Azərbaycan Prezidenti İlham Əliyevin Vaqif Poeziya Günlərində iştirak edərkən səsləndirdiyi “Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır. Bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.” – sözləri xalqımızın ürəyinin neçə illərdən bəri alovlanan yanğısına sanki su səpdi.
İlk növbədə, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Prezidentin böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin açılışı münasibətilə iştirakçıları və bütün Azərbaycan xalqını təbrik etməsi xüsusi dəyərləndirilməlidir. Danılmaz faktdır ki, işğal edilmiş torpaqlarda M.P.Vaqifin məqbərəsi də bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalmışdı. Yaşayış evləri, məscidlər, ictimai binalar dağıdılmış, kəndlər, şəhərlər viranəyə çevrilmişdi. Bu da bəllidir ki, kimsə özünəməxsus yurd-yuvasını, yaşadığı yeri dağıtmaz, əksinə, daş üstə daş qoyub abadlaşdırar. Erməni yırtıcıları isə nə qədər xaricdəki havadarlarına arxayın olub Qarabağda məskən salsalar da, özləri bilirdilər ki, bu torpaq, bu yurd, o ocaq yeri, axan bulaq, göyərən zəmi, zümrüd meşələr onlara məxsus deyil və bir gün bu yerin sahibləri gələcək. Və o gün gəldi! Ərənlərdən toplanmış şanlı ordumuz Ali Baş Komandanın “İrəli!” əmrini həsrətlə gözləyirdi. Amma hər şeyin öz zamanı var və dövlət başçımız nəyi nə zaman etməyi hamıdan yaxşı bildiyini yenə sübut etdi. İgidlərimiz 44 gün ərzində 30 ildən bəri işğalda olan el-obamızı yağı düşməndən xilas edib, mənfur erməniləri “iti qovan kimi” qovdular, döyüş meydanında atıb getdikləri hərbi sursatlarını qənimət olaraq ələ keçirdilər.
Bundan sonra dövlət başçımızın müdrik qərarları, göstəriş və tapşırıqları ilə Qarabağda abadlıq, bərpa və quruculuq işlərinə start verildi. Hazırda bu işlər uğurla, nizamla və dayanmadan aparılır. Mühüm işlərdən birincisi, Qarabağı abadlaşdırmaqla yanaşı, ənənələrimizi də bərpa etmək oldu.
… Şuşada Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması qərarının ulu öndər Heydər Əliyev tərəfindən verildiyini hamı bilir. Onun təşəbbüsü ilə 1982-ci ildə açılan bu məqbərə Vaqifə təkcə şairliyinə görə ucaldılmamışdı. O vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) bir hissəsi idi. Bunun üçün heç bir tarixi, mədəni əsas olmasa da, ermənilər Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Molla Pənah Vaqif isə təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet ideologiyasına görə, xanlıqlar tarixin qara ləkəsi hesab edildiyindən, bu məqbərənin ucaldılmasının həm çətinliyi, həm də böyük siyasi və rəmzi mənası vardı. Şair vəzirin məqbərəsi Qarabağ xanlığının mövcudluğunun, eyni zamanda, Şuşanın Azərbaycan şəhəri olmasının sübutu idi. Şuşa Azərbaycan mədəniyyətinin ocağı olmaqla, Qarabağın tacıdır. Şuşanın işğalından istifadə edən düşmən çox keçmədi ki, Laçını da, Kəlbəcəri də işğal etdi və beləliklə, DQMV ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Azərbaycanda hərc-mərclik dövrü olduğundan məğlubiyyət qaçılmaz oldu.
Prezidentin çıxışında vurğuladığı kimi, işğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bilib. Hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə öz qamətini saxlayıb, sınmayıb, bizi gözləyib. Və biz müzəffər xalq kimi gəldik. Döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik.
…İndi Qarabağ tikinti, quruculuq, abadlıq meydanını xatırladır. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələri əsasında Qarabağımız dirçəlir. İlk göstərişlərdən biri Vaqifin məqbərəsinin bərpa edilməsi idi ki, bu işi Heydər Əliyev Fondu öz üzərinə götürüb və avqustun 30- da onun önündə Vaqif Poeziya Günlərinə start verilib. Vaqif Poeziya Günləri də bərpa edilib, “Xarıbülbül” festivalı da bərpa edilib. Qısa müddətdə böyük işlər görülüb. İlk növbədə, Zəfər yolu çəkilib. Füzuli şəhərindən tunellər daxil olmaqla, daha qısa magistral yol tikilir. Şuşanın elektrik təsərrüfatı bərpa edilib, yarımstansiya tikilib. Partladılmış su xətləri bərpa edilib. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər Ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər Ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini də Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib, ermənilərin qurutduqları 17 bulaq işə salınıb, “Xarıbülbül” oteli istifadəyə verilib. “Qarabağ” oteli də əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açıb. Yeni beşulduzlu otelin, konfrans zalının təməli qoyulub. Ermənilər tərəfindən gülləbaran edilmiş Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyulub. Füzuli hava limanı işə salınıb. Digər azadlığa qovuşan bölgələrimiz də bərpa işləri aparılır. Amma ən önəmlisi Şuşada yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Bu o deməkdir ki, şuşalıların, davamında digər köçkünlərin yurd həsrəti tezliklə bitəcək…
…Hazırda Şuşada işlə təmin olunan şuşalıların sevincinin həddi-hüdudu yoxdur. Həyat qaynayır, yeni doğulmuş körpə kimi Qarabağ dirçəlir. Bu bütün xalqımız kimi bizi də qürurlandırır, sevindirir, ürəyimiz fərəhdən dağa dönür.
Arzu BAĞIROVA,
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri
xeberbiz.com