Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov əslində KİMDİR?…

Təxminən 120  ilədək  davam  edən   Rusiya  əsarətindən  xilas  olan  Azərbaycan  xalqı 1918-ci il mayın  28-də  Şimali  Azərbaycanda  yeni  müstəqil  dövlət  yaratmağa   müvəffəq   oldular. Azərbaycan  Xalq  Cümhuriyyəti   Azər­baycanın   ayrılmaz  tərkib  hissəsi  olan   Qarabağın   bütün tarixi  ərazisində  öz   siyasi  haki­miy­yətinin  bərqərar  edilməsinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin  sülhsevər  siyasətinə  baxmayaraq, ermənilər  Qarabağda hakimiyyətə  nail  olmaq  üçün  əvvəllər  başladıqları soyqırımı   siyasətini  davam   etdirirdilər.  1918-ci  ilin  yayından  başlayaraq  Ermənistanın  daşnak  hökuməti   Zəngəzur  bölgəsində Andronikin,  Njdenin,  Dronun   quldur  dəstələri vasitəsilə  dövlət   səviyyəsində  dinc əhali  kütləvi  şəkildə  məhv   edilmiş,  kəndlər  yandırılmış, tikililər  və  milli-dini  abidələr  dağıdılmışdır.  Cümhuriyyət   hökuməti  yaranmış  vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də “Cavanşir,  Şuşa,  Cəbrayıl  və  Zəngəzur  qəzalarına  general-qubernator  təyin edilməsi haqqında” qərar qəbul etmişlər.   1919-cu il yanvarın 15-də Milli Şuranın  iclasında  qəzalara  müvəqqəti  general-qubernatoru  vəzifəsinə əslən  Qarabağdan  olan, bu əraziyə  və   onun   əhalisinə yaxşı  bələd  olan   Azərbaycan   Cümhuriyyətinin  ilk  yaradıcılarından  və onun birinci  hökumətində  hərbi  nazir  olmuş   Xosrov bəy Sultanov təyin  edilmişdir.

Xosrov bəy Sultanov  1879-cu ilin may ayında  Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində ( Laçın rayonu) anadan olmuşdur. Gəncə gimnaziyasını bitirdikdən sonra  Odessada  ali tibb təhsili almış Xosrov bəy 1918-ci ilin 28 mayında  Müsəlman  Şərqində ilk  dəfə olaraq  Azərbaycan  ərazisində  demokratik dövlət olan  Azərbaycan Xalq  Cümhuriyyətinin  qurucularından  və İstiqlal  bəyannaməsinə imza atan 26  ictimai-siyasi   xadimdən  biri  olmuşdur.  O, Xalq   Cumhuriyyətinin  həmin  gün  təşkil  edilmiş  birinci  hökumət  kabinetində   hərbi  nazir  postunu  tutmuş və  Zaqafqaziya  Seyminin və   Azərbaycan   Xalq  Cümhuriyyəti   Parlamentinin  üzvü  olmuşdur.

Azərbaycan Cümhuriyyətinin qurulması ilə uzun illər Azərbaycan türklərinin ağır yükünü öz çiyinlərində daşıyan şəxsiyyətlərdən biri olaraq Xosrov bəy Sultanovun çox ağır bir fəaliyyət dövrü başlayır. O həkim olsada, milli hökümətdə tutduğu vəzifələri ilə çox məsuliyyətli məqamlarda dayan¬mışdı. İlk hökümət kabinəsində hərb naziri olan Xosrov bəy 1918 il iyunun 17-də Gəncədə Fətəli  Xan  Xoylunun təşkil  etdiyi 2-ci hökumət kabinəsində  əkinçilik naziri təyin olunmuşdu. 1918-ci ilin dekabr ayında təşkil olunmuş, Xan Xoylunun 3-cü və sonuncu rəhbərlik  etdiyi  kabinədə Xosrov bəy Əkinçilik  və  dövlət əmlakı naziri təyin olunur. Xosrov bəy 1918-ci ilin son 6 ayı ərzində 3 dəfə nazir təyin olunur və  Xan Xoylunun rəhbərlik etdiyi bütün kabinələrdə təmsil olunur.

