermiş Xalq artisti, rejissor Mərahim Fərzəlibəyovun xatirələrinə diqqət yetirək. Pyesin premyerasına Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin gəlməsi, əlbəttə ki, hər kəsin məsuliyyətini daha da artırırdı. Tamaşa uğurla oynanıldı. Xurşidbanu Natəvan (mərhum aktrisa Amaliya Pənahova) son monoloqunu dedi: “Daha mənə xidmətçi lazım deyil, Bəyim. Gedin ləyaqətlə yaşayın. Gedin kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha Xan qızı Natəvanın kəndi, torpağı yoxdur! Deyin ki, mən Xurşidbanu Natəvan bu əzablı yolları onlarla birlikdə gedəcəm. Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir!”

 

M.Fərzəlibəyov xatırlayır: “Təsəvvür edin, bu sözləri sovet hökumətinin ən güclü vaxtı müttəfiq respublika olan subyektlərindən birində bu formada deməyin hansı nəticələri verəcəyini hesablamaq çox da çətin məsələ deyildi. Bu monoloqdan sonra bütün salona bir neçə saniyəlik sükut çökdü, hamının gözləri birinci katib Heydər Əliyevə zilləndi. Onun reaksiyası necə olacaq? Yazıçını bundan sonra nə gözləyir? Bu ritorik sualların yaratdığı həyəcan hər kəsin vücuduna sirayət etmişdi ki, sükut pozuldu. Heydər Əliyev əl çalması ilə bütün həyəcana son qoydu. Bütün salon ayağa qalxaraq alqışladı. Sonra isə pərdə arxasında Heydər Əliyev əsərin müəllifi İlyas Əfəndiyevə üzünü tutaraq dedi: “Əhsən, Natəvana qarşı yaranmış şübhələri aradan qaldırdın. Son monoloqun isə çox gözəl idi”.

1977-ci ilin 28 mayında Bakıda keçirilmiş beynəlxalq konfransda 70 ölkənin nümayəndəsi iştirak etmişdi. Bu tədbirin beynəlxalq birlik üçün çox böyük əhəmiyyəti var idi. Konfransda “Böyük Oktyabr Sosialist İnqilabı və Asiya, Afrika və Latın Amerikası ölkələrinin milli azadlıq hərəkatı” adlı məruzə ilə Heydər Əliyev çıxış etmişdir. Heydər Əliyev adıçəkilən xalqların azadlıq mübarizəsi fonunda milli azadlıq hərəkatı ilə bağlı yeni elmi-nəzəri fikirlər irəli sürməsi də maraq doğurur. Konfransın tarixinin məhz 28 may gününə təsadüf etməsi də diqqətəlayiq hadisələrdəndir. Nəriman Nərimanovun 100 illiyi 1970-ci ildə tamam oldu, yubileyi isə 1972-ci ildə keçirildi. Bilirsiniz niyə? Çünki bu yubileyi keçirmək üçün iki il mübarizə aparmaq lazım idi. N.Nərimanova “millətçi” damğası vurulmuşdu. Bu “ləkə”ni aradan götürmək üçün Heydər Əliyev fədakarlıqla məşğul olmuşdu. Bu haqda Ulu Öndər belə deyirdi: “Heç kəsə demədiyimi indi sizə açıram. Qoy xalqım bilsin. Mənim sinəmdə çox sirlər var. Bəzilərini indi açıram. İki dəfə Suslovun, Brejnevin yanına getdim, ancaq onlara Nərimanov barədə başqa informasiya vermişdilər. Əjdər İbrahimov İsa Hüseynovla birlikdə “Mosfilimdə” Nəriman Nərimanova həsr edilmiş dəyərli film çəkmişdi. Bizdən qabaq həmin filmə Moskvada baxmışdılar və ermənilərin təsiri altında olan MK-nın bəzi məsul işçiləri həmin filmi qadağan etmişdilər… Nə yubiley keçirməyə, nə də abidəni qoymağa imkan verirdilər. Çalışdım, mübarizə apardım, neçə adamı inandırdım və axır ki, istəyimə nail oldum. MK-da Nəriman Nərimanovun 100 illik yubileyinin keçirilməsinə dair qərara nail oldum”.

