Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib.
Bu barədə ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Leyla Calalova məlumat verib. O, bildirb ki, Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarının ziyarət edilməsi artıq ənənə halını alıb. Qərbi Azərbaycan Dərələyəz(Keşkənd) İcmasının rəhbəri, professor Mahirə Nağıqızının təşəbüsü ilə ilk dəfə geniş ictimaiyyət tərəfindən ziyarət edildikdən sonra Naxçıvanda səfərdə olan ziyalılar bu ənənəni davam etdirirlər.
Tarixçi alim L.Calalovanın sözlərinə görə, 1918-1920-ci illər Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrlərindən biridir bir tərəfdən Anadoluda erməni dövləti yaratmaq istəyən qüvvələrin xülyaları boşa çıxmışdı. Digər tərəfdən isə Çar Rusiyası süquta uğramışdı. Fürsətdən istifadə edən ermənilər Qafqaz Hərbi dairəsindəki silahları ələ keçirmiş, Osmanlıda qırğınlar törədən Andranik Ozanyana saxta general rütbəsi verilmişdi. Belə bir şəraitdə Azərbaycan öz müstəqilliyini elan etmişdi. Andranik Ozanyanın hərbi dəstələri Anadoludan Azərbaycan ərazisinə daxil olaraq silahsız mülki əhaliyə qarşı kütləvi qətllər həyata keçirirdi. Belə bir şəraitdə məhz xalq qəhrəmanı Balo bəy Vəkilov Çivə özünümüdafiə taborunu yaradaraq Şərur-Dərələyəz qəzasında Andranikin qoşunlarına qarşı milli mücadiləni təşkil etmişdi. Təsadüfi deyil ki, ermənilər nə qədər mübarizə aparsalar da, Çivə kəndini aylarla mühasirədə saxlasalar da, kəndi təslim edə bilməyiblər. Belə qəhrəmanlar unudulmamalıdır. Balo bəy Vəkilov kimi qəhrəmanlarımızın ehtiramını saxlamaq hər birimizin borcudur.
L.Calalova onu da vurğulayıb ki, Andranik Ozanyanın ordusuna qarşı vuruşan Dərələyəzin qəhrəman övladlarından olan Hüseyqulu və Dini kişilər kimi qəhrəmanlarımız təəssüf ki tədqiqatdan kənarda qalıb. Hesab edirik ki, həmin qəhramanların irsidə öyrənilməlidir.