Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, ötən il ərzində Mədəniyyət Nazirliyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və ölkəmizdə fəaliyyət göstərən bir çox qurum tərəfindən Nizami Gəncəvi irsi və onun yaradıcılığı haqqında tədbirlər həyata keçirilmişdir.
Nizami Gəncəvi böyük şair olmaqla yanaşı, həm də dövrünün dünyəvi və dini elmlərinə dərindən yiyələnmiş mütəfəkkirdir. O, bir çox elmlərdən peşəkar səviyyədə xəbərdar olan görkəmli mütəfəkkir kimi şöhrət tapıb. Təsadüfi deyildir ki, istər öz dövründə, istərsə də özündən sonra o, “Şeyx Nizami” kimi tanınmış, türbəsi ziyarətgaha çevrilmişdir. Dahi Nizaminin irfan düşüncəsində tutduğu yer, İslam intibahına verdiyi töhfələr də danılmazdır.
Dünən Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən ali təhsil müəssisələri rəhbərlərinə, ölkəmizdə fəaliyyət göstərən diplomatik qurumların nümayəndələrinə, habelə yazarlara və digər incəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə döş nişanları təqdim etdi. Onların sırasında olduğuma görə qürur hissi duyur, Mədəniyyət Nazirliyinin rəhbərliyinə və bütün kollektivinə dərin minnətdarlığımı bildirirəm”.