Azərbaycanın Yeni İnkişaf Konsepsiyasi və Dövlət İdarəçilik Sahəsində Yeni Paradiqmalar
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, köklü dəyişikliklərə başlanılır. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi mühüm islahatlar bu dövrdən başlayaq dövlət idarəçiliyi sistemində innovativ inkişaın formalaşmasına öz təsirini göstərmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin nəticələri artıq əhalinin rifahının yaxşılaşdırılmasında, iqtisadi inkişafda özünü göstərmişdir. Ölkələr səmərəliliyi, şəffaflığı və vətəndaşların iştirakını artırmağa çalışdıqca, idarəetmədə innovativ yanaşmalar əsas əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanın dövlət idarəçiliyi sistemi diqqətəlayiq nümunə kimi dayanır, inkişafa və tərəqqiyə təkan vermək üçün yerli innovasiyaları qabaqcıl beynəlxalq təcrübələrlə birləşdirir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir.
Azərbaycanda iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli 1862 nömrəli Sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmışdır. Konsepsiya demokratik prinsiplər gözlənilməklə açıq müzakirəyə verilmiş və yekun sənəd maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmaqla ərsəyə gətirilmişdir.“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcəkdir.
Müasir dövrdə dövlət idarəçiliyi elminin qarşısında duran ən mühüm vəzifələrdən biri idarəetmə sistemlərinin dəyişən ictimai, iqtisadi və texnoloji reallıqlara uyğunlaşdırılmasıdır. Qlobal transformasiyalar, informasiya cəmiyyətinin formalaşması və idarəçilikdə rəqəmsal texnologiyaların artan rolu dövlətin ənənəvi funksiyalarını yenidən düşünməyi zəruri etmişdir. Bu şəraitdə idarəetmənin mahiyyəti inzibati qərarların icrasından çox, sosial əlaqələrin, iqtisadi proseslərin və ictimai iştirakın koordinasiyasına yönəlməyə başlamışdır.
Dövlət idarəçiliyi sistemi artıq sadəcə təşkilati mexanizmlər toplusu deyil, həm də ictimai etimad, şəffaflıq və əməkdaşlıq prinsipləri əsasında formalaşan dinamik bir idarəetmə modelidir. Bu kontekstdə son onilliklərdə elmi ədəbiyyatda “Yeni Dövlət İdarəçiliyi” (New Public Management), “Yaxşı İdarəçilik” (Good Governance), “Açıq Hökumət” (Open Government) və “Rəqəmsal Dövlət İdarəçiliyi” (Digital Governance) kimi anlayışların meydana çıxması təsadüfi deyil. Hər biri idarəetmədə effektivliyin artırılması, nəticəyönümlülüyün təmin edilməsi və vətəndaş yönümlü idarəçilik fəlsəfəsinin formalaşdırılmasına xidmət edir.
Bu paradiqmaların mahiyyətində dövlətin idarəçilik fəlsəfəsinin köklü şəkildə dəyişməsi dayanır. Əgər klassik bürokratik idarəetmə modeli səlahiyyətlərin iyerarxik bölgüsü, formal qaydalar və prosedural stabillik üzərində qurulmuşdursa , yeni idarəetmə modelləri daha çevik, şəffaf və nəticə əsaslı fəaliyyət prinsiplərinə əsaslanır . Burada idarəetmənin uğuru onun nə qədər çox qərar qəbul etməsi ilə deyil, qərarların nə dərəcədə ictimai fayda yaratması ilə ölçülür.
Bu mənada müasir dövlət idarəçiliyi konsepsiyası dövlətin yalnız inzibati səlahiyyətlərini deyil, həm də sosial legitimliyini təmin etməyə yönəlmişdir. Dövlət idarəçiliyinin legitimliyi isə vətəndaşın ona olan inamı, iştirakçılıq səviyyəsi və dövlət qərarlarının ictimai faydalılığı ilə müəyyən olunur. Buna görə də idarəetmənin müasir mərhələsində “idarə edən dövlət” anlayışından çox, “əməkdaşlıq yaradan dövlət” konsepsiyası aktuallaşır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun yaradılması mərhələsi başlandı. İslahatların həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin rolu çox böyükdür. “Hüquq islahatları komissiyasının yaradılması haqqında” sərəncam (1996-cı il) və “Dövlət idarəetmə sistemində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Fərman (1998-ci il) prosesdə mühüm amil oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar səmərəli nəticələrini verməkdədir. Azərbaycan Respublikasında tətbiq edilən innovativ dövlət idarəçiliyi texnologiyalarının, uğurla həyata keçirilən insan inkişafı siyasətinin, ardıcıl və məqsədyönlü islahatların, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılması və səfərbər edilməsinin məntiqi nəticəsidir. Bütün bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni səviyyəyə qaldırılmışdır.
Bu siyasətin həyata keçirilməsi nəticəsində ölkədə iqtisadi inkişafa nail olunmuş, sosial sahənin məqsədyönlü inkişafı təmin edilmiş, hərbi quruculuq istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Vətən Müharibəsində qələbə və ölkənin ərazi bütövlüyünün bərpası, qlobal miqyasda çevik və uğurlu diplomatik fəaliyyəti, dünyanın aparıcı televiziya kanallarına, qəzet və jurnallarına müsahibələr verməsi böyük əhəmiyyət kəsb edirdi. Bu fəaliyyətin əsası Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövründə qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük peşəkarlıqla həyata keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur və Vitse-prezident vəzifələrinin təsis edilməsi dövlət idarəçiliyi mexanizminin optimal funksionallığını təmin etməkdədr. Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycan Respublikasında çağdaş dövlət idarəçiliyi simasının yeni bir əlamətidir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini əzmlə davam etdirir. Elmə əsaslanan innovativ dövlət idarəçiliyində dünyada ilk dəfə tətbiq olunan və təcrübədən uğurla çıxan yeni texnologiyalar Azərbaycan Respublikasında müasir inkişaf göstəricilərinə görə ölkəni dünya liderləri sırasına çıxarmışdır. Bu fakt Davos Ümumdünya İqtisadi Forumunun yaradıcısı və əvəzolunmaz prezidenti professor Klaus Şvabın dünya ölkələrinin inkişafının müqayisəli təhlilinə həsr olunmuş məruzəsində öz təsdiqini tapmışdır. Hesabatda Azərbaycan Respublikası davamlı inklüziv inkişaf naminə uğurla fəaliyyət göstərən və bu prosesdə dünyada resursları ən səmərəli şəkildə idarə edən ölkə kimi təqdim edilmişdir.
Azərbaycan Respublikasında son illərdə aparılan islahatlar da bu qlobal transformasiyanın tərkib hissəsidir. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədində dövlət idarəçiliyinin modernləşdirilməsi strateji məqsəd kimi müəyyən edilmiş, idarəçilik sisteminin səmərəliliyinin artırılması, rəqəmsal transformasiya və şəffaf idarəetmənin genişləndirilməsi əsas istiqamətlər kimi göstərilmişdir. Bu sənəd dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsinin başlanğıcını ifadə edir.
Hazırda Azərbaycan dövlət idarəçiliyi sistemində müşahidə olunan modernləşmə prosesi təkcə struktur islahatları ilə məhdudlaşmır. O, eyni zamanda dövlətin idarəçilik fəlsəfəsinin dəyişməsini, vətəndaş yönümlü xidmət mədəniyyətinin formalaşmasını və qərarvermədə şəffaflığın artmasını əhatə edir. Bu baxımdan idarəetmənin modernləşdirilməsi prosesi həm nəzəri, həm də praktik səviyyədə çoxşaxəli tədqiqat obyektidir.
