Azərbaycan dayanıqlı inkişaf edən ölkə kimi mövqelərini möhkəmləndirir ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ötən ilin yekunlarını, regionda formalaşmış yeni siyasi reallıqları, Ermənistan-Azərbaycan münasibətlərinin sülh müstəvisinə keçidi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, eləcə də Amerika Birləşmiş Ştatları, Çin kimi ölkələrlə əlaqələrinin inkişafı istiqamətlərində əldə olunan tarixi uğurları şərh edib, görülən işlər, qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

KANAL32.az xəbər verir ki,bunu AzərTac-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

O deyib ki, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, 2025-ci il ölkəmiz üçün tarixi il hesab oluna bilər. Məhz ötən il Ermənistan-Azərbaycan münaqişəyə siyasi müstəvidə tam son qoyuldu. Xalqımız son bir neçə aydır ki, sülh şəraitində yaşayır. Ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edən Azərbaycanın təşəbbüsü ilə hazırlanan sülh gündəliyi beynəlxalq müstəvidə təsdiqləndi. Təbii ki, regionda sabitliyin möhkəmlənməsi, eyni zamanda, iqtisadi fəallığın artması üzrə Azərbaycan tərəfindən atılan addımlar sülhün real nəticələridir və ölkəmizin sülhpərvər mövqeyinin göstəricisidir.

Ötən il xalqımızın Vətən müharibəsində qazanılan parlaq Zəfərin beşinci ildönümünü böyük qürurla qeyd etdiyini söyləyən Mircəlil Qasımlı vurğulayıb: “Müzəffər Ali Baş Komandanın müdrik sərkərdəliyi, ordumuzun gücü, xalqımızın həmrəyliyi Qələbəmizi şərtləndirən əsas amillər oldu. Bu gün dünyada baş verən proseslər fonunda Azərbaycanın hərbi qüdrətini gücləndirməsi zəruridir. Güc amili beynəlxalq münasibətlər sistemində danılmazdır və bu reallıq müasir dünya siyasətinin əsas hərəkətverici mexanizmlərindən biri kimi çıxış edir. Qlobal proseslərin dinamikası da göstərir ki, milli maraqların qorunması və suverenliyin təmin edilməsi güc amilinə söykənən balanslı və praqmatik siyasət tələb edir. Bu baxımdan, Azərbaycan Prezidentinin Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü olduqca mühüm əhəmiyyət kəsb edir”.

Deputat deyib ki, 2025-ci il Azərbaycanın xarici siyasəti üçün olduqca parlaq uğurlarla yadda qaldı. Azərbaycan-ABŞ əlaqələri artıq yeni müstəvidə inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının da bildirdiyi kimi, strateji tərəfdaşlıq xartiyasının hazırlanması üzrə fəal iş aparılır. Azərbaycan Prezidentinin təşəbbüsü olan Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti tərəfindən də dəstəklənməsi olduqca mühüm məqamdır. Azərbaycan Prezidentinin ABŞ-a səfəri çərçivəsində 907-ci düzəlişin dondurulması və sonrakı mərhələdə onun tam ləğvi istiqamətində görülən işlər iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının göstəricisidir.

M.Qasımlı bildirib ki, müstəqil xarici siyasət yürüdən Azərbaycanın Çin ilə əlaqələrinin genişləndirilməsi istiqamətində də ötən il mühüm qərarlar qəbul olundu. Təbii ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri, Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması xüsusi qeyd olunmalıdır. Həmçinin ölkəmizin D-8 təşkilatına, Mərkəzi Asiya Məşvərət Şurasına üzv olması müdrikliklə müəyyənləşdirilmiş xarici siyasət kursunun uğurlarıdır.

Hazırkı geosiyasi şəraitdə nəqliyyat və logistika məsələlərinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən deputat bildirib ki, Azərbaycan Prezidenti müsahibəsində bu məsələyə xüsusi yer ayırıb. Mərkəzi Asiyanı Qərblə coğrafi və siyasi baxımdan birləşdirə bilən yeganə etibarlı marşrut məhz Azərbaycan üzərindən keçir. Bu gün dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanan Azərbaycan özünün müasir nəqliyyat infrastrukturu, strateji yerləşməsi, təhlükəsizliyi və sabit inkişafı ilə dünyanın diqqətini cəlb edir və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar təklif edir. Ölkəmizin ərazisindən daşınan yüklərin həcmi əhəmiyyətli dərəcədə artır və ilk dəfə olaraq tranzitlə daşınan konteynerlərin sayı 100 minə çatıb.

“Beləliklə, bu gün qüdrətli Azərbaycan inkişafının yeni mərhələsində inamla addımlayır. Yeni reallıqlar – sülhün bərqərar olması, regional və qlobal nəqliyyat-logistika sistemində ölkəmizin artan rolu, strateji tərəfdaşlıqların konkret nəticələrlə möhkəmləndirilməsi, eyni zamanda, təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında mühüm rola malikdir. Azərbaycan bu gün yalnız regionda deyil, daha geniş coğrafiyada dayanıqlı inkişaf edən ölkə kimi mövqelərini daha da möhkəmləndirir”, – deyə Milli Məclisin deputatı vurğulayıb.