Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub, əsl adı Simax Barux oğlu Yuşvayev. Uşaqlıqdan ədəbiyyata meyilli olaraq, Gəncədə orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsilini davam etdirib. Daha sonra rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist eləcə də direktor kimi fəaliyyət göstərib. 1965-ci ildən 1990-cı ilədək Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri və “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifələrində çalışıb.
Simax Şeyda uşaq ədəbiyyatında mənzum nağıllarla, şeirlərlə və pyeslərlə zəngin bir yaradıcılıq yolu keçən şair olmaqla yanaşı hər zaman maraqla oxunmuş həmçinin Azərbaycan klassik və müasir ədəbiyyat nümunələrini dağ yəhudilərinin dilinə tərcümə edən görkəmli tərcüməçilərdən biri hesab edilirdi. Onun yaradıcılıq yolu xüsusilə uşaq şeirləri, mənzum nağıllar, pyeslər və maraqlı dramatik əsərlər müəllifi olmaqla uşaq ədəbiyyatında xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, Simax Şeyda yaradıcılığında uşaqlar üçün yazılmış pyesləri məhz əyləncəli və pedaqoji təsirə malikdir. Onun “Təyyarə” adlı ilk uşaq şeirləri kitabı 1964-cü ildə nəşr edilib. Daha sonra “Mən balaca kosmonavtam”, “Yaxşı qız”, “Tülkü, tülkü, tümbəki”, “Kimin belə qızı var”, “Nağıl istəyən qız”, “Yoxdur belə nənədən”, “Qızım qızlar içində”, “Topçu Həsən”, “Bircə bunu bilmirəm”, “Qızıl sünbüllər”, “Padşah qız”, “Ovcu Ayı”, “Çiçək kimi şerlər”, “Oğuzda izim var mənim”, “Nəğməli meşə” kimi məşhur əsərləri maraqla oxunan ədəbiyyat nümunələridir.
Ümumiyyətlə Simax Şeyda əsərlərində uşaqların gündəlik həyatı, təbiətlə əlaqəsi, xəyalpərvərlik, dostluq və həmyaşıdlarla münasibətlər kimi sadə, lakin dərin təsir gücünə malik olan mövzular xüsusi yer tutur. Onun hər bir şeir və nağılları uşaqların dünyagörüşünü zənginləşdirməklə onların nitq bacarıqlarını və estetik zövqlərini yüksəltməyə xidmət edirdi. Məhz bu baxımdan Simax Şeydanın dili uşaqlar üçün asan anlaşılan ritmik və fikrı aydın olan xüsusiyyətlərə malik olmaqla yanaşı həmçinin dərin mənəvi dəyərləri özündə əks etdirirdi.
Onun bəzən xəyalpərvər və ritmik şeirləri folklor ənənələrinə yaxın olmaqla uşaqlar üçün həm oxunaqlı, həm də səhnələşdirilə bilən mətnlər olaraq diqqəti cəlb edirdi. Bu kimi qeyd edilən belə əsərlər məhz uşaqların yaddaşında qalan ritmik və melodik strukturla təzahür edilirdi. Həmçinin qeyd etmək lazımdır ki, Simax Şeydanın uşaqlar üçün yazdığı şeirləri bədii-estetik keyfiyyətlərinə görə də həm ədəbi, həm də mədəni kontekstdə xüsusi yer tuturdu. Onun çox zaman qələmə aldığı şeirləri xəyalpərvər və ritmik struktura malik olmaqla Azərbaycan folklor ənənələrinin estetikasına daha çox yaxınlaşmaqla yalnız formadakı oxşarlıq deyil, eyni zamanda məzmunun, duyğunun və ifa mədəniyyətinin də bir növ “xalq yaddaşı”na bağlı olması ilə xarakterizə olunurdu. Uşaqlar üçün yazarkən müəllif sadə, lakin təsəvvür gücünü oyadan obrazlardan istifadə etməklə real gündəlikdən çıxıb fantaziya dünyasına yol açaraq uşaqların daxili monoloquna uyğun metaforik ifadələr yarada bilirdi. Bu xüsusiyyət isə onun yaradıcılığında xəyalpərvərlik ritmik strukturla birləşərək mətnləri həm xoş dinlənən, həm də yadda qalan edirdi.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, ritm Simax Şeyda yaradıcılığında yalnız şeir dili üçün deyil, dinləyicinin ritm duyumu üçün də mühüm əhəmiyyət kəsb edirdi. Onun yaradıcılığına xas olan ritmik quruluş uşaqların yaddaşında daha sürətlə və uzun müddət qalmaqla şeirə musiqi hissi qatır, bəzən musiqi ilə birgə ifaya imkan yaradırdı. Bu zamn isə təkrarlanan səslər və ritm modelləri uşaqlarda ritmik oyuna aid cavab doğururdu. Bu kimi çalarlar bir araya gələndə isə onun şeirləri xalq musiqi, oyun və nəğmələrinə yaxınlaşmaqla daha doğma hisslər oyada bilirdi.
Simax Şeydanın yaradıcılığında ritm anlayışı təkcə poetik texnika kimi deyil, çoxqatlı estetik və psixoloji funksiya daşıyan əsas yaradıcılıq komponentlərindən biri kimi də çıxış edirdi. Xüsusilə uşaqlar üçün yazılmış şeirlərində ritm, sözün semantik yükündən kənara çıxaraq dinləyicinin – yəni uşağın – daxili ritm duyumuna birbaşa təsir göstərən vasitəyə çevrilə bilirdi. Bu baxımdan Simax Şeydanın poeziyasında ritm həm şeir dilinin təşkilində, həm də qavrayış və yaddaş mexanizmlərinin işə düşməsində mühüm rol oynayırdı.
Əvvəla qeyd etmək lazımdır ki, uşaqların dünyanı qavramasında ritm təbii və ilkin ünsürlərdən biri hesab edilir. Ürək döyüntüsü, addım səsləri, oyun zamanı yaranan təkrarlanan hərəkətlər uşağın ritmik hissini formalaşdırır. Simax Şeyda bu psixoloji reallığı intuitiv və ya məqsədli şəkildə nəzərə alaraq şeirlərində sadə, lakin ahəngdar ritmik modellərdən istifadə edirdi. Bu modellər şeirin yaddaşda tez qalmasını təmin etməklə yanaşı, onu asanlıqla təkrar olunan, dillərdə gəzən bir mətnə çevirirdi. Nəticədə şeir yalnız oxunan mətn kimi deyil, eyni zamanda səslənən, deyilən və oynanılan bir formaya bürünürdü.
Simax Şeydanın ritmik quruluşu çox zaman təkrarlanan səslər, alliterasiya yəni şeirdə eyni samitin təkrar yolu ilə bədii təsiri gücləndirən ifadə vasitəsi olaraq və assonans yəni bir şeirdə bir və ya birdən çox eyni saitlərin təkrarı üzərində qurulurdu. Bu təkrarlılıq uşaqlarda ritmik oyuna xas olan cavab reaksiyası yaradırdı. Uşaq şeiri dinləyərkən passiv dinləyici mövqeyində qalmır, əksinə, ritmi hiss edir, ona qoşulmaq istəyir, bəzən misraları tamamlayır, bəzən də sadəcə ritmə uyğun hərəkətlər edirdi. Bu xüsusiyyət Simax Şeydanın şeirlərini performativ mətnə çevirir, yəni bu şeirlər təkcə oxumaq üçün deyil, ifa etmək, oxumaq, hətta oynamaq üçün də uyğun idi.
Musiqi ilə əlaqə bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Simax Şeydanın şeirlərində ritmin sabitliyi və ahəngdarlığı onların asanlıqla musiqiyə köçürülməsinə imkan yaradırdı. Bu zaman söz və musiqi arasında təbii uyğunluq yaranır, şeir melodiyanın daşıyıcısına çevrilir, musiqi isə sözün emosional təsirini gücləndirirdi. Məhz bu xüsusiyyət Simax Şeydanın yaradıcılığını xalq nəğmələri ilə yaxınlaşdırırdı. Xalq musiqisində olduğu kimi, burada da sadəlik, təkrarlılıq və emosional səmimilik ön planda olurdu.