Heydər Əliyev Azərbaycanın yetişdirdiyi hər bir ləyaqətli vətən övladına sahib çıxmağı bacarırdı. Həmin şəxsin sovetlər dönəmində yaşaması onun dəyərini heç də azaltmırdı. Bəli, bu, Heydər Əliyevin fərqli və müdrik yanaşması idi. O, Azərbaycan SSR-in Dövlət Himnində diyar sözünü çıxarıb respublika sözünü əlavə etdirmişdi ki, “biz diyar deyilik, respublikayıq”. Yeni Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olmuşdu. O, Azərbaycanı müstəqil görmək arzusunda idi. Bunu isə Uca Tanrı ona bir müddət sonra nəsib etdi.

Qayıdaq Azərbaycan tarixinin ən kəskin ziddiyətlərlə dolu 1993-cü ilin iyun hadisələrinə və bu kontekstdə Heydər Əliyevin Bakıya dəvət edilməsi məsələsinə.

Qarabağ müharibəsinin şiddətlə davam etdiyi vaxtda Bakıda kreslo davası gedirdi. Azərbaycan torpaqları işğal edilir, regionlarda etnik separatçılıq dalğası genişlənirdi. Azərbaycanda yaşayan azsaylı qrupları separatizmə təhrik edərək, dövləti parçalamağa çalışanların məkrli təşəbbüsləri isə qarşısıalınmaz vəziyyətə gəlmişdi. Müharibəyə səfərbər olmaq əvəzinə Gəncədə hərbi qarşıdurma törədildi və bu zaman vətəndaşlarımız həlak oldular. Vətəndaş müharibəsi təhlükəsi ciddi olaraq Azərbaycanı təhdid edirdi. AXC-Müsavat iqtidarının təmsilçiləri, başda Əbülfəz Elçibəy, İsa Qəmbər və digər şəxslər yaranmış vəziyyətdən çıxış yolunu yalnız və yalnız Heydər Əliyevin Bakıya dəvət edilməsində və onun bu çıxılmaz durumdan xalqı xilas etməsində görürdülər. Çünki xalqı məhz Heydər Əliyevə olan inam xilas edə bilərdi. Xalqın yekdil rəyi bundan ibarət idi. Lakin bu dövrə qədər bütün rəhbərlər – Ə.Vəzirov, A.Mütəllibov, Y.Məmmədov, Ə.Elçibəy Heydər Əliyev faktoruna qısqanclıqla yanaşır, ona qarşı böyük maneələr, təhdidlər yaradırdılar. Hətta Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin öz vəzifəsinə görə Azərbaycan Ali Sovetinin sədrinin müavini sayılmasına dair müddəa belə qanunvericilikdən çıxarılmış, Prezident seçkisi üçün yuxarı yaş senzi müəyyən edilmişdi.

Heydər Əliyev bu şəraitdə belə Naxçıvanda Azərbaycanın tarixi üçrəngli bayrağını dövlət rəmzi kimi qəbul edərək, Azərbaycan Ali Sovetinə də bu addımı atmaqla bağlı rəsmi müraciət etmişdi. Lakin artıq Naxçıvanda qalmaqla yaranmış vəziyyəti düzəltmək mümkün deyildi. Heydər Əliyev həmin vaxtadək bir neçə dəfə Azərbaycan Ali Sovetində çıxış etmişdi. Hər dəfə də ona qarşı hörmətsizlik olunmuşdu. Lakin Heydər Əliyev xırda hisslərlə yaşamadığı üçün bunları unutmuşdu. Xalqın üzləşdiyi amansız tale onu bu yükü çiyinlərinə götürməyə səsləyirdi. Həmin həyəcanlı dövrdə Heydər Əliyevin arxasınca xüsusi təyyarə göndərən hökumət üzvləri sonradan “milli hökumət qiyam yolu ilə devrildi” fikrini söyləməklə cılız siyasi təfəkkürə malik olduqlarını nümayiş etdirdilər.