Son illərdə Azərbaycanda dövlət idarəçiliyinin modernləşdirilməsi, xüsusilə innovasiya və rəqəmsallaşmanın tətbiqi ilə bağlı mətnlərdə bunun idarəetmənin effektivliyini və dövlət-vətəndaş münasibətlərinin keyfiyyətini yüksəltdiyi vurğulanmışdır. Dövlət idarəçiliyində innovativ yanaşmaların, ictimai iştirakın və rəqəmsal idarəetmə modellərinin sistemli şəkildə tətbiqi idarəçiliyin effektivliyini, şəffaflığını və legitimliyini artırır.Dövlət idarəçiliyində yeni paradiqmaların formalaşması və Azərbaycanın inkişaf konsepsiyası kontekstində bu paradiqmaların tətbiqi həm elmi, həm də praktiki baxımdan böyük aktuallığa malikdir. Qloballaşma, texnoloji yenilənmə və ictimai gözləntilərin artdığı müasir mərhələdə dövlətin idarəçilik qabiliyyəti artıq onun resurs potensialı ilə deyil, idarəetmə mədəniyyətinin çevikliyi və sosial etimadla ölçülür. Dövlət idarəçiliyinin müasir elmi konsepsiyalarını milli idarəetmə praktikasına inteqrasiya edərək, Azərbaycanın idarəçilik sisteminin modernləşdirilməsi istiqamətində nəzəri-praktik çərçivə yaradır. Bu çərçivə həm elmi diskursun inkişafına, həm də dövlət islahatlarının dərinləşdirilməsinə xidmət edir. Dövlət idarəçiliyi elmi mahiyyətinə görə çoxdisiplinar bir sahədir. O, siyasət elmi, sosiologiya, iqtisadiyyat və idarəetmə nəzəriyyəsinin qovşağında formalaşaraq cəmiyyətin sosial-siyasi strukturunun idarə olunmasının ümumi prinsiplərini müəyyən edir. Buna görə də mövzu üzrə aparılan tədqiqatın metodoloji çərçivəsi geniş elmi əsaslara söykənir və müxtəlif elmi məktəblərin yanaşmalarının sintezini əks etdirir. Sistemli yanaşma, institusional analiz, müqayisəli metod və retroduktiv təhlil təşkil edir. Sistemli yanaşma dövlət idarəçiliyini vahid sosial orqanizm kimi nəzərdən keçirməyə, onun alt-sistemləri arasındakı əlaqələri və qarşılıqlı təsir mexanizmlərini üzə çıxarmağa imkan verir. Bu yanaşma dövlət idarəçiliyini yalnız inzibati aparat kimi deyil, həm də sosial münasibətlərin, normativ çərçivələrin və kommunikativ proseslərin kompleks sistemi kimi dəyərləndirir.
İnstitusional analiz isə idarəetmənin hüquqi və normativ əsaslarını öyrənməyə yönəlib. Bu metod dövlət idarəçiliyində sabitlik və dəyişkənlik arasında tarazlığı, həmçinin formal və qeyri-formal institutların qarşılıqlı təsirini müəyyən etməyə kömək edir. Qərb elmi ədəbiyyatında bu istiqamətin əsas nümayəndələri Douglass North və March & Olsen kimi tədqiqatçılardır; onların fikrincə, dövlət institutlarının səmərəliliyi onların hüquqi mexanizmlərindən çox, sosial dəyərlər və idarəçilik mədəniyyəti ilə müəyyən olunur.Müqayisəli metod dövlət idarəçiliyi modellərinin müxtəlif ölkələr üzrə təhlilinə, yeni paradiqmaların tətbiqi zamanı yaranan oxşarlıq və fərqlərin müəyyən edilməsinə əsaslanır. Bu yanaşma idarəetmə təcrübələrinin təcrid olunmuş şəkildə deyil, beynəlxalq kontekstdə öyrənilməsinə şərait yaradır. Məsələn, Estoniya, Sinqapur və Yeni Zelandiya kimi ölkələrin idarəçilik modellərinin müqayisəsi Azərbaycan üçün uyğun adaptasiya istiqamətlərini müəyyənləşdirməyə imkan verir .Retroduktiv təhlil metodunun tətbiqi isə idarəetmədə səbəb-nəticə əlaqələrinin daha dərin səviyyədə izahını təmin edir. Bu yanaşma yalnız hadisələri deyil, həm də onların arxasındakı struktur səbəbləri müəyyən etməyə yönəlir. Məsələn, idarəetmədə səmərəliliyin azalması bəzən tənzimləyici mexanizmlərin yox, sosial dəyərlərin zəifləməsi ilə əlaqədar ola bilər. Belə hallarda retroduktiv təhlil idarəçilik prosesinin mədəni və davranış aspektlərini nəzərə alır.
Bu tədqiqatda həmçinin normativ-analitik yanaşmadan istifadə olunur. Bu metod dövlət idarəçiliyində islahatların səmərəliliyini qiymətləndirmək və onların milli inkişaf konsepsiyası ilə uyğunluğunu müəyyənləşdirmək məqsədini daşıyır. Normativ analiz çərçivəsində idarəetmə prosesinə tətbiq edilən meyarlar — səmərəlilik, şəffaflıq, hesabatlılıq və legitimlik kimi göstəricilər — beynəlxalq standartlarla müqayisəli şəkildə təhlil edilir.
Klassik nəzəriyyə çərçivəsində Weberin rasional-bürokratik modeli idarəetmənin struktur əsaslarını müəyyənləşdirir, Fayol və Taylor kimi tədqiqatçıların elmi idarəetmə prinsipləri isə funksional səmərəliliyin artırılmasına yönəlir. Müasir mərhələdə isə Christopher Hood-un “Yeni Dövlət İdarəçiliyi”, Osborne və Plastrik-in “Yenidən kəşf olunan dövlət” yanaşmaları, habelə Jürgen Habermas-ın kommunikativ fəaliyyət nəzəriyyəsi idarəetmənin sosial-mədəni və etik aspektlərini izah edir .
Azərbaycan kontekstində dövlət idarəçiliyinin elmi-nəzəri əsasları milli siyasi təcrübə və hüquqi çərçivələrlə sıx bağlıdır. Dövlət idarəçiliyinin inkişafı ilə bağlı qəbul edilmiş rəsmi sənədlər — “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri”, “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi haqqında” Fərman və digər normativ aktlar — milli idarəetmə modelinin metodoloji istiqamətini müəyyənləşdirir. Bu sənədlər idarəetmədə şəffaflıq, nəticəyönümlülük və rəqəmsallaşma kimi prinsiplərin tətbiqinə elmi-siyasi əsas yaradır.
Beləliklə, tədqiqatın metodoloji çərçivəsi çoxsəviyyəli və inteqrativ xarakter daşıyır. Bu çərçivə dövlət idarəçiliyinin təkcə struktur mexanizmlərini deyil, həm də onun sosial, mədəni və davranış aspektlərini araşdırmağa imkan verir. Elmi nəticələrin obyektivliyini təmin etmək üçün tədqiqatda həm nəzəri modellərin təhlilinə, həm də Azərbaycan təcrübəsinin praktiki müşahidəsinə əsaslanan yanaşma tətbiq olunur. Bu metodoloji baza sayəsində məqalənin növbəti bölmələrində dövlət idarəçiliyində yeni paradiqmaların elmi əsaslarının, onların milli idarəetmə sistemində tətbiq imkanlarının və modernləşmə prosesinin nəzəri-praktik konturlarının dərin təhlili aparılacaq.
Dövlət idarəçiliyi sahəsində paradiqma dəyişikliyi XX əsrin sonlarından etibarən dünya elmi diskursunun əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu dəyişiklik təkcə idarəetmə üsullarının deyil, həm də dövlətin sosial mahiyyətinin yenidən nəzərdən keçirilməsini zəruri etmişdir. Əgər klassik idarəetmə modellərində dövlətin əsas vəzifəsi sosial sabitliyi qorumaq və inzibati tənzimləməni təmin etmək idisə, müasir mərhələdə bu yanaşma ictimai iştirak, innovasiya və şəffaflıq kimi yeni dəyərlərlə əvəzlənmişdir.
