Azərbaycan məhkəmə-hüquq islahatları: Çoxmərhələlilikdən sadəliyə doğru

16 dekabr 2024-cü il tarixində qəbul edilən “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik, Azərbaycanın məhkəmə-hüquq sistemində mühüm bir dönüş nöqtəsidir. Bu dəyişikliklər təkcə hüquqi prosedurun yenilənməsi deyil, eyni zamanda hüquqi düşüncə tərzində yeniliyin, insan və ədalət anlayışının daha səmərəli ifadəsi üçün atılmış addımdır. Yeni yanaşma – üç mərhələli seçim sistemi – məhkəmə sisteminin mahiyyətinə daha yaxın, insanın hüquq və ədalət qarşısında bərabərliyi ideyasını yenidən gündəmə gətirir.

Əvvəlki altı mərhələli seçim sistemi mahiyyət etibarilə dərin və hərtərəfli idi. Qanunvericiliyin nəzərdə tutduğu bu çoxmərhələli prosedur namizədləri hər tərəfdən “süzüb”, peşəkar və məsuliyyətli hakimlərin formalaşmasını təmin etməyə çalışırdı. Lakin insanın ədalətə və məhkəməyə ehtiyacı, hər şeydən öncə, zamanında təmin edilən ədalətdir.

Uzunmüddətli və çoxpilləli seçim sistemi nə qədər məqsədəuyğun görünsə də, sürət və çeviklik kimi tələblərə cavab vermirdi. Məhkəmə sistemində boş qalan yerlər, hakim çatışmazlığı, qərarların yubadılması kimi problemlər, cəmiyyətin ədalət gözləntilərini sarsıda bilirdi. Unutmayaq ki, ədalət gecikdikdə, bəzən onun təmin olunması belə şübhə altına düşə bilər. Yeni üç mərhələli sistem – test, yazılı imtahan və müsahibə – daha konkret və sürətli bir model təklif edir. Ancaq bu sadəlik, özündə peşəkarlığın, vicdanın və ədalətə sadiqliyin təminatını əks etdirir. Test mərhələsi bilikləri ölçür, yazılı imtahan namizədin məntiqi və hüquqi düşüncə qabiliyyətini üzə çıxarır, müsahibə isə onun əxlaqi və peşəkar mahiyyətini – insanlığını qiymətləndirir. Hakim olmaq yalnız qanun bilicisi olmaq deyil, insan təbiətini, cəmiyyətin ədalətə olan sonsuz ehtiyacını anlamaqdır. Bu yanaşma, əslində hüquqi fəlsəfənin köklərinə – ədalətin şəffaf və hər kəsə əlçatan olması prinsipinə qayıdışdır.

Dünyanın bir çox ölkələrində də oxşar islahatlar həyata keçirilir. Fransa, Almaniya və İsveç kimi hüquqi ənənələri köklü olan ölkələrdə hakim seçimi sadə və şəffaf mərhələlərlə təmin edilir. Lakin burada əsas məqam qanunların ruhuna – obyektivliyə və vicdanlı qərar qəbul etməyə sadiqlikdir. Beynəlxalq standartlar, o cümlədən BMT prinsipləri də göstərir ki, məhkəmə sistemi yalnız qanunlarla deyil, ədalətə olan ictimai inamla yaşayır.

Yeni qanunun tətbiqi, Azərbaycan məhkəmə sisteminin insana daha yaxın, daha şəffaf və daha çevik olması üçün böyük bir addımdır. Çünki ədalətin özəyində insan dayanır – onun ağrısı, haqsızlığa məruz qalması və haqqa olan ümididir. Hakimlərin seçilməsi mexanizminin sadələşməsi, əslində ədalətin insana daha yaxınlaşmasını ifadə edir. Məhkəmə zalında hakim kürsüsündə oturan şəxs təkcə qanunları deyil, insanlığın tarixi boyunca qurduğu “ədalət mülkün təməlidir” fikrini də təmsil edir. Bu islahatlar, ədalətin vaxtında, şəffaf və insanlara inamla çatdırılmasını təmin etməklə, hüququn cəmiyyətdəki canlı ruhunu daha da gücləndirəcək. Azərbaycan məhkəmə-hüquq sistemi üçün bu dəyişiklik, yalnız qanunların dəyişməsi deyil, ədalətin insanlara yaxınlaşması yolunda yeni bir mərhələnin başlanğıcıdır.

 

Əliməmməd Nuriyev,

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti