Zəfər paradından 1 İL ÖTÜR

Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradının keçirilməsindən 1 il ötür.

Kanal32.az xatırladır ki, 2020-ci il dekabrın 10-da isə paytaxt Bakıda Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Paradda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Hər iki Prezident parad zamanı çıxış edib.

“Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub. Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Prezidentlərin çıxışlarından sonra Zəfər paradı başlayıb.

Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləyib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirilib.

Döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib.

Sonra Silahlı Qüvvələrin şəxsi heyəti tribunanın önündən keçib.

Zəfər paradında Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular da tribuna önündən keçiblər.

Daha sonra hərbi texnikaların keçidi olub.

44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi də Azadlıq meydanına gətirilib.

Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar – “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar – zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqi kimi nümayiş olunub.

Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya da paradda nümayiş etdirilib. Kompozisiyanın üzərində “Qarabağ Azərbaycandır!” şüarı həkk olunub.

Daha sonra xüsusi təyinatlı avtomobil, zirehli texnika, artilleriya və silah sistemləri kolonu Azadlıq meydanından keçid edib.

Zəfər paradı Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin Azadlıq meydanı üzərində uçuşu ilə yekunlaşıb.