Azərbaycan 20 Yanvar qətliamını unutmur

Müəllif: Mutəz Muhy Əbdülhəmid

Hər il yanvarın 20-də Azərbaycan xalqının yaddaşında 1990-cı ilin həmin günündə baş vermiş faciənin hüznlüacı xatirəsi yenidən canlanır. 1990-cı il yanvarın 20-də keçmiş Sovet rejiminin qoşunları Azərbaycan Respublikasına açıq-aydın təcavüz edib. Amma bu təcavüzün ilk əlamətləri hələ 1988-ci ildə görünməyə başlamışdı...

Kommunist Partiyası liderlərinin əsl niyyəti üzə çıxmışdı. Onlar Dağlıq Qarabağ regionunu Azərbaycandan ayırıb Ermənistan Respublikasına birləşdirmək üçün davamlı cəhdlər edirdilər və görünən o idi ki, bu, əvvəldən planlaşdırılıbmış. Hər halda, bu məqsədlə azərbaycanlılar Ermənistandakı dədə-baba yurdlarından qovulurdu. Sonda Dağlıq Qarabağ regionu ilə yanaşı, ölkənin bir sıra başqa əraziləri də işğal edilmiş, yerli sakinlər öz doğma torpaqlarından didərgin salınmışdılar. Bu insanlar zəruri yaşayış tələblərinə möhtac şəkildə, qaçqın çadır düşərgələrində məskunlaşmışdılar.

1990-cı il yanvarın 20-də Sovet qoşunları heç bir səbəb olmadan silahsız Azərbaycan xalqına qarşı ifrat gücdən istifadə edib. Yanvarın 19-u gecə SSRİ-nin xüsusi təyinatlı qüvvələri Azərbaycan paytaxtı Bakıya və ölkənin bir neçə başqa şəhərinə yeridilib. Bu təcavüz zamanı o dövrün yeni silahları tətbiq edilib. Sovet əskərləri Azərbaycan xalqının övladlarına tərəddüdsüz atəş açıb. Beləliklə, 137 günahsız mülki sakin qətlə yetirilib, 800 nəfər yaralanıb, 40-a yaxın insan itkin düşüb.

Bu təcavüz qəddarlığına görə də bütün beynəlxalq qanunların açıq şəkildə pozulması idi. Eyni zamanda, bu, Azərbaycan xalqının ləyaqətinə və milli suverenliyinə açıq təcavüz idi. Sovet işğalçıları ölkənin müxtəlif bölgələrində dağıntı və təxribatlar törədib, məscidləri, islam tarixi ilə bağlı digər məkanları, qədim Azərbaycan xalqının əzəmətini, tarixini göstərən digər abidələri təhqir edib.

Həmin günlərdə Sovet rəhbərliyi informasiya blokadası tətbiq edərək, silahsız Azərbaycan xalqına qarşı törətdilən düşmənçiliyi, qanlı cinayəti ört-basdır etməyə də çalışıb. Bu informasiya blokadası nəticəsində dünya, xüsusilə islam dünyası Azərbaycanda, o cümlədən onun Dağlıq Qarabağ regionunda baş verənlərdən xəbər tutmayıb.

Yeri gəlmişkən, o zaman artıq Ermənistanın Azərbaycana təcavüzü də başlamışdı. Bu təcavüz nəticəsində bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdı. Məqsəd insanların milli ləyaqətini tapdamaq, müstəqillik, hürriyyət uğrunda savaşan, müstəqil dövlət qurmaq üçün mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq idi. Amma bütün bu dəhşətli hadisələrə baxmayaraq, Azərbaycan xalqının iradəsi zəiflətməyib, o, azadlıq, müstəqillik yolunda mübarizədən çəkinməyib, əksinə, cəmiyyətin bütün təbəqələri işğalçı ilə mübarizəyə səfərbər olub, milli azadlıq prosesi daha inamlı xarakter alıb. Bütün bunlar 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinə nail olması ilə yekunlaşıb.

O vaxtdan hürriyətinə qovuşmuş, müstəqilliyini bərpa etmiş Azərbaycan 2020-ci ildə 44 gün davam etmiş “Dəmir yumruq” müharibəsi ilə torpaqlarının işğalına son qoyub. Prezident İlham Əliyevin rəhbərliyi və təcrübəli komandanlığı ilə bu müharibədə Dağlıq Qarabağın şəhər və kəndləri, həmçinin Azərbaycanın digər rayonları işğaldan azad olunub. Bü gün xalq bu döyüşün qəhrəman şəhidlərini də yad edir.

Müstəqilliyi və suverenliyi bütün dünya tərəfindən tanınan Azərbaycan bir çox mötəbər beynəlxalq təşkilatın, o cümlədən BMT, İƏT, ATƏT-in üzvüdür. Bu gün o, Qoşulmama Hərəkatının sədridir.

Dağlıq Qarabağ probleminin davam etdiyi illərdə Azərbaycanın ədalətli mövqeyi hər zaman beynəlxalq təşkilatların gündəliyində yer alıb, əsas mövzulardan biri olub. Bu qurumların qəbul etdikləri qətnamələrdə erməni işğalı pislənib, Ermənistandan öz qoşunlarını Azərbaycanın Dağlıq Qarabağ regionundan çıxarması tələb olunub. Həmçinin bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağırışlar yer alıb, sərhədlərinin toxunulmazlığının vacibliyi vurğulanıb.

O da qeyd edilməlidir ki, Azərbaycan müstəqilliyinə qovuşduqdan bu yana müasir dövlət, siyasi plüralizmə və təsisatlara əsaslanan sivil cəmiyyət quruculuğu yolunda çalışıb. Müstəqillik qazandığı gündən bəri islam dünyası ölkələri başda olmaqla, bir çox ölkələrlə dostluq, əməkdaşlıq və mehriban qonşuluq münasibətləri quran Azərbaycan dünyanın müxtəlif ölkələrində, xüsusilə ərəb ölkələrində, o cümlədən İraqda öz səfirliyini açmaqla diplomatik əlaqələrini gücləndirməyə çalışıb.

Azərbaycan müstəqilliyini əldə etdikdən keçən qısa müddətdə siyasi plüralizmə əsaslanan demokratik sistem qura bilib, azad bazar iqtisadiyyatı siyasətinin həyata keçirilməsi istiqamətində böyük addımlar atıb, nailiyyətlər əldə edib. Bütün bunlar ölkəyə xarici sərmayə axınını təşviq edib, Azərbaycan iqtisadiyyatında keyfiyyətcə yeni sıçrayışa səbəb olub, nəticədə bir çox sahədə nəzərəçarpacaq inkişaf əldə edilib.

Xatırladaq ki, Ermənistanla Azərbaycan arasındakı son müharibə 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyannamə ilə bitib. O vaxtdan Azərbaycan həmin sülh planına sadiq olsa da, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. O, bir neçə dəfə atəşkəsi pozub, Azərbaycana qarşı hücum əməliyyatı keçirməyə cəhd edib, 44 günlük müharibə zamanı işğalından azad edilmiş şəhərlərə artilleriya zərbəsi endirib. Azırbaycan isə Ermənistanla sərhədlərini beynəlxalq hüquqa uyğun, dövlətlərin suverenlik hüququna ehtiram əsasənda delimitasiya və demarkasiya etmək istəyir. Erməni tərəfinin bundan niyə boyun qaçırdığı məlum deyil.

Yekunda qeyd edək ki, illər keçsə də Azərbaycan xalqı 20 Yanvar faciəsini unutmur və unutmayacaq. Xalq Sovet qoşunları tərəfindən qətlə yetirilmiş günahsız şəhidlərin xatirəsini hər il yad edir. Belə fədakarlıqlar xalqların azadlıq, müstəqillik qazanmaq, qəsb olunmuş hüquqlarını bərpa etmək səylərində işıq salan mayakdır.

(Ərəb dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Əd-Dustur