Toğrul İsmayıl: “Zaman keçdikcə Ermənistan sülh anlaşmasını imzalamaq məcburiyyətində qalacaq”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə təxribatların, hər hansı insidentin yaşanmaması üçün islahatlar adı altında geri çəkilmək məcburiyyətində qalıb. Avqustun 18-də hökumətin iclasında çıxış edən Paşinyan bildirib ki, sərhədin “bəzi hissələrinin” mühafizəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə ediləcək. Nəzarətə götürüləcək həmin ərazilər silahlı qüvvələrdən təhvil alındıqdan sonra sərhəd qoşunlarının sayı artırılacaq və islahatlar həyata keçiriləcək. Baş nazir bu planın hökumətin 2021-2026-cı illər üçün nəzərdə tutulan proqramında yer aldığını bəyan edib. Bununla da, Paşinyan Azərbaycanla sərhəddə vəziyyətin normal səviyyəyə gətirilməsinə, perspektivdə sağlam münasibətlərin qurulmasına yönəlik addımlar atılacağı görüntüsü yaradıb. Eyni zamanda o, Türkiyə ilə də sərhədlərin açılmasında, hərtərəfli münasibətlər qurulmasında maraqlı olduğunu gizlətmir. Halbuki bundan əvvəl Ermənistan hökumət başçısı Azərbaycanla sərhədə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən, o cümlədən Fransa və ABŞ-dan sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırış etmişdi. Ardınca isə Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarına məxsus dayaq məntəqələrinin yerləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdi.
“Kaspi” qəzeti məsələ ilə bağlı təhlil hazırlayıb.
Başqa güclərin bölgəyə gəlməsi arzuolunan deyil
Maraqlıdır, Ermənistan baş nazirini əvvəlki qeyri-konstruktiv, işğalçı mövqedən geri çəkilməyə nə məcbur etdi? Onun Azərbaycan və Türkiyə ilə münasibətləri normal vəziyyətə salmaq cəhdi nə dərəcədə səmimidir? İndiki halda tamam fərqli bəyanatla çıxış etməsinə səbəb nədir? Baş verənləri “Kaspi” qəzetinə şərh edən politoloq Toğrul İsmayıl bildirib ki, İrəvanın işin içinə ATƏT-in Minsk qrupu dövlətlərini, Avropa İttifaqını salmaq, yaxud sərhəddə KTMT səviyyəsində qarışıq hərbi birləşmə yerləşdirmək istəyi Nikol Paşinyan hökumətinin təcrübəsizliyindən, diletantlığından irəli gəlirdi: “Beynəlxalq hüququn prinsiplərinə görə, Qarabağ Azərbaycanın ərazisidir və dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu o deməkdir ki, Azərbaycanın razılığı olmadığı halda Qarabağa, ümumən münaqişə bölgəsinə hər hansı güc girə bilməz. İndiyə qədər bu mümkün olmayıbsa, bundan sonra nəinki bu əraziyə, eləcə də sərhəd bölgələrinə hər hansı kənar qüvvə girə bilməz. Çünki funksiyalar başqadır. İstər ABŞ sülhməramlıları olsun, istərsə də digərlərinin. Ermənistan sərhəd zonasına deyil, öz ərazisinə istədiyi xarici qüvvənin hərbi birləşməsini yerləşdirə bilər. Lakin bu zaman da Ermənistan üçün Rusiya faktoru var. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra Rusiya Minsk qrupunun funksiyasının öz əhəmiyyətini itirdiyini, gücdən düşdüyünü ortaya qoydu. Paralel olaraq başqa güclərin bölgəyə gəlməsini istəmədiyini nümayiş etdirdi”.
Zaman keçdikcə reallığı qəbul edəcək
Politoloq qeyd edib ki, Rusiya Ermənistana görə Azərbaycanla münasibətlərini pozmaq istəmir. Onun qənaətincə, bu çərçivədə hər hansı addım atarkən beynəlxalq hüququn tələbləri nəzərə alınmalıdır: “Beynəlxalq hüquqa görə, rusiyalı sülhməramlılar da Qarabağda Azərbaycanın razılığı olmadan qala bilməz. Onlar bölgəyə gələrkən Azərbaycanın razılığını aldılar. Rusiya və Ermənistan kimi Azərbaycan da Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvüdür.
Hətta bu kontekstdən məsələyə yanaşıldıqda da, görərik ki, Rusiya-Azərbaycan, yaxud Azərbaycan-Ermənistan sərhədində üçüncü ölkənin hərbi qüvvəsi yerləşdirilə bilməz. Bu, birmənalıdır. Ona görə də Paşinyanın əvvəlki təşəbbüslərindən, bəyanatlarından imtina edərək nisbətən konstruktiv təkliflə çıxış etməsi beynəlxalq hüququn prinsiplərindən, İrəvan hökumətinin reallıqla barışmasından qaynaqlanır. İstənilən ölkə sərhədində öz qoşunlarını yerləşdirməli, öz sərhədini özü qorumalıdır.
Bunu Ermənistan hansı səviyyədə bacaracaq, öz işidir. İndikindən fərqli olaraq, rəsmi İrəvan tərəfindən əvvəllər qeyri-konstruktiv mövqenin sərgilənməsi bir qədər əvvəl vurğuladığım kimi, Ermənistan hökumətinin diletantlığı, naşılığı və təcrübəsizliyindən qaynaqlanırdı.
Onlar beynəlxalq hüququn Azərbaycanın lehinə olduğunu nəzərə almırdılar. Hadisələrə bu kontekstdən yanaşmaq gərəkdir. Zaman keçdikcə Ermənistan reallığı qəbul etmək, eləcə də sülh anlaşmasını imzalamaq məcburiyyətində qalacaq”.