Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Əl Hərir” portalında “Cənub Qaz Dəhlizi və Azərbaycanın qaz strategiyası” sərlövhəli məqaləsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə fevralın 4-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı barədə məlumat yerləşdirilib. Müəllif ölkəmizin qaz strategiyası, Avropanın enerji təhlükəsizliyində mühüm rolu, eyni zamanda, bərpa olunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
R.Bağırov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev toplantıdakı çıxışında Azərbaycanın işğaldan azad edilmiş əraziləri üçün xüsusi proqramın olduğunu, Energetika Nazirliyinin aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırladığını bildirib. O əlavə edib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, neft-qaz sahəsində Azərbaycanın strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir və artıq orada 200 meqavatdan çox gücə malik bərpa olunan enerji mənbəyinin tikintisi ilə bağlı danışıqlar aparılır.
Məqalədə, həmçinin Azərbaycanın neft-qaz ehtiyatları, həyata keçirilmiş transmilli enerji layihələri barədə də geniş məlumat yer alıb.