Mingəçevirdə “ART LİNE” layihəsinin açılış mərasimi keçirilib-FOTOLAR

Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” müsabiqəsinin “Gənc İstedad” qrant istiqaməti üzrə qalib olmuş “ART LİNE” layihəsinin açılış mərasimi keçirilib.

Kanal32.az xəbər verir ki,Mingəçevir Media Mərkəzində keçirilən açılış mərasimində layihənin rəhbəri Nərgiz Rüstəmova layihənin əsas məqsədindən danışıb. Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələrinin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək, onların yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, dil biliklərini, natiqlik qabiliyyətlərini və özünü ifadə bacarıqlarını yüksəltmək məqsədi ilə layihə boyunca Azərbaycanın dahi şairi Səməd Vurğunun “Vaqif” dramını hazırlayıb, Mingəçevir Dövlət Universitetində səhnələşdirməyin layihənin əsas məqsədi olduğunu bildirib.

ART LİNE layihəsinin təlimçisi Aynur Arazqızı günümüzdə gənclərimizin problemlərindən bəhs edərək layihənin önəmindən danışıb. ifadə bacarıqlarının olmaması, bədii yaradıcılıqla məşğuliyyətlərini azaltması, kitabxanalara və bədii əsərlərə müraciət etməməsi gənclərin sosial həyatında bir çox fəsadlarla üzləşməsinə səbəb olduğunu bildirib. Bu kimi problemələrdən gəncləri kənarlaşdırmaq, universitetlə yanaşı, şəhərin və ətraf rayonların sosial ictimai və mədəni həyatında fəallılığının artırılması o cümlədən bədii ədəbiyyata və yaradıcılığa olan həvəslərini inkişaf etdirmək məqsədi ilə layihənin icrasının vacibliyindən bəhs edib.

Daha sonra layihədə iştirak edəcək tələbələrin fikir və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyanı Reallaşdır 2022” ​qrant müsabiqəsi “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı”, “Gənc Lider”, “Azərbaycan Könüllüsü” və “Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə aparılıb və, 178 layihənin maliyyələşdirilməsinə qərar verilib. “ART-LİNE” layihəsi fondun dəstəklədiyi layihələr sırasındadır.

 

Kanal32.az