Yallı Azərbaycan milli rəqsi. 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısına daxil edilmişdir
Yalli (Kochari, Tenzere) traditional group dances of Nakhchivan
Azerbaijan Inscribed in 2018 (13.COM) on the List of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding
Yalli, traditional group dances, are dance expressions based exclusively on collective performances. Typically, yalli are performed in a circle, chain or line, and involve elements of games, pantomime (bird or other animal imitations), physical exercises and movements. The community of the yalli dances consists of practising dancers, who enact the dances either spontaneously or in a planned manner at various festivities and celebrations. Some variants of yalli bear a song-like character and are practised by both women and men, while others are practised by men only and imitate pastoralist games with some elements of butting animals. Until the mid-twentieth century, yalli were widely practised but several factors have impacted the transmission of the practice thereafter. They include a gradual loss of social functions for certain types of yalli, a preference for staged performances, external factors such as labour migration and the economic crises of the late 1980s and early 1990s, a shift from informal to formal transmission, and a drastic simplification of the dances, which has entailed a loss of diversity.
Azərbaycanın güney bölgələrində “yallı”ya “halay” da deyilir. Bu söz “Al/Hal” kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol “halah” feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca “hələ” feli də eyni anlama gəlir.
Yallı funksional strukturu və janr tipologiyası baxımından mərasim rəqsidir. Bu rəqsə indi də bir sıra müasir türk xalqlarının, o cümlədən Sibir türklərinin mədəniyyətində mərasimlərin tərkib hissəsi kimi rast gəlinir. Yallının kökləri kollektiv rəqs-mərasim forması kimi ibtidai icma dövrünə, etnosun kosmoloji düşüncə çağına gedib çıxır. Yallıların prosessual strukturuna fikir verdikdə görürük ki, burada ard-arda icra olunan hərəkət aktları bütövlükdə sakral kosmoloji informasiyanı ifadə edir. Həmin informasiyanın məzmununu insanın sakral qüvvələrə olan ehtiyacının magik şəkildə ifadə olunması təşkil edir. İnsanların tanrılara dualarında sakral güclərin rəhmə gəlməsi üçün onlar tərənnüm oldunduğu kimi, yallılarda da eyni məzmun hərəkət-jest aktları vasitəsilə ifadə olunur. Bu cəhətdən yallılar arxiak düşüncə baxımından insan kollektivi ilə tanrılar arasında əlaqə forması idi. Bu da yallıların ritual funksiyasını ortaya qoyur. Qobustanda qayalara çəkilən köhnə çağlara aid şəkillərdə yallıların təsvir olunması bu rəqsin qədimliyini birmənalı şəkildə təsdiq edir.
Bəzi məlumatara görə, yallı rəqsi Elley (Allay) adlı ilk ata ilə əlaqəlidir. Bizim fikrimizcə, “yallı” lekseminin əsasında “hal”, “hala girmə” konsepti durur. Bu gün kollektiv əhval-ruhiyyənin emosional ifadə olan yallı kosmoloji düşüncə epoxasında tanrılarla əlaqəyə girməyin emosional-affektiv mexanizmi idi. Şamanlar tanrılarla əlaqəyə girmək üçün trans halına girdikləri kimi, ibtidai kollektiv də öz tanrıları ilə əlaqəyə girmək üçün trans halına daxil olmalı idi. Bu kollektiv transın bu gün bizə gəlib çatmış izləri yallılardır. Bu baxımdan, “yallı” sözünün kökündə “hal” sözü durur və yallı arxik düşüncə epoxasında kollektiv trans halına girməyin forması, üsulu və mexanizmi idi.
Yallı rəqs sənətinin ilkin formasıdır
Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir. Rəqs sənətinin çoxəsrlik tarixə malik olması faktı xalq rəqslərimizin əsas qollarından biri sayılan “yallı”nın yaranması ilə bağlıdır. Azərbaycanda “yallı”nın dərin kökləri haqqında bir çox mənbələr, arxeoloji qazıntılar, tarixi ərazilər bizə mühüm və maraqlı məlumatlar açıqlayır. Belə ki, Qobustan ərazisindəki qayaüstü təsvirlər, Ordubad ərazisində Gəmiqaya dağındakı əl-ələ verib dövrə ətrafında rəqs edən insan şəkilləri, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif əşyaların üzərindəki yallı oynayan insan rəsmləri, tarixçilərin, alimlərimizin illərlə apardıqları elmi araşdırmalar Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirmişdir.
Yaranma tarixi üst Paleolit dövrünün orta Daş (Mezolit) dövrünə aid olunan Qobustan qayaüstü rəsmlərində (Qobustanın qayaüstü təsvirlər kolleksiyası Böyükdaş, Kiçikdaş, Cingirdağ, Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sahəsində aşkar edilmişdir) həmçinin Ordubadın Tivi və Nəsirvazlı kəndlərinin şimal-şərqində yerləşən, dəniz səviyyəsindən 3907 m yüksəklikdə qərarlaşan Gəmiqaya dağındakı qayaüstü təsvirlərinin bəzilərində əl-ələ tutub yallı gedən insan cizgilərinə rast gəlinir ki, bu da Yallının Azərbaycan ərazisində minilliklərlə ölçülən tarixinin olduğuna sübutdur.
