Aparat rəsmiləri yerli icra hakimiyyətlərini niyə tənqid atəşinə tutdular?

Bir müddətdir ki, “QHT ziyarətləri” layihəsi çərçivəsində bölgələrə səfərlər təşkil edilir, regionlardakı vətəndaş cəmiyyəti təşkilatlarının real vəziyyəti yerində öyrənilir. Bu, əvvəllər də arzulanırdı, amma QHT Şurası paytaxtdakı məşhur otellərdə 400-500, bəlkə də daha çox iştirakçını bir araya gətirməklə işini bitmiş hesab edirdi. Bir saatdan sonra zalın yarısı boşalırdı, çünki Gəncədən, Zaqataladan, Qazaxdan  və digər bölgələrdən qatılanlar sonuncu avtobus reysini buraxmamaq üçün avtovağzala tələsirdilər.

QHT Agentliyi isə siyasəti dəyişib. Qərara alıb ki, yanına çağırmaq yox, yanına getmək lazımdır. Hələlik bu səfərlər 7 zonada gerçəkləşir. Ümid edirik ki, növbəti illərdə hər şəhər üzrə üzbəüz görüşləri təşkil etməyə də maraqlı olacaqlar. Hələlik isə biz də Gəncədə “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” mövzusunda zona konfransına qatıldıq.

Mayın 26-da günorta saat 4-ə Mingəçevir Media Mərkəzində yekun tədbirimizi planlaşdırmışdıq. Agentliyin konfransı da elə həmin gün keçiriləcəkdi.  Səhər saat 11-də.  Onsuz da öz tədbirimiz üçün bütün təşkilati işləri görmüşdük, uzağı 4-ə qədər Gəncəyə gedib, tədbirə qatılıb, qayıtmağımız mümkün idi. Həm də bizim Mingəçevirdə ictimai iştirakçılıqla bağlı müzakirə edəcəyimiz mövzuya hökumətin regional müstəvidə yanaşmasını görmək istəyirdik.

Etiraf edək ki, ölkə başçısı bu məsələdə siyasi iradəsini ortaya qoyub. Dövlət qurumlarında, ilk növbədə İcra Hakimiyyətlərində İctimai Nəzarət Şuraları qanunauyğun formada yaradılmalı və onların normal fəaliyyətinə şərait yaradılmalıdır.

Konfransda Mingəçevir istisna olmaqla,  Gəncə, Naftalan şəhərlərinin, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, və Goranboy rayonlarının icra hakimiyyətləri yanında təşkil edilən İctimai Şuraların “təcrübəsindən” danışıldı. Məlum oldu ki, yerli icra hakimiyyətləri gözə kül üfürməklə məşğul olublar. Əsasən dövlət idarələrinin rəhbər və işçilərindən ibarət formal ictimai şuralar təsis etməklə “İctimai İştirakçılıq haqqında” Qanundan “xəbərsiz olduqlarını” ortaya qoyublar. Bu məntiqlə, icra başçısına tabe olan idarə rəisi guya başçının fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcək. Əgər “kiçik padşahların” üzərində vətəndaş nəzarəti olsaydı, o zaman qara-qura əməllərinə görə qara maskalılar tərəfindən başına qara torba keçirilən icra başçılarımız da olmazdı…

Konfransda o da üzə çıxdı ki, İŞ-ya seçilənlər nə qədər səs yığdıqlarını bilmir, hətta üzvlər bir-birlərini tanımırlar. Şura “sədrlərinin” çıxışlarından hiss olunurdu ki, onlar yerli başçıların züy tutanlarıdır. Rəhmətlik Yaşar Nurinin oynadığı bir tamaşada dediyi kimi: “Fatı qalx, Fatı otur”.

Yerli hökumətlərin məsələyə belə münasibətinə görə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev əsəbiləşdiyini gizlədə bilmədi. O, konfransa qatılan İH başçılarının müavinlərinə üzünü tutaraq: Vüsal Quliyev: “Belə münasibəti hətta “siyasi sabotaj” da adlandırmaq olar. Yaxşı olar ki, İctimai Şuraların tərkibinə bir daha baxılaydı. Uyğun olmayan, xoşagəlməz hallar varsa, yenidən təşkili məqsədəuyğun olardı”.

Təbii ki, ictimai iştirakçılığın genişlənməsi üçün QHT və mediaya, vətəndaş təşəbbüsü  qruplarına rahat fəaliyyət imkanları yaradılmalıdır. Bəs real mənzərə necədir? Elə mən də konfransda bu barədə danışdım. Dedim ki, ECSOFT proqramı çərçivəsində ilin əvvəlindən təhsilin idarəolunmasında valideyn iştirakçılğının rolunu artırmaq üçün Mingəçevirdə 4 məktəb yanında ictimai şura yaratmışıq və bu gün də layihə üzrə ümumşəhər valideynlərinin konfransını  keçirəcəyik: “Mayın 20-də yerli icra başçısına məktub göndərərək, iştirakını xahiş etmişik. Gəncəyə gələrkən İH-nin məsul nümayəndəsi zəng zəng vurub ki, bəs Prezident Administrasiyasında kuratorun tədbirinizdən xəbəri yoxdur, ona görə də keçirilə bilməz. Pandemiya dövründə görüşlər zoom üzərindən olurdu. Həm də düşünürdüm ki, QHT-yə köhnə yanaşmaya son qoyulub. Hazırkı vəziyyətdə hansı ictimai iştirakçılıqdan söhbət gedə bilər?”.

Vüsal Quliyevin, eyni zamanda PA-nın digər nümayəndəsi Əli Pənahovun çıxışlarından başa düşdüm ki, Prezident Administasiyası bütün bürokratik əngəllərin əleyhinədir. Yəni yerlərdəki hökumət qurumları məsuliyyət daşımaq istəmir və “lazımsız kağız-kuğuzla” onsuz da işi başından aşan yuxarı qurumun işini artırırlar. Yəqin ki, bu cavab verilməsəydi, tədbirimizin zorakı yolla pozulmasına da cəhd göstərəcəkdilər. 10-15 il qabaqkı təcrübədə belə hallarla tez-tez rastlaşırdım…

Konfransda iki məsələ də diqqətimi çəkdi. Birincisi, görülən işlər, həyata keçirilən layihələr barədə sosial şəbəkə istifadəçilərini çox qısa və maraqlı kontentlərlə, xüsusən 10-15 saniyəlik videolarla məlumatlandırmaq. Yəni kağız qəzetlərdə uzun-uzadı yazılan məqalələri heç kim oxumur. Bəs onda icra hakmiyyətləri bu qəzetlərə yenə də abunə yazılmağı zavod, məktəb, səhiyyə, kommunal və digər qurumların rəhbərlərindən niyə tələb edir?

İkinci məsələ isə ictimai şuraya seçkilərin təkmilləşdirilməsi və üzvlərə əmək haqqı verilib-verilməməsi ilə bağlıdır. Qanunda  maaş söhbəti yoxdur. Bəzi həmkarlarım hesab edir ki, maddi stimul olmasa, onda şura təmsil etdiyi qurumun əlinə baxacaq. Hətta QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya təklif olundu ki, gələcəkdə qanunda dəyişiklik olarsa, Agentliyin maliyyəsi hesabına vəziyyəti  tənzimləmək olar.  Bununla ictimai şuraların icra hakimiyyətləri qarşısnda deyil, Agentlik qarşısında sorumluğu yaranar. Amma əksəriyyət belə qənaətdədir ki, vaxtı və həvəsi olan, heç bir təmənna, maaş  güdməyən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakilə hökumətin üzərində ictimai nəzarəti təmin etmək daha məqbul yanaşmadır.

Bir müddətdir ki, müxtəlif bölgələrdə keçirilən konfranslar barədə xəbərləri oxuyuram. Hamısında eyni xətti görürəm: konfrans oldu, yerli QHT-lərin ofislərinə baş çəkildi. Amma media bu davamlı tədbirlərin əsl mahiyyətini çatdırmır və ya istəmir. Əsl mahiyyət isə budur: Ölkə başçısı həm mərkəzi, həm də yerli  hakimiyyətin ictimai nəzarətdən kənarda qalmasını istəmir. Bu nəzarət baş tutsa, bir ovuc adam yox, bütün ölkə qazanacaq.

P.S. “Mingəçevirdə istisna olmaqla” fikrini havadan yazmamışam. Bu şəhərdə sovetdən qalma şuralar hələ də fəaliyyətdədir. Amma yeni QHT-lər də yaranır və artır. İcra Hakimiyyəti mövqeyini ortaya qoya bilən vətəndaş cəmiyyəti qurumlarını  yaxın buraxmasa da, onlar ictimai nəzarəti həyata keçirməyə hazırdırlar.      

    

Müəllif: Fərman Nəbiyev,

Əməkdar jurnalist