Digər tərəfdən, bu ritmik quruluş oyun elementləri ilə sıx bağlı idi. Xalq oyunlarında və uşaq folklorunda ritm hərəkətin əsas tənzimləyicisi hesab edilir. Simax Şeydanın şeirlərində də ritm hərəkət çağırışı funksiyasını daşımaqla, uşaqlarda şeiri sadəcə dinləmək deyil, onu yaşamaq, hiss etmək və hərəkətə çevirmək istəyini yarada bilirdi. Beləliklə, şeir uşaq dünyasında yalnız ədəbi mətn kimi deyil, sosial və mədəni təcrübə kimi mövcud olaraq formalaşırdı.
Nəticə etibarilə, Simax Şeydanın poeziyasında ritm çoxşaxəli funksiyaya malik olmaqla, yaddaşı gücləndirir, musiqi hissi yaradır, oyuna təşviq edir və şeiri xalq mədəniyyətinin təbii axarına yaxınlaşdıra bilirdi. Bu xüsusiyyətlərin vəhdəti onun şeirlərinə doğmalıq, səmimilik və estetik qat bəxş edirdi. Məhz bu səbəbdən Simax Şeydanın yaradıcılığı uşaqların yaddaşında uzunömürlü olmaqla, nəsildən-nəslə ötürülə bilən poetik dəyərə çevrilib.
Azərbaycan folkloru – aşıq şeiri, xalq nağılları, lətifələr xüsusilə ritmik və melodik elementlərlə zəngindir. Simax Şeydanın bəzi şeirlərində bu elementlər qısa fraqmentlərlə təkrarlanan motivlərdə xalq nəğmələrinin eləcə də oyun şeirlərinin ritmik xüsusiyyətlərinə uyğunlaşmaqla sadə, yaddaqalan səsləndirmə kimi özünü göstərirdi. Onun yaradıcılığında şeirlər təkcə “oxuna bilən mətləb” olaraq dəyərləndirilmir eyni zamanda sosial-mədəni yaddaşa, xalqın ritmlərinə inteqrasiya olunurdu. Məhz Simax Şeyda yaradıcılığında şeirlərin ritmik və melodik quruluşu onları yalnız oxumaq üçün deyil eləcə də ifaya hazırlamaq üçün də əlverişli etməklə səhnə performanslarında daha rahat oynamaq, səsləndirmək, ritm eləcə də hərəkət vasitəsilə mətnlə əlaqə qurma bacarığını inkişaf etdirmək həmçinin birlikdə oxuma, əyləncə təcrübələrini zənginləşdirmək imkanını daha geniş bir formada yaratmış olurdu. Bu isə şeirin yalnız ədəbi deyil, həm də pedaqoji funksiyasını gücləndirirdi.
Qeyd etmək lazımdır ki, Simax Şeydanın xəyalpərvər və ritmik şeirləri təkcə ədəbi formaya malik deyildir. Onlar bədiiliklə pedagoji məqsədi birləşdirir, xalq ritmləri ilə müasir uşaq poeziyası arasında körpünü qurur, səhnələşdirilmə potensialı ilə klassik oxucuya görə daha çox interaktivlik yaradır, uşaqların yaddaşında uzun müddət ritmik-melodik strukturla qalmağı bacarırdı. Məhz Simax Şeyda yaradıcılığında bu kimi şeirlər həm mədəni yaddaşın bir parçası olmaq, həm də uşaqların bədii dünyasını zənginləşdirmək baxımından daha çox əhəmiyyətlidir.