Yallılar qədim dövrlərdən bəri Azərbaycan ərazisinin indiki Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax və qərbi Azərbaycan ərazisi olan İrəvan bölgəsində çox geniş yayılmışdır. Bu bölgələrdə, əsasən toylarda və el şənliklərində yaşlı insanlardan başlayaraq uşaqlara kimi hər kəs dəstə tutub yallı gediblər. Ümumiyyətlə, “yallı” məfhumu Azərbaycan xalqının dilində çox qədim zamanlardan mövcuddur. Belə ki, “yal” sözü – dağın yüksəkliyində yerləşən düzəngah deməkdir. Azərbaycanda belə ərazilər saysızdır. Məsələn, Gəncənin 30 km cənubunda dağlıq yerdə sıra ilə düzülmüş sarı qayalıqda yerləşən düzəngah “Sarı yal” adlanır. Kəlbəcər və Laçın ərazisində Qırxqız yaylağı ilə Çilgəz dağının arasındakı düzəngaha “Gödək yal” deyirlər. Ümumiyyətlə, Azərbaycanda bu cür yer adları çoxluq təşkil edir. “Uzun yal”, “Cıdır yalı”, “Oyuqlu yal” və başqaları belə ərazilərdəndir.
Yallı – həmrəylik rəmzidir. Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəyli: “Burada çox intişar edən “yallı” forması bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinc duyğularını, bacarıq və istedadını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq təzahürüdür”.
Yaranışından ta bu günə kimi yallılar xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını və birliyini özündə əks etdirmişdir. Dünyanın bir çox xalqlarında da bu cür keyfiyyətləri özündə cəmləşdirən yallıya bənzər rəqslər mövcuddur. Rumınlarda “Arkan”, bolqarlarda “Treskoxoro”, moldavanlarda “Tabakaryaska”, özbəklərdə “Lapar”, gürcülərdə “Perxuli”, fransızlarda “Branl”, yunanlarda “Sertaki” və s. belə rəqslərdəndir.
Yallı – cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqsdir. Oyun zamanı yallıya kollektivin önündə gedən iştirakçı (rəqqas) rəhbərlik edir. Ona xalq arasında “yallıbaşı” deyirlər. Yallıbaşı əvvəldən axıradək rəqsin ümumi gedişinə, iştirakçıların nizamlı hərəkətinə, hər bir ayaq hərəkətinin bütün iştirakçılar tərəfindən eyni qaydada yerinə yetirilməsinə, rəqsin düzgün başlamasına və vaxtında sona yetməsinə nəzarət edir. Bu işdə “yallıbaşı”ya ondan sonra gələn (ikinci rəqqas) iştirakçı “müavin” və dəstənin axırında duran sonuncu iştirakçı “ayaqçı” kömək edir. Yallını oynayarkən yallıbaşının və ayaqçının əlində yaylıq olmalıdır. Onlar əllərini yuxarı qaldıraraq yaylığı yelləməklə dəstənin əvvəlinin və axırının harda olduğunu bildirirlər.
Yallı dəstəsinə düzülən iştirakçıların sayı dəqiq müəyyən olunmur. Adətən yallı dəstəsinə 10-15 nəfər düzülür. Lakin bəzən, əsasən də, toy şənliklərində bu iştirakçıların sayı 20-30, hətta 40-50 nəfərə çatır. Yallı kollektivi həm kişilərdən, həm də qadınlardan ibarət ola bilər. Çox zaman bu rəqs qarışıq ifa olunur. Oyun zamanı iştirakçılar əl-ələ verərək və ya qollarını yana geniş açmaqla əllərini digər iştirakçının çiyninə qoyaraq rəqs edirlər. Bu zaman hər bir iştirakçı “yallıbaşı”nın etdiyi bütün hərəkətləri olduğu kimi, onunla bərabər eyni vaxtda təkrar etməlidirlər. Hər hansı bir hərəkəti düzgün oynamayan iştirakçı ya cəzalanır, ya da dəstədən kənarlaşdırılır.
Elə yallılar da var ki, orada iki dəstə iştirak edir. Üz-üzə dayanmış iki yallı dəstəsi ardıcıllıqla müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir dəstənin etdiyi hərəkəti digər dəstə təkrar etməyə çalışır. Sonda hər iki dəstənin başçısı güləşirlər və qalib gələn başçı dəstələri birləşdirməklə onlara rəhbərlik edir.
Yallı rəqsi incəsənətin sintetik forması olaraq instrumental, vokal musiqi və ifaçılıq kimi bir neçə sənəti özündə birləşdirir.
Yallılar xoreoqrafik məzmununa görə iki yerə bölünür. Bunlardan birincisi “süjetli yallılar”dır. Bu növ yallıların xoreoqrafik quruluşu və ifa tərzi müəyyən bir süjeti tərənnüm edir. Belə yallılar teatrlaşmış xalq oyunları olduğu üçün “oyun-yallı” adlanır. “Qazı-qazı”, “Çöp-çöpü”, “Köçəri”, “Dırqoyu” kimi yallılar buna nümunədir. Məsələn, “dırqoyu” yallısında qanadı qırılmış quşun süjeti göstərilir. Quş qanadı sındığından uça bilmir, lakin buna baxmayaraq tez-tez onu qaldıraraq hərəkətə gətirmək istəyir.