1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin,  Njdenin,  Dronun  quldur  dəstələri   vasitəsilə   dövlət   səviyyəsində   azərbaycanlılara qarşı  soyqırımı siyasətini  həyata keçirməyə başlamışdır. Azərbaycan  Xalq  Cümhuriyyəti   hökumətinin  29  yanvar 1919-cu il  tarixli qərarı ilə Şuşa, Zəngəzur,  Cəbrayıl və  Cavanşir  qəzalarında  Qarabağ  general-qubernatorluğunun  təsis   edilməsi və Xosrov bəy Sultanovun  general-qubernatoru vəzifəsinə təyinatını Ermənistan hökuməti   tərəfindən  narazılıqla  qarşılanmışdır.  Çünki,  Zəngəzur  və  Qarabağın   erməni-daşnak quldur qüvvələrindən  təmizlənməsində  və həmin bölgələrdə əmin-amanlığın  yaradılmasında   Xosrov  bəy  və  onun  qardaşı   Sultan  bəyin müstəsna   xidmətləri    olmuşdur. Bu qardaşların   ermənilərə  qarşı  mübarizə   apardığını   yaxşı   bilən ermənilər,  erməni     mətbuatı və  Xarici  İşlər  Nazirliyi   bir çox  dövlətlərə  müraciət  edərək   öz  narahatlıqlarını  bildirmiş,  hətta   onlar  Qarabağ   general-qubernatorluğunun   ləğv   olunması   üçün  xarici   havadarlarından kömək   istəmişlər.  Buna   cavab  olaraq  1919-cu il  iyunun  18-də  Azərbaycan   Xarici  İşlər Nazirliyi  Azərbaycan   hökumətinin   Qarabağdakı   fəaliyyətinə   erməni    hökumətinin   müdaxilə  etməsinin    yolverilməz   olduğunu    bildirən   təcili   diplomatik  məlumatı  Azərbaycanın   Ermənistandakı   diplomatik  nümayəndəsi  M. X. Təkinskiyə ünvanlamışdır. Həmin  təcili  diplomatik  məlumatda  qeyd  edilirdi:                         “Ermənistan  hökumətinə   bildirin  ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir.  X. Sultanov Azərbaycanın  şübhəsiz  ayrılmaz  hissəsi   olan  Şuşa,   Zəngəzur,  Cəbrayıl  və  Cavanşir  qəzalarının  general-qubernatoru   kimi müttəfiqlərin  komandanlığı   tərəfindən  aprelin 3-də rəsmi olaraq  tanınmışdır.  Bu səbəbdən erməni  hökumətinin   Sultanovun  fəaliyyətinə və yaxud  Azərbaycan  qoşun  hissələrinin Qarabağda  olmasına  dair  etirazları   Azərbaycan   Respublikasının   daxili  işlərinə  müdaxilə    kimi qiymətləndirilir və bunun müzakirəsinə yol verilmir.  Şuşa   rayonunda   baş  vermiş     iğtişaşlara   gəldikdə   isə  qeyd   edirik   ki,  general-qubernatorun  gördüyü  ciddi tədbirlər nəticəsində  nizam-intizam  bərpa edilmiş və həyat məcrasına  düşmüşdür.”

X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən  ünvanladığı müraciətdə   başçılıq  edəcəyi  qurumun  fəaliyyəti  haqqında  xalqı  bilgiləndirdiyi 1919-cu ilin 11 fevralında “Azərbaycan”  qəzetində  çap olunan yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator  X. Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciətində yazılırdı: “Azərbaycan  hökumətinin  yanvar  ayı  qərarı  ilə  Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları  xüsusi  general-qubernatorluğa   ayrılmışdır.  Bu  fövqəladə  tədbirlər  fövqəladə  vəziyyətdən  irəli   gəlmişdir. Azərbaycanın təqribən  yarısında, onun  ən yaxşı hissəsi – 4 qəza – artıq bir ilə  yaxındır  ki,  anarxiya  ucbatından  dağılır.  Şəxsi   firavanlığı  yüksək  ideal  sayan  məsuliyyətsiz  elementlərin  rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda  göstərilən  elementlər  milli  ədavət yayırlar. Əhalidən  ümumi  siyasi vəziyyət gizlədilir. Bu  şəxslər  öz  şəxsi   mənafelərini   güdür, öz  cəhdlərini  partiya  ideya  forması donuna salırlar”.