Həmçinin Simax Şeyda pyesləri və şeirləri nitq inkişafına, söz ehtiyatına, fantaziyanın genişlənməsinə hər zaman kömək etmişdir. Simax Şeyda Azərbaycan klassik və müasir ədəbiyyat nümunələrini dağ yəhudilərinin dilinə tərcümə etməklə bu tərcümələr vasitəsilə Azərbaycan poeziyasını başqa dildə oxuyan oxuculara da çatdırmışdır. O, Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək bir çox Azərbaycan şairlərinin şeirlərini dağ yəhudilərinin dilinə çevirərək geniş auditoriyaya təqdim etmişdir. Bu tərcümələrin əhəmiyyəti təkcə mətni bir dildən digərinə köçürməkdə deyil, poetik ruhu, obrazlar sistemini və fəlsəfi qatları qorumaqda özünü mühüm şəkildə göstərirdi. Simax Şeyda tərcümə zamanı həm Azərbaycan poeziyasının klassik ənənələrinə, həm də dağ yəhudilərinin dilinin daxili qanunauyğunluqlarına hörmətlə yanaşırdı. Nəticədə tərcümə olunmuş mətnlər süni və yad təsir bağışlamır, əksinə, oxucu tərəfindən doğma dilin bədii nümunəsi kimi qəbul edilirdi. Bu isə poeziyanın qavranmasını asanlaşdırır və geniş auditoriyanın marağını özünə cəlb edirdi.
Eyni zamanda, bu tərcümələr dağ yəhudilərinin dilinin funksional imkanlarını da genişləndirirdi. Klassik və müasir Azərbaycan poeziyasının fəlsəfi və estetik dərinliyi bu dilin ifadə potensialını artırır, onun ədəbi dil kimi mövqeyini möhkəmləndirirdi. Beləliklə, Simax Şeyda təkcə tərcüməçi deyil, həm də dilin inkişafına xidmət edən mədəniyyət xadimi kimi çıxışlar edirdi.
Nəticə olaraq demək olar ki, Simax Şeydanın pyesləri və şeirləri nitq inkişafı, söz ehtiyatının zənginləşməsi və fantaziyanın formalaşması baxımından mühüm pedaqoji və estetik dəyərə malikdir. Onun tərcüməçilik fəaliyyəti isə Azərbaycan ədəbiyyatını başqa dil mühitinə çıxarmaqla yanaşı, mədəniyyətlərarası dialoqu gücləndirir və poeziyanın ümumbəşəri mahiyyətini bir daha təsdiqləyirdi. Bu çoxşaxəli fəaliyyət Simax Şeydanı yalnız ədəbiyyat xadimi deyil, eyni zamanda maarifçi və mədəniyyətlər arası geniş şaxəli yaradıcılıq körpüsünü yaradan şəxsiyyət kimi səciyyələndirməyə əsas verirdi.
Simax Şeydanın ədəbi fəaliyyəti çoxistiqamətli mahiyyəti ilə seçilir və bu fəaliyyətin əsas qayəsi maarifləndirici, tərbiyəvi və mədəni körpünün yaradıcı funksiyalarını daşımasıdır. Onun pyes və şeirləri yalnız bədii-estetik dəyər ilə məhdudlaşmır, eyni zamanda dil, təfəkkür və yaradıcılıq bacarıqlarının inkişafına xidmət edən mühüm pedaqoji mətnlər kimi də çıxışlar edirdi. Bu baxımdan Simax Şeyda yaradıcılığı nitq inkişafı, söz ehtiyatının zənginləşməsi və fantaziyanın genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Əvvəla qeyd etmək lazımdır ki, Simax Şeydanın pyesləri və şeirləri uşaqların və gənc oxucuların nitq inkişafına hər zaman sistemli şəkildə təsir göstərirdi. Onun dil üslubu sadə, aydın və axıcı olmaqla yanaşı, eyni zamanda obrazlılıq və ifadə zənginliyi ilə seçilirdi. Mətndə işlədilən gündəlik danışıq elementləri, dialoqların təbii quruluşu və obrazların canlı nitqi oxucunu aktiv dil mühitinə cəlb edə bilirdi. Xüsusilə pyeslərdə dialoji nitqin üstünlük təşkil etməsi uşaqların düzgün intonasiya, vurğu və məntiqi ardıcıllıqla danışıq bacarıqlarının formalaşmasına şərait yaratmış olurdu. Beləliklə, Simax Şeydanın əsərləri oxucu üçün passiv oxu materialı deyil, nitqi məşq etdirən canlı ünsiyyət modelinə çevrilirdi.
