“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana südünün əhəmiyyətinin təşviqi” maarifləndirici layihəsi başa çatıb.
Kanal32.az-ın məlumatına görə, yekun tədbirini giriş sözü ilə açan Birliyin sədri Könül Quliyeva layihə çərçivəsində görülmüş işlər barədə geniş məlumat verib. Bildirilib ki, südəmər körpələrin, həm də gənc anaların sağlamlığı ilə bağlı aktual mövzulara həsr olunmuş silsilə təlimlərdə təcrübəli mütəxəssislər – mama-ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Cavadova, həkim-pediatr Pərvanə Quliyeva, rezident-həkim Ayan Abduləliyeva, psixoloqlar Ruhiyyə Məmmədova və Validə Abbasova 18 nəfər layihə iştirakçısına – gənc analar və subay xanımlara ana südünün əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Ana südünün körpənin immun sisteminə, fiziki və psixoloji durumuna göstərdiyi müsbət təsirdən danışıblar. Layihə rəhbəri sözügedən layihənin icrasına yardımçı olmuş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, müasir tibbi ədəbiyyatdan, elmi araşdırmalar və təcrübədən əldə edilmiş faydalı məlumatları böyük həvəslə dinləyicilərlə bölüşmüş təlimçilərə, yekun təqdimatın keçirilməsinə şərait yaradan T. Məmmədov adına 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimovaya, eləcə də təlimlərin gedişini mətbuat səhifələrində və sosial mediada geniş işıqlandırmış jurnalistlərə dərin təşəkkürünü bildirib.
Layihənin gedişini əks etdirən video-çarxın nümayişindən sonra tədbirdə iştirak edən Jalə Cəfərova (“Milli Mədəniyyətin Təbliği” İctimai Birliyi), Gülşən Behbudova (“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyi), Fatimə Haclbəyli (“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyi), Cəmilə Abdulova (“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım Cəmiyyəti” İctimai Birliyi), Mətanət Əsgərova (“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi), Səbinə Kərimova (“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək” İctimai Birliyi), Fəridə Mirişova (“İz” Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi), Leyla Həsənova (“ABC” Tədris və İnkişaf Mərkəzi), Almaz Əhmədova (Dünya Jurnalistlər Birliyi), Gülnar Teymurova (239 saylı tam orta məktəbin nəzdində yaranmış VMA), Ruhiyyə Məmmədova (“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi) Nərminə Cəfərova (psixoloq) layihə çərçivəsində həyata keçirilmiş təlimlərin faydası barədə öz fikirlərini bölüşüb, ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirici tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıblar.
Tədbirin sonunda Könül Quliyeva iştirakçılara minnətdarlığını bildirib və onların bu səpgidə layihələrin davamlı olması ilə bağlı təkliflərini müasir cəmiyyətdə sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlərə böyük ehtiyacın göstəricisi kimi dəyərləndirib.
Kanal32.az