Hətta Heydər Əliyev dəfələrlə Bakıya gəlməkdən imtina etsə də, hakimiyyətin təkidli xahişi, xalqın isə tələbi ilə Bakıya qayıtdı. Müdrik siyasi xadim heç bir halda yaranmış siyasi təlatümlərdə emosional davranış sərgiləmədi. O, bir an belə müdrik davranışından imtina etmədi – böyük düşündü, böyük addımlar atdı. Nəhayət, tarixi qərar qəbul edildi. Azərbaycan Ali Soveti Heydər Əliyevi sədr seçdi.

Heydər Əliyev Ali Sovetdə tarixi çıxışını etdi. O, 1993-cü il iyunun 15-də dövlətçiliyimizin gələcəyini təmin edən konseptual tezislər irəli sürürdü. Bu çıxış onun həmin auditoriyada olan əvvəlki çıxışlarının məntiqi davamı idi. Hələ 7 mart 1991-ci ildə Heydər Əliyevin Ali Sovetdəki çıxışında milli birlik və həmrəyliklə bağlı fikirlərinə diqqət edək. O deyirdi: “Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm”.

Heydər Əliyev bütün çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını əsas vəzifə hesab etdiyini vurğulayırdı. Ulu Öndər vəziyyətin gərgin, emosional olmasına baxmayaraq, 15 iyun 1993-cü ildə Milli Məclisdəki çıxışında da soyuqqanlı və müdrikcəsinə ən mühüm zəruri məsələlərə toxunmağı vacib hesab edirdi. Heydər Əliyev tarixi məsuliyyət məsələsinə toxunaraq bildirirdi: “Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”.

Müstəqilliyimiz tarixi varislik kontekstində

Heydər Əliyevin tarixi varislik və dövlət müstəqilliyi ilə bağlı bu fikirləri müdriklik və cəsarət nümunəsidir: “Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm. Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır”.

Göründüyü kimi, Heydər Əliyev dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunmasını Azərbaycanın əsas strateji hədəfi kimi göstərirdi. Heydər Əliyevin başqa bir fikrinə diqqət yetirək: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam”.

Heydər Əliyev bu tarixi çıxışında da əvvəlki nitqlərindəki konsepsiyaya sadiq qalaraq Azərbaycanın dövlət müstəqilliyini xalqımız üçün bir nömrəli məsələ hesab edirdi. Siyasi plüralizm, qanunun aliliyi, demokratik dəyərlərə hörmət, insan haqlarının təmin olunmasının önəmini vurğulayırdı.

Xarici siyasət prioritetlərinin əsas istiqamətləri

İyun hadisələrinin gərginliyi fonunda Heydər Əliyevin ali kürsüdən çıxış edərək Azərbaycanın yaxın və uzaq tarixi üçün çox mühüm istiqamətləri müəyyən etməsinə heyrət etməyə bilmirsən. Xarici siyasət kursunu müəyyən edərkən Heydər Əliyev müstəqillik kursunun qorunmasını çox vacib sayaraq vurğulayırdı: “Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq görüləsi işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətlə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır”.

Türkiyə ilə münasibətlərə böyük önəm verən Heydər Əliyev bildirirdi ki, Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Ulu Öndər deyirdi: “Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə – Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüzilliklərlə çox yaxın olub”.

Göründüyü kimi, Heydər Əliyev türkdilli xalqlarla münasibətlərə xüsusi önəm verirdi. Bu isə onun gələcəkdə Türk Dövlətləri Birliyinin qurulması ilə bağlı fəaliyyətinin təsadüfi olmadığını sübut edir.

Artıq bu gün əsrlər boyu türk xalqlarının arzusuna çevrilmiş Turan ideyasının gerçəkləşməsinin – 300 milyonluq türk xalqlarının birləşməsinin şahidi oluruq. Bu siyasətin formalaşdırılması Heydər Əliyev kimi nəhəng şəxs tərəfindən başlanmışdısa, hazırda Türk Dünyasının iki nəhəng siması R.T.Ərdoğan və İlham Əliyev tərəfindən ən yüksək zirvəyə çatdırılıb.

