Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub.
Oktyabrın 22–24-də Bakı və Mingəçevir şəhərlərində “Torpaq bəndlərində kaskad qəza riskləri üzrə VIII Avrasiya Konfransı (RISK-2026) keçirilib. Müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirən beynəlxalq tədbirin 23 oktyabr tarixində Mingəçevir mərhələsi Mingəçevir Dövlət Universitetində panel müzakirələri və elmi bölmə iclasları ilə davam edib.
Kanal32.az-a verilən məlumata görə,konfrans Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, AMIR Texniki Xidmətlər Şirkəti, Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyası (ESRA), Gürcüstanın Tbilisi Dövlət Universiteti, Vyetnamın Cənub-Şərqi Asiya Su Ehtiyatları və Ətraf Mühit İnstitutu, İtaliyanın Milan Politexnik Universiteti və Beynəlxalq Suvarma və Drenaj Komissiyasının (ICID) tərəfdaşlığı ilə təşkil olunub.
16 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi, 110 elmi tədqiqat işinin təqdim olunduğu konfrans su ehtiyatlarının dayanıqlı idarə edilməsi, hidrotexniki qurğuların təhlükəsizliyi, iqlim dəyişikliklərinin yaratdığı ekoloji və sosial-iqtisadi risklərin qiymətləndirilməsi, eləcə də təbii fəlakətlərin qarşısının alınması istiqamətində elmi yanaşmaların və innovativ texnoloji həllərin müzakirəsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayıb. Tədbir müxtəlif ölkələrin elmi potensialının bir araya gətirilməsinə, qabaqcıl təcrübələrin paylaşılmasına və regional problemlərin həllinə yönəlmiş birgə tədqiqat təşəbbüslərinin təşviqinə xidmət edib.
Konfrans çərçivəsində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin direktoru Təhmasib Hüseynov və Coğrafiya İnstitutunun direktoru Zaur İmrani çıxış ediblər. Çıxışlarda konfransın elmi əhəmiyyəti, su və enerji infrastrukturlarının təhlükəsizliyinin təmin olunması, iqlim dəyişiklikləri fonunda risklərin qiymətləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Tədbir çərçivəsində “Mingəçevirdə su təhlükəsizliyinin gələcəyi” mövzusunda panel müzakirəsi də keçirilib. İlk olaraq Mingəçevir Dövlət Universitetin bu paneldə rektor Anar Eminov, Coğrafiya İnstitutunun direktoru Zaur İmrani və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin direktoru Təhmasib Hüseynov spiker qismində iştirak ediblər. Müzakirələr zamanı Mingəçevirin su təhlükəsizliyi perspektivləri, su ehtiyatlarının səmərəli idarə olunması, hidrotexniki qurğuların etibarlılığı və ekoloji risklərin azaldılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Konfransın elmi proqramı çərçivəsində keçirilən bölmə iclaslarında müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçıların məruzələri dinlənilib. Bəndlərin etibarlılığı və kaskad qəza risklərinin modelləşdirilməsi, Kür-Araz hövzəsində daşqın təhlükələrinin qiymətləndirilməsi, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, süni intellekt və maşın öyrənməsi əsasında erkən xəbərdarlıq sistemləri, ekoloji təhlükəsizlik və dayanıqlı infrastrukturun inkişafı kimi aktual istiqamətlər üzrə tədqiqatlar təqdim olunub. Elmi təqdimatların ardınca aparılan müzakirələrdə tədqiqat nəticələrinin praktik tətbiqi, risklərin idarə edilməsində müasir texnologiyaların imkanları və müxtəlif sahələr arasında əməkdaşlığın əhəmiyyəti önə çəkilib.
Beynəlxalq konfransın Mingəçevirdə keçirilməsi şəhərin su və enerji infrastrukturu ilə bağlı aktual məsələlərin, eləcə də elmi-tədqiqat potensialının beynəlxalq müzakirələr müstəvisində təqdim olunmasına imkan yaradıb. Universitet, elmi-tədqiqat müəssisələri və sənaye nümayəndələrini bir araya gətirən tədbir elmi biliklərin real sektorun ehtiyacları ilə əlaqələndirilməsi və regional problemlərə elmi əsaslı həll yollarının axtarılması baxımından əməkdaşlıq imkanlarını gücləndirib.
Konfransın mühüm nailiyyətlərindən biri kimi qeyd olunmalıdır ki, ekspert qiymətləndirməsindən uğurla keçən 30 seçilmiş məqalənin ‘Scopus’ bazasında indekslənməsi nəzərdə tutulur.