Eyni zamanda tərkibinə görə yallılar 3 cür olur: qadın, kişi və qarışıq.
Digər yallılar isə müəyyən əhval-ruhiyyəni, xüsusən qəhrəmanlığı, gümrahlığı, gəncliyi və cəldliyi ümumi şəkildə tərənnüm edən “rəqs-yallılar”dır. Bu yallılara “tənzərə”, “siyaqutu”, “dönə”, “ürfanı” və başqaları daxildir.
Yallılar musiqi müşayiətinə görə də iki yerə bölünürlər.
1. Mahnı (reçitativ) müşayiəti ilə ifa olunan yallılar.
2. Musiqi (instrumental) müşayiəti ilə ifa olunan yallılar.
Həyatının böyük bir hissəsini yallının öyrənilməsinə həsr etmiş dəyərli tədqiqatçı Ədalət Kərimli özünün “Yallı” adlı əsərində yallının etimologiyası, ifa tərzi və növləri haqqında geniş və ensklopetik məlumat verməklə musiqi folklorumuzun ən vacib tərkib hissəini təşkil edən yallı haqqında sistemli məlumat toplusu yarada bilmişdir. Tədiqatçı yallının ayrı-ayrı növlərinin öyrənilməsi üçün Naxçıvan, Qərbi Azərbaycanın bir çox regionlarını gəzmiş yallı ifaçıları ilə görüşmüş həmçinin yallının müqayisəli təhilini aparmışdır. Ədalət Kərimlinin fikirincə Azərbaycanda yallının yüzdən çox növü var. Lakin tədiqiqatçı yallının 50 növünün adını aşakarlayaraq onların bir qrupunun ifa tərzini ümumiləşdirə bilmişdir. Hesab edirik ki, fenomenal milli mədəniyyət nümunəsi olan yallının tədqiqatçıları gələcəkdə yallının itib-batmış bütün növlərini bərpa etməyə çalışmalıdırlar.
Yallı folklor nümunəsinin qorunub saxlanmasında əvəzsiz xidməti olan şəxslərin sırasında ömrünün 40 ilini yallı rəqslərinin orijinal ifasının qorunub saxlanmasına həsr edən ifaçı, Əməkdar mədəniyyət işçisi, qədim alətlərin mahir ifaçısı Kamal Babayevin də adını çəkmək yerinə düşərdi.
Qeyd edək ki, Azərbaycan mədəniyyətində xüsusi yeri olan yallı rəqsinin çox sayda növləri tədqiq olunmuşdur. Buna nümunə olaraq aşağıdakı yallıları göstərmək olar.
“Urfanı”, “Baharı”, “Gopu”, “Tirmə Şalı”, “Tənzərə”, “Qənimo”, “Tello”, “Kafeyi, Köçəri”, “Arzumanı”, “Qaladan-Qalaya”, “Haxışta”, “Dönə”, “Siyaqutu”, “Dırqoyu”, “Dörd ayağı”, “Popuri”, “Qaleyi”, “Xələfi”, “Leyli-xanı”, “El yallısı”, “Şəruri”, “İrəvanı”, “Üç ayağı”, “Festivalı”, “Güleynare”, “Kürüdn ağırı”, “İki ayağı”, “Nurqe”, “Qazı-qazı”, “Şərrani”, “Şərur toyu”, “Çör-çöpü”, “Arazı”, “Qatar məqamı”, “Hoynare”, “Üç pəncə”, “Lelo”, “Sareyi”, “Cınq-Cınq”, “Naxçivani”, “Gömrü”, “Tək ayağı”, “Ay Lolo”, “Qoçəri”, “Gümrü”, “Laçını”, “Nanuke”, “Uuzundərə”.
Bəzi hallarda yer adları ilə bağlı olan yallı növlərini tədqiqatçılar təhrif olunmuş yer adları ilə adlandrırlar. Hesab edirik ki, həmin yer adlarını adlandırarkən səciyyəvi xüsusiyyətlərini özündə ehtiva edən qədim toponimlərinin adı ilə adlandırılması daha düzgün olar. Ədalət Kərimlinin qeyd etdiyi yallı növləri sırasına daxil edilmiş “Aleksandrabul”, “Leninakani” növləri qədim Oğuz türk yurdu olan Qərbi Azərbaycanın Gümrü yayşayış məskəninin ermənilər tətəfindən saxtalaşdırılmış adıdır. Bunlar həmin ərazilərdə yaşayan Azərbaycan türklərinin ifa etdiyi yallı növləridir.
Şübhəsiz ki, Yallı folklorunun qorunmasında profesanal yallı ifaçılıq sənətini yaşadan yallı qruplarının rolu danılmazdır. Yallının mühafizə olunması, yaşadılması və gələcək nəsillərə çatdırılmasında folklor ansanbıllarının xüsusi rolunu qeyd etməyə bilmərik.
Şərur rayonunda fəaliyyət göstərən üç yallı qrupu içərisində ən qədimi “Şərur” Xalq Yallı Ansamblıdır. 1929-cu ildə yaradılmış bu folklor qrupu keçmiş İttifaq ərazisində və beynəlxalq səviyyədə bir sıra festvallara qatılmışdır. O, cümlədən 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. 1972-ci ildə Almaniya Demokratik Respublikasında beynəlxalq folklor festivalında iştirak etmişdir. Festvalda Azərbaycan rəqs qruplarını hazırlayan Xalq artisti Əminə Dilbazi öz xatirələrində yazır: “Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda Şərur torpağındadır… Biz ora – Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, “Şərur yallısı” idi…”
Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanmışdır. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində təşkil olunan beynəlxalq folklor festivalına qatılan ansamblın fəaliyyətini əks etdirən “Şərur yallısı” sənədli filmi çəkilimişdir. Kollektivin uğur qazanmasında Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi rəqs ustalarının böyük xidmətləri olmuşdur. Hazırda ansamblın üzvlərindən 4 nəfər Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi adına, 10 nəfər Prezident mükafatına, 2 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Öz ətrafında yaşlı ifaçıları birləşdirən “Nurani” xalq yallı ansamblının fəaliyyəti də təqdirə layiqdir. Məhz bu kollektivin üzvlərinin səyi nəticəində “Hoynərə”, “Dönə” kimi yallılar yenidən sənətə qaytarılıb.
Reperturaında qırxdan çox yallı və rəqs (“Qaladan –qalaya”, “Tello”,“Xələfi” , “Urfanı”, “Tirmə-Şal”, “Qazı-qazı”, “Dırqo”, “Höynəri”, “Gülümey”, “Haxışta” və.s) olan “Şərur qönçələri” uşaq yallı ansamblının da bu folklor nümunələrinin qorunmasında, gələcək nəsillərə çatdırılmasında xidmətləri danılmazdır.
Yallının qorunması və təbliği sahəsində fəaliyyətə toxunarkən 30 sentyabr 2016-cı il tarixdə “Plov” və “Yallı” festivallarının keçiriliməsini də qeyd etməliyik.
2018-ci ildə “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsini nəzərə alaraq yallının tədqiq olunmuş ayrı-ayrı növlərinin ifa tərzini əks etdirən aşağıdakı ensklopedik məlumatların bu kitabda yer almasını zəruri hesab edirik.
“Urfanı” – Əzəmət, vüqar, mərdlik, kişilik, hərəkətləri ilə zəngin olduğundan kişi yallısı adını almışdır. Bu yallını yalnız kişilər ifa edir. Tempinə görə üç hissədən ibarətdir.
Birinci hissədə bir-biri ilə çeçelə barmaqlar vasitəsilə birləşən ifaçılar ağır templi musiqinin müşayiəti ilə sağ ayağın diz bərabərinə qaldırılması ilə yallını başlayırlar. Dörd addımdan sonra (burada nağaranın zərb ritmləri xüsusi nəzərə alınmalıdır) sol ayağın ritmik hərəkəti və sonra sağ ayağın diz bərabərinə qaldırıb ayağın sola və yenə də yuxarıya qaldırılması ilə tamamlanır.
Vaxta, məkana görə birinci hissə bir neçə dövrəvi hərəkətlə təkrar olunur (xatırladaq ki, yallılar yalnız dövrəvi hərəkətlərlə təkrar olunur).
İkinci hissədə ifaçılar eyni hərəkətlərlə, lakin qolların başdan yuxarı qaldırılması şərti ilə yönlərini içəri çevirməklə, sağ ayaq qabaqda, sol isə ondan arxada, adi rəqs hərəkətləri ilə rəqsi davam etdirirlər.
Üçünçü hissədə incə rəqs hərəkəti ritmik addımlarla əvəz olunaraq rəqs tamamlanır.
“Gopu” – Baharın gəlməsini tərənnüm edən rəqs yallısıdır. Bu yallı eyni zamanda yaz vaxtı durnaların gəlişini də təsvir edir. Yallını qadınlar və kişilər qarışıq ifa edir. Burada ifaçılar biri-birinin əlindən tutmaqla (qollar dirsəkdən 900 bükülməklə əllər bir-birinə daraqlanır) rəqsə başlayırlar. Bu yallı da üç hissəlidir.
Birinci hissədə sağ ayaq yerində, sol ayaq sağdan bir az irəlidə olmaq şərtilə, ritmik addımla hərəkət başlayır. Musiqiçi hər hansı ifaçının qarşısında durursa o ifaçı hökmən oxumalıdır. Əgər oxumaq bilmirsə musiqiçiyə xələt (nəmər) verməlidir.
Mahnı oxunarkən bütün ifaçılar “Heyy!” deyərək oxuyana dəstək olurlar.
İkinci hissədə əllərin vəziyyəti dəyişir. İfaçıların əlləri çeçelə barmaq vasitəsilə birləşərək kişilərin yönləri və üzləri qadınlara çevrilir və incə, zərif rəqslə arxaya hərəkət edilməsi ilə davam edilir.
Üçüncü hissədə əllər yenidən bir-birinə daraqlanır və birinci hissənin hərəkətlərinin iti sürətlə davam etdirilməsi ilə başa çatır.
“Tənzərə” – Şərur rayonunun Çərçiboğan, Çomaxtur, Dizə və başqa kəndlərində daha çox inkişaf tapan folklor rəqs kollektivlərinin repertuarlarına müntəzəm daxil edilən bu rəqs hərfi mənada “Qızılı tənbətən” deməkdir. Gözəllik, parlaqlıq ifadə edən bu yallını adətən qadınlar ifa edir. İki hissəli rəqs yallısıdır. İfaçılar çeçelə barmaqla birləşərək, üç addım irəli gedərək sol ayaqlarının ucunu yerə vurur, həmin andan sonra, yenə də sol ayağını irəli atıb bir anlığa onun üzərində durur üç kiçik addım geriyə hərəkət edirlər. İkinci hissə də bir az iti templə birincinin eynidir.
Bu yallıda qadınlar çoxlu zər-ziba, bər-bəzək vururlar. Yəni ifaçıların geyimin üstündə daş-qaş və köhnə pul düzümləri olur. İfaçılar yallının ritimlərinə uyğun hərəkət etdikcə paltarın üstündəki bəzək əşyaları silkələyir və zurnada çalınan musiqinin ritmi ilə bir uyğunluq, ahəngdarlıq təşkil edir. Yallının adı da məhz buradan götürülmüşdür. “Tənzərə” – yəni yarı zər, yarı bəzək-düzək. Qadınlar qurşaqdan yuxarı zinət əşyaları taxırlar. Bellərinə zərli kəmər bağlayırlar. Şərurun kənd toylarında ən çox ifa edilən yallıdır.
“Tello” – Bu yallı qız adından irəli gələn mahnı yallısıdır (mahnı ilə ifa olunan yallılara Şərurda səs yallısı da deyirlər). Tello yallısı Azərbaycanın bir çox yerlərində ifa olunur. Tempinə görə iki hisssədən ibarət olan Tello yallısı hərəkət ritmlərinə görə ən sadə yallılardan biridir. İfaçılar çeçələ barmaqla əlaqə yaradaraq üç addım irəli, üç kiçik adddım geri atmaqla asta tempdən iti tempə keçərək rəqsi davam etdirirlər.
Yallı sujet şəkildə davam edir. Hər dövrədən sonra “yallıbaşı” estafeti sol tərəfindəki yoldaşına verərək ortaya çıxıb rəqs edir və dəstənin axırından yapışır. Beləliklə, bütün üzvlər “başçı” və “ayaqçı” rolunu ifa edəndən sonra rəqs başa çatır. Mahnı solo və bütün ifaçıların xoru ilə ifa olunur.
Araz üstə buz üstə, Tello,
Kabab yanar köz üstə, Tello,
Qoy məni öldürsünlər, Tello,
Bir alagöz qız üstə, Tello,
Arazı ayırdılar, Tello,
Su ilə doyurdular, Tello,
Mən səndən ayrılmazdım, Tello,
Zor ilə ayırdılar, Tello
“Köçəri” – yaylaq yallısıdır. İki hissəlidir, qarışıq ifa olunur. Azərbaycanın hər yerində olduğu kimi Şərurda da aran, yaylaq zonası var. Əhalinin maldar hissəsi yayda yaylaqda, qışda aranda yaşayır. Əhali yaylağa böyük köçlər halında hərəkət edir. Yallının adı “Köçəri” – köçün əri, yəni başçısı ifadəsindən irəli gəlmişdir. Şən və ritmik şəkildə ifa olunan bu rəqsdə iştirkçılar bir-birinin çiyninə qollarını qoymaqla, titrək hərəkətlərlə üç addım irəli, üç kiçik addım geri getməklə aram tempdən iti tempə keçərək rəqsi tamamlayır.
“Qaladan-qalaya” – bu yallı sujetli və teatırlaşmış tamaşa şəkilində ifa olunur. İki hissəlidir. Burada qadın və kişilər ayrı-ayrı dəstələr halında rəqs edirlər.Qolların dirsəkdən 900 bükülərək əllərini daraqlnaması şəkilində dəstələr biri digərinin əksinə olaraq hərəkət edir. Bu yallıda qadınlarla kişilərin yumoristik mücadiləsi keçirilir. Hər dəstədən bir nəfər ortaya çıxaraq “döyüş” “güləş” “akrobatik” hərəkət və.s ilə yarışırlar. Burada azərbaycan kişilərinin comərdliyi qabardılır və bütün bu mücadilə, yarışma qadınların “qalibiyyəti” ilə tamamlanır.
“Dönə” – səs yallısıdır. Mahnı ilə müşayət olunur. İki hissəlidir. Qarışıq ifa olunur. Birləşmə çeçələ barmaqla olur və hərəkət sağ ayaqdan başlayaraq iki addım irəli atılır, sol ayağın ucu xəfifcə yerə vurulur, əksinə olaraq sağ ayağın dabanı yerə vurulur. İkinci hissə də eyni hərəkətlərlə bir az iti templə başa çatır. Mahnı solo və xorun ifasında oxunur. Xorun nəqarəti oxunduğu zaman kişi ifaçılar qollarını başdan yuxarı qaldıraraq 1800 dönməsi, qadınların üzlərinin çevirməsi və yenidən əvvəlki düzülüş formasını alması yallıya xüsusi rövnəq verir. Rəqsin adı da məhz bu hərəkətdən götürülmüşdür.
Dönə yallısının 1984-cü ildə Ostankino (Moskva) studiyasında səsyazması olub.
“Dırqo” – (dırqoyu). Qırqovul sözünün təhrif olunmuş formasıdır. Rəqs yallısıdır. Rəqsin cəld ifa olunan hissəsində iştirakçılar quş uçuşunu xatırladan hərəkət edirlər. Yalnız kişilər ifa edirlər. İki hissəlidir, qarışıq ifa olunur. Rəqsin hərəkətləri quş uçuşundan başqa Osmanlı Türklərinin “Zeybək” rəqs hərəkətlərini də xatırladır. İfaçılar möhtəşəm addımlarla ayağın diz bərabəri yuxarı qaldırılması ilə rəqsə başlayır. Üç addım atılır, sağ ayağın dabanı yerə vurulur, ayağın ucu əvvəlcə sağa, sonra sola və yenidən sağa döndərməklə hərəkət yenidən irəli getməklə davam etdirilir. Ayağın sağa, sola döndərilməsi zamanı ifaçıların “hey-hey!” deyə səslənməsi yallını daha əzəmətli edir.
“Popiri” – bəzən bu yallıya “Arazı” da deyirlər. Araz ətrafı kəndlərdə, Çərçiboğan, Arbatan, Qarahəsənli, Tumaslı, İbadullah və s. yerlərdə daha çox yayıldığı üçün belə adlanır. Rəqs yallısıdır. Ancaq kişilər ifa edir. İfaçılar dairəvi birləşərək tullanış hərəkətilə iki addım atdıqdan sonra sağ ayağın dabanını üç dəfə qaldırıb yerə vurmaqla davam edir. Cəld və cevik hərəkətlərlə ifa olunan yallı bir hissəlidir. Hər hansı yallı kompsiziyasının daha möhtəşəm şəkildə başa vurulmasını təmin edir. Mürəkkəb hərəkətlər icra olunarkən (dabanın üç dəfə yerə vurulması) ifaçılar əl çala-çala yerlərində tam bir dövrə fırlanır. Bu isə rəqsin daha şux və çevik görünməsinə səbəb olur.
“Xələfi” – rəqs yallısıdır. İki hissəlidir. Burada ifaçılar bir-birinin belindən tutaraq rəqsi davam etdirirlər. Hərəkət sağ ayaqla başlayır, iki addımdan sonra sağ ayağın ucu yerə vurulur və ayaq tam şəkildə yerə baıslır. Sonra sol ayağın ucu yerə vurulur, qabağa atılıb yerə basılır və ritmə uyğun olaraq yenidən qaldırılaraq bir zərb anı göydə saxlanılır. Butun bunlardan sonra hərəkət yenidən sağ ayaqla davam etdirilir.
“El yallısı” – üç hissəli rəqs yallısıdır. Sadə, lakin ritmli rəqsdir. İki adddım irəli, iki kiçik addım geri hərəkət etməklə davam etdirilir. Lakin bütün hissələrdə hərəkət forması eynidir. İfaçılar bir-birilə kiçik barmaq vasitəsilə birləşir. Şərurda ən çox ifa olunan yallıdır.
“İrəvanı” – qarışıq ifa olunan yallıdır. Ritmik və həzin müsiqi ilə ifa olunur. Hərəkət sağ ayaqla başlayır. İki addımdan sonra sol ayağın dabanı yerə qoyulur və irəli (qabağa) əyilir. Sonra sol ayaq qayıdıb yerə qoyulur. Sağ ayağın dabanı yerə vurulmaqla sola, yəni geriyə döndərilir və yenidən sol ayağının ucu içəriyə, sağınkı isə geriyə çevrilməklə ritmik, mürəkkəb bir hərəkət alınır. Bütün bunlar dörd dəfə təkrar olunur. Bu hərəkətlərə görə bu yallıya bəzən “dörd ayaq” da deyirlər.
İkinci hissədə birincidən fərqli olaraq addımların sayı dördə çatdırılır, axırı isə birinci hissənin axırı kimi tamamlanır. Üçüncü hissədə sağ və sol ayağın irəli-geri çevrilməsi yerdən üzülməklə davam etdirilir. Yəni addımların sonunda daban yerə qoyulur, ayaqlar xəfif yerdən aralanır və sağ-sola meyillənir.
“Festvalı” – Bu yallı Azərbaycanda Sovet hakmiyyəti qurulduqdan sonra yaradılmışdır. Kişi yallısıdır. Bir hissəlidir. İfaçılar bir-birinin belindən tutaraq rəqs edirlər. Hərəkət sağ ayaqdan başlayır, bir-iki addım irəli atılandan sonra sağ ayağın dabanı yerə vurulur. Yerində tullanmaqla sol ayağın dabanı yerə vurulur və bu hərəkət altı dəfə təkrar olunur. Ritmik və mürəkkəb yallı olmaqla xoş əhval-ruhiyyə yaradır. Festivalı Şərurda ən yeni yallılradandır. “Şərur” yallı ansanbılının xarici səfərələrdə ən çox ifa etdiyi yallıdır.