Heydər Əliyev xarici siyasət prioritetlərini müəyyən edərək bildirirdi: “Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir. Azərbaycan Respublikası artıq ümumi dünya miqyasına çıxıbdır. Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir”.

Heydər Əliyevin 31 il bundan qabaq səsləndirdiyi geostrateji siyasət artıq İlham Əliyevin strategiyasında gerçəkləşir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı dövlətə çevrilir.

Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə məktub ünvanlayan ABŞ Prezidenti C.Bayden cənab İlham Əliyevə müraciətində deyir: “Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından Trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan “Cənub qaz dəhlizi” vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır… Regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir. Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır. Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq”. Bəli, bu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və uğurlu siyasi varis İlham Əliyev tərəfindən həyata keçirilmiş gerçəkliklərdir.

Milli həmrəyliyə çağırış

Heydər Əliyev həmin gərgin dövrdə Azərbaycan xalqını birləşdirə biləcək yeganə şəxsiyyət idi. Məhz onun çağırışı ilə milli birlik yarana bilərdi. Heydər Əliyevin siyasi opponentləri belə artıq bunu dərk edirdi.

Heydər Əliyevin həmin anda emosional və təsirli çıxışı Azərbaycan xalqına məlhəm kimi gəldi. Xalqın gözlədiyi müdrik ağsaqqal xalqı birliyə, bütövlüyə çağıraraq deyirdi: “Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən Gəncə əhalisinə müraciət edirəm və onların hamısını müdrikliyə, insani münasibətlərə dəvət edirəm. Bizim respublikamızın indi buna çox böyük ehtiyacı var və bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Güman edirəm ki, Gəncə əhalisi, Gəncənin ətrafındakı rayonlarda yaşayan insanlar mənim bu səsimi eşidəcəklər, buna səs verəcəklər. Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə dəvət edirəm”.

“Mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur”

Uzun müddət Heydər Əliyevə qarşı qarayaxma kampaniyası aparmış şəxslər onun qayıdışından təlaş keçirdilər. Ulu Öndər onlara böyük olmağı öyrədərək demişdi: “Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. İndi bunun vaxtı deyil. Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qisas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur. Bunu, sadəcə olaraq, ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən, sadəcə, bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam-intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla, şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm”.

Bu sözlər gəlişigözəl sözlər deyildi. Heydər Əliyev sonrakı dövrlərdə heç vaxt bu hisslərə qapılmadı. Vaxtilə Ali Sovetin iclasında özündən müştəbehlik edən professor Mirabbas Qasımovu BDU-nun kafedra müdiri seçkilərindən uzaqlaşdırmaq istəyərkən dediyi fikirlər hər kəsi şoka salmışdı. O demişdi ki, riyazi analizi pis bilmir, qoyun qalıb işləsin, bəlkə faydalı olar. Ulu Öndərə qarşı tənqidi çıxışlar edən Xalq yazıçısı Bayram Bayramova qarşı da belə alicənab davranaraq, onun məhz Fəxri xiyabanda basdırılmasına göstəriş vermişdi.

Şanlı irs davam edir

Müstəqilliyimizi böyük təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir.

Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı: “2020-ci ilin 8 noyabrı tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Azərbaycanın suverenliyi tam bərpa edilib. Qafqazın şəriksiz lideri, dünyada söz sahibi olan cənab İlham Əliyevin və Azərbaycan xalqının iradəsindən kənarda regionda heç bir hadisə baş vermir. Budur, yeni dövrün gerçəklikləri, budur, milli qurtuluşun bizə bəxş etdiyi əzəmət və məğrurluq.

Prezident İlham Əliyev dövlət başçısı kimi xalqın etimadını doğruldur, varislik missiyasını ləyaqətlə davam etdirir.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri