ASGA Şəhid Kənan Abdullayev haqqında tanıtım filmini təqdim etdi-FOTO+VİDEO

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində hazırlanan  “Azərbaycanı bütövləşdirən şəhid leytenant: KƏNAN ABDULLAYEV” haqqında tanıtım filmi” Mingəçevir Resurs Mərkəzində geniş ictimaiyyətə təqdim olunub.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi, ASGA sədri və İH üzvləri, MRM-nin rəhbəri, media və QHT nümayəndələri, Mingəçevir Karyera Mərkəzinin rəsmisi, Şəhid ailələri, gənclər iştirak ediblər.
Kanal32.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan ASGA sədri Səbuhi Abbasov Gənclər Fondunun dəstəyi ilə bundan öncə də tanıtım filmlərinin ərsəyə gətirdiklərini deyib: “Kənan Abdullayev 1990-cı il dekabrın 3-də Mingəçevir şəhərində anadan olub. Ailənin ikinci övladı olan Kənan Mingəçevir şəhər 16 nömrəli orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun leytenantı, 29 yaşlı Kənan Abdullayev oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman zabitimiz 17 oktyabrda Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn edilib. Əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə v8ə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən K.Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Təşəbbüsümüzü dəstəklədiklərinə görə ASGA İH adından Gənclər Fondunun Müşahidə Şurasına, rəhbərliyinə təşəkkür edirəm.”
Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Azər Hüseynov çıxış edərək bu kimi filmlərin gənclərin vətənpərvərlik hisslərinin artırılmasına xidmət etdiyini deyib. O, eyni zamanda, Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun hər zaman şəhid ailələrinə yanında olduğunu, diqqət mərkəzində saxladığını dedi.
Daha sonra tanınmış telejurnalist İnqilab Şirinli çıxış edərək film, videoçarx, videorolik formatlarının şəhidlərimin tanıdılmasında mühüm rol oynadığını deyib.
Şəhid Kənan Abdullayevin valideynləri çıxış edərək əziyyəti keçən hər kəsə təşıkkür ediblər
Sonra film geniş ictimaiyyətə təqdim edilib.
Qeyd edək ki, “Azərbaycanı bütövləşdirən şəhid leytenant: KƏNAN ABDULLAYEV” haqqında tanıtım filmi” Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən çəkilən sayca 22-ci tanıtım filmidir.