“Kürdün ağırı” – adındakı “Kürd” ifadəsinə baxmayaraq Şərurda bu yallını ancaq Azrbaycan türkləri ifa edir. Şərurun kürdlər yaşayan Dərəkənd kəndində isə ifa olunan bir neçə yallı növləri ancaq onların (kürdlərin) özünə məxususdur. Üç hissəlidir. Sadə hərəkətlidir. Üç addım irəli, üç kiçik addım geriyə getməklə rəqs aramla başlayır və iti templə başa çatır. Şərurda “Tənzərə”, “Gopu”, “Tello” kimi populyar rəqslərdəndir.
“Nurqe-kafei” – Bu iki yallı adətən bir yerdə ifa olunur. Ancaq hərəsi ayrı-ayrılıqda bir hissəli yallılardır. “Nurqe” və “Kafei” yallısında qadın və kişilər ayrı-ayrı dəstə halında iştirak edirlər. Kişlər əl çalır, qadınlar “Nuqe” yallısını ifa edir. Sonra hər iki dəstə birləşərək “Kafei” yallısı ilə rəqsi başa çatdırılar. Hərəkət sağ ayaqla başlayır.Üç addım irəli , iki addım geri atmaqla başa çatdırılır.
“Qazı-qazı” – Şərurda, xüsusi ilə Çərçiboğan kəndində populuyar oyun yallıısıdır. Bu kəndin yaxınlığındakı “Qazxan” adlanan qədim kənd yerinin adı ilə əlaqələndirilir. Deyilənə görə, bu qədim kənd yeri Qazı xanın kəndi imiş və Çərçiboğanlılar o kəndin sakinlərinin törəmələridirlər və bu yallı da Qazxan kəndində yaranmışdır. Yəni Qazı xanın yallısı olmuş və “Qazı-qazı”şəklində gəlib bizə çatmışdır.
Bu yallıda ifaçılar əl-ələ tutub tam dövrəvi şəkildə rəqs edirlər. Musiqinin ritmləri dəyişdikcə ifaçılar əlində çubuq tutmuş başçının (bu başçıya bəzən “molla” da deyirlər) göstərişi ilə müxtəlif hərəkətləri icra edirlər. Bu hərəkətlərə əməl etməyən oyunçu başçı tətəfindən çubuq zərbəsi ilə cəzalandırılır. Başçı hər hansı hərəkət edirsə (kiçik tamaşaçıları, uşaları boyunlarına almaq, yerə uzanıb dilini yerə vurmaq, bir-birinin çiyninə çıxmaq və s.) ifaçılar mütləq onu təqlid etməlidir. Maraqlı burasıdır ki, oyunçular başçının nə hərəkət edəcəyini əvvəlcədən bilmirlər. Bu yallı maraqlı və əyləncəli bir oyun olduğu üçün tamaşaçılar tərəfindən çox böyük maraqla izlənilir.
“Qatar məğamı” – Bu yallı əsasən rayonun Yengicə kəndində yayılmışdır. Yallını qadınlar və kişilər birlikdə gedirlər. Qatar məğamı yallısını kütləvi yallı adlandırmaq olar. Bu yallıya qadınlı-kişili 40-50, bəzən də 60-80 nəfər qoşulur. Bir neçə dəstə yallını qatarlaşıb gedirlər.
Xoreoqrafik məzmun baxımından yallılar iki yerə bölünür. Bunlardan birincisi süjetli yallılardır ki, onları oyun-yallıları adlandırırlar. Bu növ yallılara “Köçəri”, “Qaz-qazı”, “Çöp-çöpü” rəqslərini misal göstərmək olar. İkinci növ yallılar rəqs-yallıları adlandırılır. Bu növ yallılar isə müəyyən əhval-ruhiyyəni, xüsusən qəhrəmanlığı, gümrahlığı, gəncliyi və cəldliyi ümumi şəkildə tərənnüm edən rəqs-yallılardır. Bu yallılara “Dönə yallı”, “Siyaqutu”, “Tənzərə”, “Ürfanı” və s. daxildir. Yallı janrı nəfəsli musiqi aləti olan zurna ilə icra olunur. Zurna, dəm zurna, davul yallı iştirakçılarını müşayiət edir. Zurna nəfəsli musiqi aləti səs tembrinə görə bütün musiqi səslərinin içərisində aparıcı və daha yüksək səs nizamına malikdir.Azərbaycan rəqs sənətinin geniş yayıldığı ərazilərdən biri Naxçıvan diyarıdır. Naxçivan ən qədim rəqs elementlərimizin yaşadığı ellərdəndir. Elə rəqs növlərimiz var ki, o ancaq bu yurd üçün xarakterikdir. Əlbəttə, Azərbaycanın hər yerində rəqs sənəti yaşayır, ancaq Naxçıvandakı qədər qədimlik qoruna bilməyib. Naxçıvan rəqsləri birbaşa ənənələrə söykənir və əski elementləri özündə ifadə edir.
Yallının tədqiq tarixinə nəzər yetirsək çox maraqlı fikir və mülahizələrə rast gəlmiş olarıq. Bu fikirlər içərisində “Yallının Vətəni Şərurdur, yallı Şərurda doğulub!” – söyləyən dahi bəstəkarımız Ü.Hacıbəylinin özünəməxsus fikirinin də maraqlı tarixçəsi var.
