Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Yeni Azərbaycan Partiyasının (YAP) özək təşkilatının növbəti iclası keçirilib.
Tədbirdə YAP-ın Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Aİİ rektoru Aqil Şirinov, İnstitutun partiya sıralarına daxil olmuş əməkdaşları iştirak ediblər. İclas Operativ Qərargahın karantin rejimi qaydalarına uyğun olaraq keçirilib.
Tədbir 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərqərar olması uğrunda şəhid olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək, ulu öndər Heydər Əliyevin həmişə gənclərə güvənərək onlara böyük etimad göstərdiyini bildirib. Sədr Azərbaycanda gənclər siyasətinin hər zaman dövlət istiqamətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu, Azərbaycan gəncliyinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Qeyd edib ki, hazırda rəhbər orqanlara gənclər təyin olunur, onlara etimad göstərilir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib.
Aİİ rektoru Aqil Şirinov Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyevin əmanəti olduğunu bildirib. Qeyd edib ki, biz də bu əmanəti layiqincə qorumalı, ona sahib çıxmalıyıq.
Ali təhsil müəssisəsinin rəhbəri vurğulayıb ki, 44 günlük Vətən müharibəsini zəfərlə başa vurmağımızın həm hərbi, həm də siyasi tərəfləri vardır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər iki cəbhədə – həm hərbi, həm də informasiya cəbhəsində qalib gəldi. Qısa müddətdə güclü ordunun yaradılması, müasir hərbi texnika və silahlarla təmin olunması Böyük Qələbəyə aparan yolda mühüm amilə çevrildi. Eyni zamanda, cənab Ali Baş Komandanın xarici dövlətlərin televiziya kanallarına verdiyi müsahibələrlə Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması hər iki cəbhədə qalibiyyətimizin təminatçısı oldu.
Aİİ-də Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədr müavini Fidan Yusifovanın hesabatı dinlənilib. Hesabat qənaətbəxş hesab edilib.
Daha sonra səsvermə yolu ilə yeni sədr seçilib.