Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Zahirilik və şüarçılığın ictimai fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbir AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, Aİİ-nin dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlının moderatorluğu ilə baş tutub. M.Babaşlı bildirib ki, TEC-in təşkilatçılığı ilə baş tutan seminarda müasir dövrdə insanların dinə olan münasibəti, dinin xurafatdan və zahirilikdən uzaq şəkildə təbliği məsələlərinə toxunulacaq.
Aİİ İlahiyyat fakültəsinin IV kurs tələbəsi Fərid Qasımzadə “Zahirilik və şüarçılığın ictimai fəsadları” mövzusunda çıxış edib. Mövzu haqqında geniş məlumat verən məruzəçi təlqin, təbliğ və təmsilçilik, nəfslə mübarizə ətrafında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Bildirib ki, cəmiyyəti bölən deyil, birləşdirən, dediklərini həqiqətən yaşayan, zahirilikdən və şüarçılıqdan uzaq olanlara ehtiyacımız var. Radikallığın heç bir səmavi dində olmadığını vurğulayan F.Qasımzadə belə halların doğru təmsil və təbliğin olmamasından yarandığını bildirib. Məruzəçi dinin cəmiyyətə təsirlərinin dini düzgün şəkildə yaşayanlardan asılı olduğunu qeyd edib: “Əgər şüarçılıqdan və zahirilikdən uzaqlaşa bilsək, cəmiyyətimizdə dinə qarşı olan tənqidləri aradan qaldıra bilərik. Bunun üçün doğru təhsil, düşünmək və cəmiyyətlə bir olmaq lazımdır”.
Sonda çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov mövzunun əhəmiyyətinə toxunub. Bildirib ki, belə seminarların keçirilməsində məqsəd tələbələrdə nitq qabiliyyətinin yüksəldilməsidir. Rektor dinin mahiyyətinin birləşdiricilik, xeyrə sövq etmək, pis əməllərdən uzaqlaşdırmaq, insanı xoşbəxtliyə aparmaq və s. olduğunu qeyd edib. Zahirilik və şüarçılığın vurduğu zərərləri aradan qaldırmağın yolunun dinin mahiyyətini anlayıb, təbliğ etmək olduğunu vurğulayıb.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.