Rusiyanın Yaroslavl şəhərində Azərbaycan Qadınlar Birliyi Novruz bayramını xoş əhval-ruhiyyə ilə qarşılayıb. Onlar Novruz ənənələrini əks etdirən oyunlarla, musiqi proqramı ilə zəngin bayram şənliyi keçiriblər.
KANAI32.az-a verilən məlumata görə, bayram şənliyi Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Tədbirin təşkilatçısı, Yaroslavl Vilayəti Hökuməti yanında millətlərarası münasibətlər üzrə Koordinasiya Şurasının üzvü, Azərbaycan Qadınlar Birliyinin sədri Xatirə Qəmbərova Novruz bayramının tarixi, adət-ənənələri haqqında məlumat verib və barış, birlik, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən Novruz bayramının milli dəyərlərlə zəngin olduğunu vurğulayıb. O, milli bayramların ölkə hüdudlarından kənarda keçirilməsinin, gələcək nəsillərə ötürülməsinin vacibliyini bildirib.
Tədbirdə Yaroslavl Qadınlar Birliyinin xanımları Novruz adət-ənənələrini özündə əks etdirən böyük şair M. Şəhriyarın “Heydərbabaya salam” poemasını səsləndirib. Bayram şənliyində olan milli rəqslər, xalq şənlikləri, Keçəl və Kosa personajlarının çıxışları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Bayram tədbirində uşaqlar ana dilində Novruz bayramına, vətənə aid şeirlər söyləyib. Yumurta döyüşmək yarışması onlara bayram sevinci bəxş edib.
Şənlikdə ən gözəl Novruz xonçası və ən gözəl səməni üzrə müsabiqələr keçirilib. Gənc qızlar və xanımlar şəkərburaya naxış vurma müsabiqəsində iştirak ediblər. Qaliblərə hədiyyələr təqdim olunub. Tədbirdə milli atributlar, şirniyyatlar, çay dəzgahı ilə bəzədilmiş guşə hazırlanıb.
Xatirə Qəmbərova tədbirin təşkil olunmasında əməyi keçənlərə — Fidan Şirinova, Aynur Qafarova, Ülviyyə Eyubova, Ülviyyə Cəbiyeva və başqa xanımlara təşəkkürünü bildirib.