Azərbaycanın Küveytdəki səfirliyi 27 sentyabr – Anım Günü ilə bağlı yerli media nümayəndələri üçün mətbuat konfransı keçirib. Tədbir iştirakçıları şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin nüfuzlu KİV-ləri – “Al Wasat” portalı, “Dasman” informasiya agentliyi, “Əl Qabas”, “Əl Ray” qəzetləri və digər nəşrlərin müxbirlərinə 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi, torpaqların Ermənistanın işğalından azad edilməsi, rəşadətli əsgərlərimizin qəhrəmanlığı haqqında məlumat verib. O vurğulayıb ki, erməni işğalçıları Azərbaycan ərazilərində İslam abidələrini, məscidləri dağıdıb və təhqir ediblər. Səfir diqqətə çatdırıb ki, Küveyt Birinci Qarabağ müharibəsi dövründə Azərbaycandakı qaçqınlara humanitar yardım göndərib və 44 günlük müharibə zamanı da ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. E.Qəhrəman əlavə edib ki, Küveyt də daxil olmaqla İslam Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr öz dəstəyini ifadə ediblər.
Sonra media nümayəndələrinə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib. Səfir qeyd edib ki, artıq Türkiyə, Çin, İtaliyanın şirkətləri bu prosesdə iştirak edirlər. Küveyt şirkətlərini də Qarabağda gedən tikinti-quruculuq işlərində iştirak etməyə dəvət edən diplomatımız qeyd edib ki, bu məsələ iki ölkənin qarşıdakı Hökumətlərarası birgə komissiyasının iclasında müzakirə ediləcək.
Küveytli jurnalistlər səfirlikdə təşkil edilmiş fotostendlə də tanış olublar. Burada erməni vandalizmini əks etdirən fotoşəkillər nümayiş etdirilib.
Küveytdəki səfirliyimiz Azərbaycan Xarici İşlər Nazirliyinin Anım Günü ilə əlaqədar bəyanatını da bu ölkənin xarici siyasət idarəsinə və mətbuat orqanlarına təqdim edib.
Oqtay Bayramov