Belə ki, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəyli ötən əsrin otuzuncu illlərində Naxçıvan Muxtar Respublikası ərazisindən SSRİ Ali Sovetinə iki çağrış deputat olmuşdur. Həmin dönəmlərdə Ü.Hacıbəyli Şərurda Yallı ifaçılarının göstərilərini birbaşa seyr etmiş və məhşur “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub!” fikrini söyləmişdir.
(https://naxcivanxeberleri.com/cemiyyet/3358-srur-yallilari-dunyani-heyran-edir-kamal-babayev.html )
Akademik İsa Həbibbəyli isə bildirib ki, “harada yallı olubsa, yaxud da indi yallı rəqsi geniş yayılıbsa, oralar qədim Türk-Oğuz yurdu olub”
Azərbaycanın tanınmış musiqiçisi, rəqslərimizin mahir ifaçısı və tədqiqatçısı Xalq artisti Əminə Dilbazinin fikrincə, yallılar qədər ölkəmizi dünyaya tanıdan ikinci bir vasitə yoxdur: “Söz demədən o, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir”.
Şair, əməkdar incəsənət xadimi, Ağalar Mirzənin fikrinə görə, yallı bütövlükdə Azərbaycan rəqs sisteminin adıdır. Çünki bu ad altında onlarla müstəqil rəqs toplanıb, bu rəqslərin daxili keçidləri, harmoniyası birinin digərindən törədiyi aydın şəkildə görünməkdədir. A.Mirzə: “Yallı ifaçıları ayaqların sayı ilə də (“Üç ayaq”, “Dörd ayaq” ) rəqsin inkişaf tendensiyasını göstərə bilər. Bu cəhətdən “dil yallıları” (musiqisiz ifa olunan yallıları) öz qədimliyi və emprik düşüncə elementləri ilə daha çox diqqəti cəlb edir. Çalğı alətlərinin mövcud olmadığı əski çağların rəqsləri olması ehtimal edilən belə yallılar insanların birgə təssərüfat qayğılarının ritualları təsiri bağışlayır”.
A.Mirzənin fikrinə görə ən çox Naxçıvan ərazisində qorunan və ifa olunan yallı əslində regional məhdudiyyət tanımır. İstisnasız olaraq Azərbaycanın bütün bölgələrində yallı rəqslərinin peşəkar ifasına və ifaçılarına rast gəlmək olur.
Naxçıvan ərazisində “Xələfi”(Şahbuz), “Gopu” (Babək), “Dırqoyu” (Culfa), “Qazı-qazı” (Şərur), “Qənimo” (Ordubad) öz ritm əlvanlığı, ifa incəliyi daha çox sevilərək qorunursa, Ağdamda “Tənzərə”, Bərdədə “Qaladan-qalaya” , Tərtərdə “ Çubuq yallısı”, Ağcabədidə “İkiayaq yallı” , Beyləqanda “Urfanı”, Kəlbəcərdə “Kürdün ağırı”, Şəkidə “Şəki yallısı”, Daşkəsəndə “Dönə”, Dəvəçidə “Çobanı”, Gədəbəydə “Gülümey” və s. sevilərək ifa olunur”
Göründüyü kimi, daha çox Naxçıvan ərazisində qorunub saxlanan yallı folkloru bütövlükdə Azərbaycan coğrafiyasını əhatə edir. “Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısına daxil edilməsi də Azərbaycan üçün mədəni-tarixi və siyasi məqsəd daşıyır. Yallının yayılma arealına baxsaq bu, hazırda ermənilərin məskunlaşdığı Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edir. Təcili qorunmanın mədəni aspektləri ilə bərabər Azərbaycan dövləti və xalqı üçün həm də siyasi və tarixi əhəmiyyət daşıyır.
Yallı haqqında danışarkən Ermənistanın Baş Naziri Nikol Paşinyanın işğal altında olan Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhərində Yallı getməsini Azərbaycan xalqı çox böyük hiddətlə qarşılamasını qeyd etmək yerinə düşərdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 sentyabr 2020-ci il tarixdə işğal olunmuş ərazilərimizin azad olunması ilə bağlı əks-həmlə əməliyyatı ilə əlaqədar Azərbaycan xalqına müraciət edərəkən, erməni baş nazirin Şuşada yallı getməsini xalqımızın milli hissiyyatına toxunulması kimi qiymətləndirmişdir. Cənab Prezident bu hərəkətləri Azərbaycan xalqının müqəddəs şəhərinin murdarlanması kimi dəyrləndirmiş və Azərbaycan Silahlı Qüvvəlləri tərəfindən həmin ərazilərin yerlə-yeksan edildiyini bildirmişdir.
Azərbaycan xalqının mədəniyyətində vacib yer tutan yallı rəqsləri kollektiv oyunun fenomenal milli nümunəsidir. Birlik, həmrəylik və döyüş əzmini özündə ehtiva edən bu qədim folklor nümunəsinin Azərbaycan xalqının milli mədəniyyətinin ən parlaq və səciyyəvi təzahürü kimi qorunması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.
Səməd Vəkilov