“Modern İnkişaf və Ailə” İctimai Birliyi və “Gənclərin İnkişafı Klubu”nun birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərlə görüş keçirilib.
KANAL32.az-a verilən məlumata görə,görüşdə şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və dəvət olunmuş qonaqlar da iştirak ediblər.
Tədbirin açılışında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyasının, onların istedad və bacarıqlarının üzə çıxarılmasının, diqqət və qayğı ilə əhatə olunmasının vacibliyindən danışıb.O, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə göstərilən dövlət qayğısının, onların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Həmçinin inklüziv cəmiyyətin formalaşmasında bu kimi görüşlərin mühüm rol oynadığını qeyd edib.
“Dayaq – Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək” Təşkilatının sədri Qalib Əliyev çıxışında inklüzivliyin təşviqi, uşaq və gənclərin sosial həyatda fəal iştirakının təmin edilməsi və onların potensialının dəstəklənməsinin vacibliyinə toxunub.
“Gənclərin İnkişafı Klubu”nun kuratoru İlahə Nuriyeva uşaq və gənclərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində fikirlərini bölüşüb.
Tədbirin qonağı olan Almaniyadan Barbara Rutardt-Horneber isə görüşlə bağlı təəssüratlarını bölüşərək göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.O, gənc rəssamın texniki baxımdan çox təsirli əsərlərinin onda böyük təəssürat yaratdığını, Azərbaycan mədəniyyəti və zəngin mədəni irsi haqqında daha ətraflı məlumat əldə etdiyini bildirib.Həmçinin əlilliyi olan şəxslərin ifalarını, səslərini və istedadlarını heyranlıqla qarşıladığını, bu tədbirdə iştirak etməkdən böyük zövq aldığını deyib.
Tədbirin bədii proqramı çərçivəsində rəssam Faiq Tağızadə, Fatimə Qafarova, Pərvanə Hüseynli, Rəvanə Ağamirova və Müslüm Müslümzadənin təqdimatları və çıxışları dinlənildi. Müğənnilərin ifaları iştirakçılara xoş anlar yaşatdı, proqramın sonunda isə tədbir iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub.
Görüş səmimi və mehriban atmosferdə baş tutaraq inklüzivliyin, qarşılıqlı dəstəyin və hər kəs üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini bir daha ön plana çıxardı.