  1. Sultanov general-qubernator vəzifəsinə  başlayanda  bölgədə  acınacaqlı  durum var idi. O, 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Azərbaycan hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Ermənistan   Respublikasının  etirazına,  ingilis  və   amerikanlarla  gərgin  münasibətlərə  baxmayaraq,  Qarabağda  qarşıya  qoyulan  vəzifələrin  həlli  sahəsində mühüm işlər görüldü.  Ermənilər  isə  Qarabağda  etnik təmizləmə  siyasətini  davam  etdirməyə  cəhd  göstərir, Cavanşir,  Şuşa,  Cəbrayıl və  Zəngəzur  qəzalarında  azərbaycanlılara  qarşı aramsız olaraq qırğınlar  törədirdilər. General-qubernator  X.Sultanov  separatçılara  qarşı  qətiyyətlə  mübarizə  aparırdı.
  2. Sultanovun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai   xadimlərinin iştirakı ilə   keçirdiyi  ümumbölgə  müşavirəsində  məlum  olurdu  ki, indiyədək  Zəngəzurda 166 kənd dağıdılmış, onların  əhalisinin  30  faizi  məhv edilmişdi.  Qarabağda və  Zəngəzurda erməni-daşnak  quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində  ciddi-cəhdlə  öz fəaliyyətlərini  davam  etdirməsinə  baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə  Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər  nəticəsində  erməni-daşnak quldur qüvvələrinin  təcavüzkar  fəaliyyətlərinin  qarşısını  almaq  mümkün   oldu.  Lakin  1919-cu il  martın 21-də quldur  erməni-daşnak  hərbi  dəstələri  Qarabağa  yeganə  keçid olan  Əsgəran  keçidini  ələ   keçirə   bildilər. Amma Xosrov bəyin  başçılıq  etdiyi  Azərbaycan  əsgərləri  daşnak generalı  Dronun  quldur  dəstələrini  darmadağın  edərək  Xankəndi və Şuşanı geri aldı.

X.Sultanovun  başçılığı ilə keçirilən  digər  əməliyyatda  isə  (1919-cu ilin iyununda) Şuşaya gizli  yolla  silah  aparan  erməni  milli  şurasının  üzvləri həbs edilərək  Qarabağ  ərazisindən çıxarılmışdı. X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla, erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi  yaratdı, erməni milli  şurası  üzvlərinin  Azərbaycandan  çıxarılmasına   nail oldu. Azərbaycan  hökumətinin   hərbi və diplomatik   tədbirləri  nəticəsində  martın   axırlarında – apreldə  ermənilərin  Qarabağdakı  düşmənçilik  fəaliyyətinin  qarşısı  alındı.

Həmin mübarizənin  nəticələrindən biri  idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı   irticaçı üzvləri ingilis komandanlığı   nümayəndəsinin  müşayiəti  ilə Şuşadan Tiflisə  sürgün  edildi.   Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan  hissəsindəki kazarmalarda  yerləşdirildi. Həyata keçirilmiş tədbirlər  nəticəsində avqustun  15-də  ermənilər  Azərbaycan  Hökuməti  ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin  Azərbaycanın  tərkib  hissəsi olduğunu  qəbul etdilər. 2  sentyabr  1919-cu  il tarixli «Aзербайджан» qəzetində  dərc  olunmuş  məlumatda  qeyd  edilirdi  ki,  Şuşikənddə  8 gün  davam etmiş 7-ci erməni  qurultayının  nümayəndələri Qarabağın general  qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək  Qarabağın dağlıq  hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək  həll  olunmamış  məsələni  sülh  yolu  ilə  həll   etmək   istədiklərini   bildirdilər. Xosrov   bəy  Sultanovun  yanına  qurultay   nümayəndələri   ilə  birgə  erməni   ruhaniləri də gəlmişdilər. Danışıqlar  iki  gün  davam etmiş və nəhayət danışıqların  mətninin  aşağıdakı layihəsi əldə  edilmişdir:  mövcud   toqquşma   cərəyanlarının   Qarabağda   məskunlaşmış  xalqlar üçün  fəlakətli  olduğunu,   Qarabağ    məsələsinin   istənilən  həllində ermənilər  və   müsəlmanların  birgə    yaşamalı   olacaqlarını  nəzərə  alaraq  Qarabağ   ermənilərinin  VII  qurultayının   15 avqust  1919-cu  il   tarixli iclasında  Azərbaycan   Respublikası   hökuməti  ilə  müvəqqəti  razılığın əldə olunması haqqında qərar  qəbul  edildi. 26  bənddən  ibarət  həmin  müqavilədə  qeyd  edilirdi: “Qarabağın,  Şuşa, Cavanşir  və  Cəbrayıl  qəzalarının  dağlıq  hissəsində  məskunlaşmış  ermənilər özlərinin  Azərbaycan   Respublikası  ərazisində  olduqlarını   qəbul  edir.  Qarabağ   qubernatorluğu   nəzdində   6 nəfərdən: üç  erməni  və  üç  müsəlmandan  ibarət şura  təsis   edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial məsələlər əvvəlcə   şurada   müzakirə   edilmədən    həyata   keçirilə   bilməz.   Qarabağ    erməniləri   mədəni muxtariyyat  hüququndan  istifadə  edir,  Azərbaycan  Respublikası  hökuməti erməni milli  şurasının fəaliyyətinə  müvəkkil  edilmiş  ermənilər  vasitəsilə  nəzarət edir. Azərbaycan Respublikası  hökuməti  dağıdılmış  müsəlman  və erməni kəndlərinin tezliklə bərpa edilməsi  işinə yardım göstərir” və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının  Qarabağda  suveren  hüquqları  bərpa  edildi. Parisdə  olan  nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ məsələsi  adlandırılan  məsələ  qəti  şəkildə  həll  edildi. VII  erməni   qurultayında   Qarabağ   ermənilərinin   nümayəndələri  Azərbaycan   hökumətinin    hakimiyyətini   tanımaq   barədə   general-qubernator   Xosrov  bəy  Sultanovla  saziş  bağladılar. Azərbaycan    Respublikası   hökuməti  Qarabağda  normal  həyatın  bərpa  olunması    istiqamətində  mühüm  tədbirlər  həyata  keçirdi.  Öz  həyatını  xalqa  xidmətə  sərf  etmiş  ictimai  xadim  kimi   mən   milli    mənsubiyyətindən    asılı   olmayaraq  hamıya eyni münasibət göstərməyi, ciddi  ədalət   və   qanunçuluq  mövqeyində  dayanmağı   hakimiyyətin     borcu  sayıram.  Azərbaycanın   müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın  həyatı  bu  əsaslar  üzərində  qurulacaqdır”.

Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq  planlarını həyata keçirməyə hazırlaşan  Sovetlərin və bolşeviklərin ölkə daxilində apardığı  pozuçuluq-təxribatçılıq  işləri  də  mühüm  rol  oynadı.   Aprel işğalı (1920) və Azərbaycan Xalq  Cümhuriyyətinin  süqutundan  sonra  Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu. Həmin ilin sentyabrında  Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət  verdi.  Xosrov bəy  Sultanov  Aprel  işğalından  sonra  mühacirətdə   yaşamış,  “İttihad” partiyasının  liderlərindən  biri  kimi   partiyanın   xarici ölkələr bürosunu formalaşdırmağa və  ittihadçıları  bir təşkilat  ətrafında  cəmləşdirməyə  çalışmışdır.

X.Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan  Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə  getmiş,  çətin  mühacirət   həyatı yaşamışdır. O, Azərbaycanın  azadlığı mübarizəsini  Türkiyədən başqa  İranda,  Fransada,  Almaniyada davam etdirmişdir. O, 1926-cı ildə Parisdən  İrana gedərək, burada  İttihadın Tehran və Təbriz  komitələrini yaratmışdı.1936-cı ildə  Türkiyəyə qayıdan  AXC-nin ilk hərbi naziri və Qarabağın ilk və sonuncu general-qubernatoru Xosrov bəy Sultanov ömrünün son illərində İstanbulda yaşamış, 1943-cü il yanvar ayının 7-də orada dünyasını dəyişmişdir.

Lətafət Beybutova,
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri