Vətən fədaisi- Kəlbəcərli şəhid Taleh Muxtarov

Bu gün Kəlbəcərdə doğulub, Suqovuşanda şəhidliyə ucalan Taleh Muxtarovun anım günüdür.

Kanal32.az xəbər verir ki, Vətən Müharibəsi şəhidi Muxtarov Taleh Həşim oğlu 01 dekabr 1985-ci ildə Kəlbəcərdə anadan olub.

Vətən müharibəsi başlayandan qardaşı ilə birgə döyüşə yollanan Taleh Muxtarov Tərtər rayonunun Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib.

Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Kəlbəcərdə doğulmuşdu və hələ uşaqlıqdan düşməndən qisas almaq hissi ilə yaşayırdı.

Kəlbəcərdə doğulmuşdu Taleh Muxtarov, 8 yaşı olanda isə mənfur düşmənin hücumu nəticəsində doğma yurdunu ailəsi ilə birgə tərk etməyə məcbur qalmışdı. Goranboyun Yeni Yol kəndində məskunlaşıb orda böyüyüb.

Hələ kiçik yaşlarından doğma yurdunu azad edəcəyini, Birinci Qarabağ müharibəsində itirdiyi əmisinin qisasını alacağını deyirdi. Vətən müharibəsi başlayanda isə qardaşı Tural ilə birgə könüllü döyüşə yollanıb. Anasına sonuncu dəfə zəng vuraraq Kəlbəcərə bayraq asacağına söz verib.

Taleh Muxtarov Tərtər rayonunun Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. Oktyabrın 18-də isə ən uca zirvəyə – şəhidliyə yüksəlib. Tural Muxtarov qardaşının şəhid xəbərini döyüşdə olduğu zaman alıb.

Şəhidlik zirvəsinə ucalan Taleh Muxtarovun Səbinə və Aydan adlı qızları bizə yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Taleh Muxtarov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşan və Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

ALLAH RƏHMƏT ELƏSİN!

/rezonans.az/