Mingəçevirdə “Aprel döyüşləri:böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Aparatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri:böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Mingəçevir ŞİH başçısı İlham İsmayılov, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, YAP Mingəçevir təşkilatının sədri Cavanşir Yusubov, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Şəhidlər Xiyabanında şəhid ailələri ilə birlikdə aprel şəhidləri ziyarət edilib.
Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin vestibülündə nümayiş olunan, Aprel döyüşlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir ŞİH başçısı İlham İsmayılov bildirib ki, 4 günlük Aprel döyüşləri həqiqətən 44 günlük Vətən müharibəsindəki müqəddəs qələbəyə aparan şanlı yol olub, xalqımıza qələbə sevinci yaşadıb, tariximizə şanlı səhifə kimi yazılıb. Vurğulanıb ki, bu Zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib. Tədbirdə çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov Aprel döyüşlərinin 2-ci Qarabağ müharibəsi üçün baş məşq olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bəzi hərbi texnikaların sınaqdan çıxarıldığını bildirib və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu vurğulayıb.
Tədbirdə “Cocuq Mərcanlı:böyük qayıdışın başlanğıcı” mövzusunda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə işğaldan azad olunmuş ərazilərə səfərləri barədə danışaraq, böyük qayıdışın əsasının Apel döyüşlərində qoyulduğunu vurğulayıb. Daha sonra Aprel şəhidinin həyat yoldaşı Vüsalə Tağıyeva, Aprel döyüşləri və Vətən müharibəsi veteranı Salman Bayramov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının İdarə Heyətinin üzvü Rizvan Mikayıllı çıxış edərək Azərbaycan xalqına qürur yaşadan Ali Baş Komandan İlham Əliyev cənablarına və Azərbaycan əsgərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə mövzuya dair videoçarx nümayiş olunub.
Esmira Hidayətova,
Mingəçevir.