Söz ehtiyatının zənginləşməsi məsələsində də onun yaradıcılığı mühüm rol oynayırdı. Simax Şeyda şeirlərində və pyeslərində müxtəlif tematik sahələrə aid sözlərdən – təbiət, məişət, emosiyalar, oyun, sosial münasibətlər – geniş şəkildə istifadə edilirdi. Bu leksik müxtəliflik uşağın dünyagörüşünü genişləndirməklə yanaşı, yeni anlayışların mənimsənilməsini də asanlaşdırırdı. Ən vacib cəhətlərdən biri isə ondan ibarətdir ki, yeni sözlər kontekstdə, obraz və hadisələrin içində təqdim olunurdu. Bu da onların mexaniki deyil, məna ilə birlikdə öyrənilməsini təmin edir və sözün aktiv lüğətə keçməsini sürətləndirirdi.
Fantaziyanın genişlənməsi Simax Şeydanın yaradıcılığında xüsusi yer tuturdu. Onun əsərlərində tez-tez rast gəlinən personifikasiya yəni ədəbiyyatda və danışıqda təbiət hadisələrinə, heyvanlara, əşyalara, mücərrəd anlayışlara insan xüsusiyyətlərinin (danışmaq, düşünmək, hiss etmək) kimi xüsusiyyətlərin verilməsi, cansız varlıqları insan kimi təsvir etmək, nağılvari situasiyalar, uşaq təxəyyülünə yaxın obrazlar oxucunu real dünyanın sərhədlərindən kənara çıxarırdı. Bu mətnlər uşağı düşünməyə, xəyal qurmağa, hadisələrin davamını təsəvvür etməyə təşviq edirdi. Fantaziya elementi burada reallıqdan qaçış deyil, əksinə, reallığı daha dərindən qavramağın bir vasitəsi kimi çıxış edirdi. Bu isə uşağın yaradıcı təfəkkürünün formalaşmasında mühüm rol oynayırdı.
Simax Şeydanın ədəbiyyat və mədəniyyət sahəsindəki fəaliyyəti, uşaqların ruhunda ədəbiyyat sevgisi yaratması, həmçinin onlar üçün yazdığı pyes və şeirləri ilə Azərbaycan uşaq ədəbiyyatının zənginləşməsinə verdiyi töhfə onu bu sahədə görkəmli şəxsiyyətə çevirə bilib. Onun şeirlərində uşaq passiv dinləyici deyil, hadisələrin mərkəzində olan, düşünən və sual verən bir subyektdir.
Simax Şeyda klassik yazı nümunəsi ilə “uşaqlara sadəcə nəql olunan” şeir formasından kənara çıxır və uşağı şeir məkanının fəal iştirakçısı olaraq təqdim edirdi. Onun şeirlərində uşağın gündəlik həyat təcrübələri oyun, təbiət, ailə, xəyal və macəralar olaraq mərkəzdə cərəyan edən hadisələr fonunda göstərilirdi. Bu yanaşma tərzi hər zaman öz oxucusu olan uşaqlara müəyyən edir ki, o, şeirdə baş verən hadisələrin yalnız tamaşaçısı deyil həmçinin uşaq bu hadisələrdən hiss, dərs və mənəvi məna çıxaran qəhrəmandır.
Qeyd etmək lazımdır ki, Simax Şeydanın şeirlərində uşaq obrazları görür, müşahidə edir, ətrafı kəşf edir, maraqla soruşur və cavab axtarır eləcə də fikirlərini bəzən xəyal, bəzən reallıqla qarışıq formada ifadə edə bilirdi. Məsələn, onun “Mən balaca kosmonavtam” kimi şeirlərində uşaq həm xəyalpərvər, həm də aktiv mövqe sahibi kimi çıxış edir: kosmos səyahətinə çıxmaq arzusu ilə həm öz idarəçilik bacarığını, həm də suallarını ifadə edir. Bu cür gedişat uşağı passiv dinləyicidən real düşüncə sahibi olaraq bir subyektə çevirməklə təqdim edə bilirdi.
