Mayın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin 132-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər, iki ölkə arasında siyasi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İki ölkə arasında yüksək səviyyəli münasibətlərin və siyasi dialoqun mövcudluğu vurğulanıb. İqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün potensialın olduğu qeyd edilib.
Tərəflər, bu il iyunun 1-3-də Bakıda keçiriləcək Enerji Forumunun əhəmiyyətini, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu xüsusi qeyd ediblər.
Görüş çərçivəsində tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.