Səidə Ömər:”Azərbaycan Rüzgarı” proqramı yenidən tamaşaçılarının görüşünə gəlir.
Kanal32.az-a verilən məlumata görə 2018-2021 illərdə həftədə bir dəfə Türkiyənin “Bengü Türk” Kanalında Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən televiziya programı bu dəfə Türkiyənin “Ulusal” tele kanalında yenidən ekranlara gələcək. “Azərbaycan Rüzgarı”nın müəllifi və aparıcısı həmyerlimiz, İstanbul Universitetinin doktorantı, telejurnalist Səidə Ömərin verdiyi məlumata görə, yaxın günlərdə layihə daha fərqli mövzuları da əks etdirməklə ekranlara çıxacaq.
Program Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə həftədə bir dəfə bazar günləri axşam saat 16:30-da (Bakı vaxtı ilə 17:30) yayınlanacaq. “Bu layihənin-“Azərbaycan Rüzgarı” proqramının əsas məqsədi ölkəmizin qədim tarixi, ecazkar coğrafiyası, tarixi şəxsiyyətləri və zəngin mədəniyyəti ilə bağlı məlumatları Türkiyə ictimaiyyətinə çatdırmaqıdır.
Hədəfimiz eyni zamanda həm Azərbaycan mədəniyyətinin təbliğatına töhfə vermək, həm də dünyada alternativi olmayan Azərbaycan-Türkiyə münasibətlərinin, qardaşlığının möhkəmlənməsinə bacardığımız xidməti göstərməkdir”, deyə Səidə Ömər bildirib. Layihənin müəllifi yeni formatdakı “Azərbaycan Rüzgarı”nın ilk buraxılışının martın 12-də olacağını qeyd edib.
Kanal32.az