Simax Şeydanın uşaq şeirlərində tez-tez dialoq formaları və interaktiv elementlər də mövcud idi. Mətn uşaqlarla birbaşa ünsiyyətə girir, onlardan cavab, reaksiya və düşüncə tələb edir. Beləliklə, uşaq oxucuya mesaj deyil, suallar qoyulur və bu suallar vasitəsilə o, fəal şəkildə şeirin ritmini və məzmununu yaşayır. Şairin uşaq şeirlərində ailə, kənd-təbiət, münasibətlər və gündəlik əyləncələr daxil olmaqla uşağın təcrübə dairəsi geniş şəkildə təsvir olunurdu. Simax Şeyda həm də şerlərində uşağın yalnız hiss etmədiyini, həm də düşündüyünü, öz duyğularını dilə gətirdiyini göstərirdi. Uşağın öz dünyasını formalaşdırma prosesi yəni kənardan verilmiş təlimatları yadda saxlamaq yox, öz düşündüklərini ifadə etmək şairin mətnlərində hər zaman önə çıxırdı. O, uşaq ədəbiyyatında yalnız qısa şeir formasına deyil, mənzum nağıllara da üstünlük verirdi. Mənzum nağıllar klassik uşaq şeirinə nisbətən daha geniş məkan və zaman ünsürlərinə malik olmaqla uşağın fəal qəhrəman rolunda çıxması üçün daha çox imkan yaradırdı. Məhz bu baxımdan onun uşaq şeirləri ənənəvi passiv dinləyici modelindən fərqli olaraq daha çox hadisələrin mərkəzində duran subyekt, düşünən və suallar verən iştirakçı eləcə də duyğuları ilə yanaşı fikirlərini də ifadə edən səs kimi təsvir edilirdi. Onun yaradıcılığında bəlli olan poetik model məhz iştirakçısı olduğu uşağın gündəlik həyatından çıxışlar edirdi. Simax Şeydanın uşaq şeirlərinin əsas xüsusiyyəti ritmik sadəlikdir. Qısa misralar, təkrarlanan səslər və danışıq intonasiyası hər zaman uşağın yaddaşına uyğun formada qurulurdu. Simax Şeyda açıq nəsihət vermir. Onun didaktikası yəni elmləri, dillləri və incəsənəti öyrətmək məharəti hadisələrin içində gizlənirdi. Simax Şeydanın bir çox uşaq şeiri dialoqlu, səhnəvi və dramatik potensiala malik idi. Bu xüsusiyyətlər onun dramaturq kimliyinin poeziyada da özünü göstərdiyini hər zaman sübut edə bilirdi.
Həmçinin qeyd etmək lazımdır ki, Simax Şeyda Bəxtiyar Vahabzadə, Söhrab Tahir, Ramiz Rövşən, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Nəbi Xəzri, Hüseyn Arif, Mikayıl Müşfiq, Əhməd Cəmil, Əhməd Cavad kimi şairlərin və Azərbaycan aşıq ədəbiyyatının nümayəndələrindən olan Dirili Qurbani, Tufarqanlı Abbas, Aşıq Valeh, Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma və başqalarının qoşmalarını ümumilikdə 75 yaxın şəxslərin əsərlərini dağ yəhudilərinin dilinə tərcümə etmişdir. Bu tərcümələr sadəcə sözlərin bir dildən digərinə köçürülməsi deyil, poetik ruhun, bədii-estetik dəyərin, obrazlı təfəkkürün qorunub saxlanılması baxımından da diqqətəlayiqdir. Şairlərin ideya-məzmun zənginliyi, vətənpərvərlik duyğuları, insan taleyi və zamanla bağlı fəlsəfi baxışları tərcümələrdə öz təbii ifadəsini daha dolğun bir şəkildə tapmışdır.
Bununla yanaşı, onun orijinal yaradıcılığı da xüsusi maraq doğurur. Lirik şeirləri, qəzəlləri və rübailləri mövzu müxtəlifliyi, dərin emosional yükü və səmimi ifadə tərzi ilə hər zaman seçilirdi. Bu əsərlərdə insanın daxili aləmi, sevgi, zaman, həyatın faniliyi, milli kimlik və mənəvi dəyərlər əsas poetik xətt təşkil edirdi. Şair klassik Şərq poeziyasının forma və ənənələrindən ustalıqla istifadə etməklə yanaşı, müasir duyum və düşüncə tərzini də əsərlərinə uğurla gətirə bilmişdir.
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi