“Azərişıq” yüzlərlə sahibkara “göz verib-işıq vermir”

“Azərişıq” ASC Xətai Ticarət Mərkəzində (AMAY) yerləşən ofsilərə və mağazalara qənim kəsilib. Belə ki, tez-tez sözügedən obyektə elektrik enerjsinin verilməsi dayandırılır, bəzən bir neçə gün bərpa olunmur. Nəticədə “AzPolitika.info” ilə yanaşı yüzlərlə ofis, mağaza və digər sahibkarlıq obyektlərinin iş rejimi pozulur.

Ticarət Mərkəzindən sahibkarlara verilən məlumata görə, hər ayın 15-i “Azərişıq” ASC-dən onlara ödəniş qəbzi təqdim olunur və ayın sonuna qədər borcun ödənilməsi tələb olunur. Amma çox vaxt da ASC rəhbərliyinin ayın sonunu gözləməyə səbri çatmır, ayın 25-dən sonra, müddətin bitməsinə bir neçə gün qalmış binaya verilən elektrik enerjisini xəbərdarlıqsız dayandırır. Bu zaman isə işıq pulunu vaxtında ödəyən-ödəməyən, bütün sahibkarların işini pozur. Bu da ciddi qanun pozuntusu və özbaşınalıqdır ki, bu gün növbəti dəfə təkrarlandı. Təxminən saat 12:00 radələrində yüzlərlə sahibkarın, o cümlədən “AzPolitika.info”nun işığı heç bir xəbərdarlıq edilmədən kəsildi.

Hüquqşünas Əsabəli Mustafayev də bildirir ki, “Azərişıq” ASC-nin borca görə elektrik enerjsini kəsməsi qanun pozuntusudur: “Azərışıq”ın nəzarətçiləri istehlak olunmuş enerjinin miqdarını və məbləğini vahid sistemə birləşdirilmiş kiçik kompüter ilə müəyyən edirlər. Onun vasitəsi ilə verilən qəbzdə abonentə bildiriş verilir. Onlar isə borclarını müəyyən edilən tarix çərçivəsində ödəməlidirlər. Qanunvericiliyə görə, 30 gün tamam olduqdan sonra da vətəndaşa rəsmi olaraq bildiriş verilməli və borcuna görə hansı tarixdən elektrik enerjisinin verilməsinin dayandırılacağı qeyd olunmalıdır. Həmçinin işığa hər hansı qanunsuz müdaxilə olunarsa, bu halda bildiriş olmadan abonentin işığı kəsilə bilər”.

Göründüyü kimi, “Azərişıq” açıq şəkildə qanunsuzluq edir və beləliklə də yüzlərlə sahibkara ziyan vurur.

P.S. “Azərişıq” ASC-nin qanunsuz və özbaşına əməlləri yuxarıda göstərilənlərlə bitmir. Vüqar Əhmədovun doğma şəhəri olan Mingəçevirdə də bir qrup sahibkarı sözün əsl mənasında boğaza yığblar.

“AzPolitika.info”