Klassik dövrdə dövlət idarəçiliyi əsasən Max Weber-in irəli sürdüyü rasional-bürokratik model üzərində qurulmuşdur. Weberin konsepsiyası dövlət aparatını hüquqi-normativ çərçivələr əsasında fəaliyyət göstərən rasional sistem kimi təqdim edir; bu modeldə idarəetmə səlahiyyət bölgüsü, iyerarxik struktur və normativ məsuliyyət üzərində qurulur . Həmin dövr üçün bu yanaşma dövlətin sabitliyini və rasionallığını təmin etmiş olsa da, müasir dövrdə bu modelin çevikliyi və innovativ potensialı məhdudlaşmışdır. Bürokrasiyanın qərarvermədə ləngliyi, sosial dəyişikliklərə uyğunlaşma qabiliyyətinin zəifliyi və ictimai iştirakçılığın məhdudluğu idarəetmənin səmərəliliyinə mənfi təsir göstərməyə başlamışdır.
XX əsrin son rübündən etibarən Qərb ölkələrində dövlət idarəçiliyinə yanaşmada yeni tendensiyalar meydana çıxmağa başladı. Bu mərhələdə formalaşan Yeni Dövlət İdarəçiliyi (New Public Management – NPM) konsepsiyası idarəetmənin əsas məqsədini səmərəlilik və nəticə yönümlülükdə görürdü. Christopher Hood-un fikrincə, bu model idarəetməyə özəl sektorun idarəçilik prinsiplərini gətirməklə, dövlət xidmətlərini daha çevik, nəticə əsaslı və məsuliyyət yönümlü hala gətirməyi hədəfləyirdi . Yeni Dövlət İdarəçiliyi yanaşması dövlətin struktur çevikliyini artırmaqla bərabər, qərarvermə mərkəzlərinin səlahiyyətlərini də aşağı səviyyələrə paylayır, beləliklə, idarəetmədə dezentralizasiya və hesabatlılıq prinsiplərini gücləndirirdi .
Lakin NPM modeli tənqiddən də kənarda qalmadı. Onun səmərəlilik və performans göstəricilərinə yönəlmiş olması bəzən sosial ədalət, etik məsuliyyət və vətəndaş iştirakçılığı kimi dəyərlərin arxa plana keçməsinə səbəb olurdu. Bu səbəbdən 1990-cı illərin ortalarından etibarən dövlət idarəçiliyi sahəsində yeni bir nəzəri istiqamət — “Yaxşı İdarəçilik” (Good Governance) modeli meydana çıxdı. Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankı tərəfindən formalaşdırılan bu konsepsiya dövlətin səmərəli idarə edilməsini yalnız iqtisadi nəticələrlə deyil, həm də demokratik legitimlik və sosial məsuliyyət prinsipləri ilə əlaqələndirirdi . Yaxşı İdarəçilik modeli idarəetmədə şəffaflıq, hesabatlılıq, qanunun aliliyi və ictimai iştirakçılıq kimi dəyərləri əsas indikatorlara çevirdi.
XXI əsrin başlanğıcında texnologiyanın və qlobal informasiya axınının sürətli inkişafı idarəetmədə tamamilə yeni bir mərhələnin əsasını qoydu. Bu mərhələ “Rəqəmsal idarəçilik” (Digital Governance) və “Açıq Hökumət” (Open Government) konsepsiyalarının yaranması ilə xarakterizə olunur. Bu yanaşmalar dövlətin fəaliyyətini rəqəmsal texnologiyalar və məlumat əsaslı qərarvermə prinsipləri üzərində qurur, idarəetməni həm vətəndaş üçün daha əlçatan, həm də daha şəffaf hala gətirir. Estoniyanın “e-Estonia” platforması, Sinqapurun “Smart Nation” strategiyası, Koreyanın “Digital Government Framework” proqramı bu modelin uğurlu tətbiq nümunələridir.
