Zəlzələdə bütün ailə üzvlərini itirdi,Gəncəyə sığındı və…

2023-cü ilin fevralın ayının 6-da mərkəzi Kahramanmaraş olmaqla qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ əsrin fəlakəti kimi Türk dünyasının acı bir günü olaraq tarixə qovuşdu.
Bu ağrılı günlərdə hər birimizin ürəyi Türkiyə ilə bir döyünür, hər kəs əlindən gələn köməyi etməyə çalışırdı.
Hər iki qardaş dövlətin həm 44 günlük haqq savaşı dönəmində, həm də zəlzələ günlərində biri- birinin yanında olması, dünyaya bir qardaşlıq mesajı oldu.
Hər iki hadisə illər keçsə də, hər zaman xatırlanacaq.
Elə bu günlərdə Gəncənin mərkəzi bazarında qarşılaşdığım an kimi.
Yayın nəfəs kəsən istisində bazara daxil olarkən, ilk qarşıma çıxan köşkdə oturaq halda bir nəfər “abi iyi şaftalımız var, gəl al” deyə səslənir. Bazarda Türkiyədən olan qardaşımızın satıcılıq etməsi diqqətimi çəkir.
Yaxınlaşıb ayaqüstü söhbət edirəm.
Özümü təqdim etdikdən sonra, Mahmud Ali bəyin çox təsirli həyat hekayəsini dinləyirəm. Danışdıqca həm öz gözü dolur, həm də məni duyğulandırır.
Mahmud bəy Kahramanmaraşda iş adamı olub, özünün apteklər şəbəkəsi və icarədə bir neçə əmlakı olub.
Hət da hər övladına bir yer hədiyyə edib.
Heç bir sıxıntısı olmayıb, xoşbəxt həyat yaşayıb. 2023-cü ilin fevral ayında baş verən o ağır zəlzələ gününə kimi.
Deyir o gecə mən işimlə bağlı İstanbula getmişdim. Zəlzələ xəbərini eşitdikdən dərhal sonra, tez yoldaşıma zəng etdim cavab vermədi, uşaqlarıma zəng etdim cavab vermədilər. Bir anlıq o acı xəbər san ki, ürəyimə xal kimi düşdü. Tələsik geri döndüm. Gördüyüm mənzərə məni bir anlıq, yaşayacağım ömrün sonuna kimi sarsıtdı. Yüksək mərtəbəli binamız yerlə bir olmuşdu. Nəinki, ailəm, uşaqlarım, bir salamat adam qalmamışdı. Uşaqlarımın hər parçasını bir yerdən tapdım.
Danışdıqca rəngi qaralan, gözləri dolan Mahmud abidən neçə övladının olmasını xəbər alıram. Üç deyə cavab verir. Üç qızım vardı. İkisi həkim, biri isə vəkil idi. Yoldaşımla birlikdə dördü də getdi.
Onları elə böyüdüb, oxutmuşdum ki, heç bir sıxıntıları olmadı. Üçü də ay parçası idi.
Mahmud abinin yarasının qaysağının qoptuğunu görüb, çalışıram fikrini dağıdam.
Abi,Gəncəyə necə gəlib çıxdın?
-Türkiyədən tanıdığım bir dostumun sayəsində gəldim. İş qurmaq istədim alınmadı. Gəncənin havası, suyu məni özünə bağladı. Bir ildən artıqdı burdayam. Türkiyədən təqaüdümü alıram.
Burada bazarda da başımı qatıram.
İndən sonra heç nədə gözüm yoxdu.
Nə zəngin olmaqda, nə də kresloda oturmaqda.
Gündə beş rükət namazımı qılıb, tezliklə yoldaşımın, qızlarımın yanına gedəcəyim günü gözləyirəm…

Samir Mustafa