“Askona” şirkəti rus dilini “əla bilmək” şərtini qoyur, amma…
Azərbaycanda müxtəlif reklam və elanların əcnəbi dillərdə verilməsi adi hal alıb. Təəssüf ki, qanunvericilikdə buna birbaşa qadağa qoyulmayıb. Bundan istifadə edən bir çox şirkətlər hətta işə qəbul elanlarını belə xarici dildə verirlər. Hansı ki, məntiqlə işə qəbul üçün azərbaycanlılara müraciət olunursa, elan da Azərbaycan dilində verilməlidir…
Bununla yanaşı, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 7-ci maddəsinə əsasən, reklamlarda və elanlarda (o cümlədən iş elanları bu kateqoriyaya daxil edilə bilər, çünki onlar ictimai elanlardır) dövlət dili (Azərbaycan dili) mütləq istifadə olunmalıdır. Elanlarda Azərbaycan dili əsas olmalıdır, xarici dil əlavə olaraq istifadə edilə bilər. Xarici dil hissəsi Azərbaycan dili hissəsindən kiçik ölçüdə olmalı və ondan sonra yerləşdirilməlidir.

Məsələn, mətbuatda son günlər Azərbaycanda mebel satan Rusiya kapitallı “Askona” şirkətinin işə qəbul elanına rast gəlinir. Elan rus dilində verilir. Media orqanlarımz da həvəslə həmin elanı yayımlayırlar(təki pul gəlsin…). Lakin zəhmət çəkib elanın heç olmasa, rus dili ilə yanaşı, həm də Azərbaycan dilindəki variantını vermək istəmirlər. Bununla da sözügedən şirkət kimi, mediamız da dilimizə qarşı hörmətsizlik etmiş olur… Üstəlik, şirkətin elanında deyilir ki, işə qəbul olunmaq istəyən şəxs “rus dilini əla bilməlidir”. Məsələnin hüquqi tərəfini bir yana qoyaq, məsələn, Rusiyada hansısa Azərbaycan şirkəti işə qəbul üçün bu cür elan verə və işə düzəlmək istəyən ruslardan “Azərbaycan dilini əla bilməsini” tələb edə bilərmi?
Bir daha qeyd edək ki, işə qəbul elanlarının əcnəbi dildə verilməsinə və əcnəbi dili “əla bilmək” tələbinə qanunvericilik birmənalı qadağa qoymur və əsas məsələlərdən biri də budur. Bu məsələyə Milli Məclis səviyyəsində baxılmasına və qanunvericiliyə müvafiq dəyişiklik edilməsinə ehtiyac var. Əlbəttə, hansısa spesfik sahədə işə qəbul üçün xarici dil tələbinin qoyulması anlaşılandır. Ancaq hansısa mebel satan rus şirkətinin belə gəlib Azərbaycan bazarında mal satmaq üçün “rus dilini əla bilmək” tələbini qoyması absurddur. Belədirsə, sabah Azərbaycanda İran malı satan şirkət azərbaycanlılardan fars, fransız malı satan fransız və s. dili tələb etməlidir?
Bu məsələyə qanunla düzən verilməyincə və ümumiyyətlə dil haqqında mövcud qanunvericiliyimizə məhəl belə qoyulmayınca, bu cür absurd və dilimizə qarşı hörmətsiz münasibət də davam edəcək…
Elxan Qüdrətoğlu