Bu yeni idarəçilik paradiqmalarının mahiyyətində dövlətin idarəetmə funksiyalarının təkamülü dayanır. Müasir dövlət artıq yalnız qərar qəbul edən mərkəz deyil, ictimai iştirakın, sosial innovasiyanın və etimadın koordinasiyaedici mərkəzi kimi çıxış edir. Yəni idarəetmənin subyekti ilə obyekti arasındakı münasibət “əmr və nəzarət”dən çox, “əməkdaşlıq və qarşılıqlı məsuliyyət” xarakteri daşımağa başlayır. Bu dəyişiklik idarəetmə mədəniyyətinin özündə transformasiyaya gətirib çıxarır və “koordinasiya edən dövlət” modelini önə çəkir.
Yerli təhlillərdə idarəetmənin daha çevik, nəticəyönümlü və vətəndaş-mərkəzli modelə doğru keçidi həm institusional islahatlar, həm də kadr siyasətində aparılan dəyişikliklərlə əlaqələndirilir .
Azərbaycan Respublikasında dövlət idarəçiliyinin modernləşməsi prosesi məhz bu qlobal paradiqma dəyişikliyi ilə səsləşir. 2016-cı ildən etibarən aparılan inzibati və institusional islahatlar, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və idarəetmədə şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlər yeni dövlət idarəçiliyi fəlsəfəsinin formalaşmasına xidmət etmişdir. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədində dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin olunması və idarəetmənin texnoloji əsasda modernləşdirilməsi strateji hədəf kimi müəyyən edilmişdir.
Bu istiqamətdə həyata keçirilən “ASAN Xidmət”, “myGov”, “e-Gov Portal”, “Elektron imza” kimi layihələr dövlət idarəçiliyinin yeni texnoloji mərhələyə keçidini təmin etmişdir. Bu sistemlər vasitəsilə dövlət-vətəndaş münasibətlərində şəffaflıq və səmərəlilik yüksəlmiş, idarəetmənin keyfiyyət göstəriciləri beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Nəticə etibarilə, Azərbaycan təcrübəsində idarəetmənin modernləşdirilməsi prosesi yalnız struktur dəyişiklikləri ilə deyil, həm də idarəetmə fəlsəfəsinin transformasiyası ilə müşayiət olunur.
Yeni idarəçilik paradiqmalarının elmi mahiyyəti həm də idarəetmənin etik və mədəni komponentlərində özünü göstərir. Dövlət qulluqçularının fəaliyyətində etik davranış standartlarının, sosial məsuliyyət prinsiplərinin və ictimai hesabatlılığın gücləndirilməsi müasir idarəetmənin dayanıqlı təməlidir. Etik idarəçilik anlayışı burada yalnız hüquqi tənzimləmə deyil, həm də dövlətin mənəvi legitimliyinin qorunması vasitəsidir .
Nəticə etibarilə, dövlət idarəçiliyində yeni paradiqmaların elmi əsasları idarəetmənin yalnız struktur və hüquqi səviyyəsini deyil, həm də sosial və mədəni məzmununu əhatə edir. Dövlət artıq “inzibati aparat” deyil, ictimai dəyərlərin təminatçısı, vətəndaş etimadının daşıyıcısı və sosial innovasiyanın təşəbbüskarı kimi çıxış edir. Bu baxımdan, müasir idarəetmə nəzəriyyələri dövlətin səmərəliliyini yalnız idarə mexanizmləri ilə deyil, ictimai dəyərlər və etik davranış mədəniyyəti ilə ölçür.
Beləliklə, dövlət idarəçiliyində yeni paradiqmaların formalaşması idarəetmənin mahiyyətcə dəyişdiyini göstərir: dövlətin funksiyası tənzimləyici olmaqdan çıxaraq, əməkdaşlığı, şəffaflığı və vətəndaş etimadını təşkil edən bir sistemə çevrilir. Bu transformasiya müasir dövrün ən mühüm siyasi və elmi hadisələrindən biridir və Azərbaycanın idarəçilik modelinin modernləşməsi bu qlobal dəyişikliklərin milli reallıqlarla harmoniyasını əks etdirir. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin transformasiyası ölkənin ümumi sosial-iqtisadi inkişaf strategiyası ilə sıx şəkildə bağlıdır. Dövlətin modernləşməsi prosesi burada yalnız idarəetmənin texniki və inzibati səviyyəsinin yenilənməsi deyil, həm də idarəçilik fəlsəfəsinin dəyişməsi ilə xarakterizə olunur. Bu baxımdan, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədi dövlətin gələcək inkişaf modelini müəyyən edən əsas strateji çərçivə kimi çıxış edir.
“Azərbaycan 2030” konsepsiyası dövlətin idarəetmə sisteminin effektivliyinin artırılması, vətəndaş məmnunluğuna əsaslanan xidmət modelinin formalaşdırılması və iqtisadiyyatın bilik və innovasiya yönümlü inkişafına nail olunması kimi məqsədləri özündə birləşdirir. Bu sənəddə idarəetmənin əsas hədəfi kimi çevik, şəffaf və məsuliyyətli dövlət modeli müəyyənləşdirilmişdir. Bu isə dövlətin yeni paradiqmalar çərçivəsində fəaliyyət göstərməsini, idarəetmədə innovativ yanaşmaların tətbiqini və vətəndaşların qərarvermə prosesinə daha fəal şəkildə cəlb olunmasını nəzərdə tutur.
Milli strategiyalar və “Azərbaycan 2030” kontekstində aparılan idarəçilik modernləşməsi barədə yerli ekspert analizləri bu konsepsiyanın həm rəqəmsal transformasiyanı, həm də idarəetmədə etik və kadr islahatlarını sintez etdiyini göstərir.
Azərbaycanın yeni inkişaf konsepsiyası, əslində, idarəetmədə strateji planlaşdırma və nəticə yönümlülük prinsiplərinə keçidin göstəricisidir. Strateji idarəetmə mexanizmlərinin tətbiqi dövlət fəaliyyətinin uzunmüddətli məqsədlərlə uzlaşdırılmasını təmin edir. Bu yanaşma idarəetmə prosesinə sistemli baxışı gücləndirir, dövlət siyasətində qısamüddətli reaksiyalardan çox, davamlı təsir yaradan qərarların qəbulunu stimullaşdırır.
Bu konsepsiyanın həyata keçirilməsi nəticəsində dövlət idarəçiliyi sahəsində institusional çeviklik və innovativ adaptasiya qabiliyyəti yüksəlmişdir. Yeni idarəçilik modeli idarəetmənin mərkəzləşmiş nəzarət mexanizmlərindən çox, nəticələrə əsaslanan idarəetmə sisteminə keçidi təmin edir. Bu, eyni zamanda dövlət orqanları arasında koordinasiyanın, məsuliyyət bölgüsünün və səmərəlilik meyarlarının yenidən qurulması deməkdir.
Azərbaycan modeli xüsusilə rəqəmsal transformasiya istiqamətində özünü qlobal trendlərlə səsləşdirir. “Rəqəmsal Azərbaycan” strategiyası idarəetmənin informasiya texnologiyaları ilə inteqrasiyasını təmin etməklə dövlətin vətəndaşla əlaqəsini yeni səviyyəyə yüksəldir. Elektron hökumət platformaları, ASAN xidmət mərkəzləri, “myGov” və “e-Procurement” sistemləri idarəetmədə şəffaflığı, hesabatlılığı və vaxt effektivliyini artırmışdır. Bu mexanizmlər dövlət xidmətlərinin əlçatanlığını təmin etməklə yanaşı, dövlətin sosial legitimliyini gücləndirən mühüm amilə çevrilmişdir.
Eyni zamanda, dövlət idarəçiliyinin modernləşdirilməsində etik davranış və sosial məsuliyyət prinsipləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət qulluqçularının fəaliyyətində etik mədəniyyətin möhkəmləndirilməsi, korrupsiya risklərinin azaldılması və ictimai etimadın qorunması istiqamətində aparılan tədbirlər idarəetmə keyfiyyətinin mühüm tərkib hissəsidir. Etik idarəetmə yanaşması burada yalnız hüquqi tənzimləmə deyil, həm də vətəndaş-dövlət münasibətlərində qarşılıqlı etimadın əsas təminat mexanizmi kimi çıxış edir.
Azərbaycanın idarəetmə sistemində həyata keçirilən islahatlar həm də insan kapitalının inkişafı ilə birbaşa əlaqəlidir. Çünki dövlətin idarəetmə qabiliyyəti yalnız hüquqi və texnoloji sistemlərdən deyil, eyni zamanda, idarəetmə mədəniyyətini formalaşdıran insan amilindən asılıdır. Son illərdə dövlət qulluğuna qəbul mexanizmlərinin şəffaflaşdırılması, karyera idarəçiliyi sisteminin tətbiqi və dövlət qulluqçularının peşəkar inkişafına yönəlmiş tədbirlər idarəetmənin institusional dayanıqlığını təmin edən əsas elementlərdəndir.
Bütün bu istiqamətlər vahid məqsədə — müasir, çevik və vətəndaş yönümlü dövlət idarəçiliyi modelinin formalaşdırılmasına xidmət edir. Bu modeldə dövlət fəaliyyətinin effektivliyi yalnız iqtisadi nəticələrlə deyil, həm də ictimai məmnuniyyət, vətəndaş etimadı və sosial ədalətin səviyyəsi ilə ölçülür. “Azərbaycan 2030” konsepsiyasının idarəetmə aspekti, əslində, dövlətin cəmiyyət qarşısında məsuliyyətinin elmi-institusional əsasda yenidən qurulması deməkdir.
Bu konseptual dəyişiklik eyni zamanda idarəetmədə performans əsaslı qiymətləndirmə mexanizmlərinin tətbiqini də zəruri edir. Dövlət orqanlarının fəaliyyətində nəticə göstəricilərinin müəyyənləşdirilməsi, vətəndaş məmnunluğunun ölçülməsi və hesabatlılıq mexanizmlərinin tətbiqi idarəetmənin keyfiyyətini yüksəldən əsas alətlərdir. Bu sistem dövlət fəaliyyətinə daha çox şəffaflıq və məsuliyyət gətirərək, idarəetmə ilə cəmiyyət arasında qarşılıqlı etimad körpüsü yaradır.
Bütün bu islahatlar göstərir ki, Azərbaycan dövlət idarəçiliyinin modernləşdirilməsi prosesi yalnız idarəetmə strukturunun yenilənməsi deyil, həm də idarəetmə mədəniyyətinin formalaşması prosesidir. Müasir dövlət anlayışı burada təkcə hüquqi və inzibati kateqoriya kimi deyil, həm də ictimai dəyərlərin daşıyıcısı kimi dəyərləndirilir.
Beləliklə, “Azərbaycan 2030” konsepsiyası dövlət idarəçiliyinin transformasiyasına elmi-strateji çərçivə gətirərək, onu qlobal idarəetmə tendensiyaları ilə uyğunlaşdırmış, eyni zamanda milli xüsusiyyətləri qorumaqla “Azərbaycan modeli” adlanan yeni bir idarəetmə fəlsəfəsinin formalaşmasına təkan vermişdir. Bu model dövlətin idarəçilik fəlsəfəsini dəyişərək onu təmsil edən, tənzimləyən və eyni zamanda əməkdaşlıq edən dövlət konsepsiyasına yaxınlaşdırır.
Milli sərvətimiz olan Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin miqyasına uyğun gələn uğurlar sırasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük şanlı Vətən Müharibəsi də var. Ölkənin ərazi bütövlüyünün bərpasını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını bunun nəticəsi kimi qeyd etmək olar. Bu tarixi qələbənin uğurunun əsasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müasir ölkə quruculuğu istiqamətində inkişaf etdirdiyi uğurlu səylər, o cümlədən innovativ dövlət idarəçiliyi sahəsində böyük bacarıq dayanıb.
s.e.f.d., dos. Murtəza Həsənoğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
Siyasi İdarəetmə fakültəsinin dekanı