Türkiyə–Azərbaycan münasibətlərində sınaq-TƏHLİL

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Prezidenti qardaşım İlham Əliyevə, kədər və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram”, – paylaşımda qeyd olunub.
Türkiyə–Azərbaycan münasibətlərində soyuq küləklərin əsdiyi bir dönəmdə bu təbrik xüsusilə diqqət çəkir.
Əvvəlcə bir məqamı dəqiq qeyd edim ki, nə olur-olsun, nə yaşanırsa yaşansın, Türkiyə tərəfdən gələn hər bir müsbət açıqlama mühümdür. İlk gündən dediyim kimi, Azərbaycan Türkiyəni özünə düşmən hesab etmir. Müttəfiqlik də, dostluq da öz qaydasında davam edir. Əsas məsələ AKP-yə bağlı trol şəbəkələrinin funksionerlərinin dövlətimizə və dövlət başçısına yönələn hücumları dayandırmasıdır.
Ümumiyyətlə, gərginliyin pik həddində mənim diqqətimi iki şəxsin açıqlaması çox çəkdi. Söhbət Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıdan gedir.
O. Saral dövlət adından hicabla bağlı Azərbaycandakı vəziyyətə münasibət bildirərək, “Hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir”, – deyərək, təəssüf ki, gərginliyi daha da artırdı. Hətta məhz bu açıqlamadan sonra YAP-dan rəsmi cavab açıqlaması gəldi. D. Baxçalı isə həm yaşına, həm də təcrübəsinə yaraşan səviyyədə, tərəfləri sakitləşdirəcək uzlaşdırıcı açıqlaması ilə yadda qaldı.
Dövlət Baxçalı Türkiyə siyasətində uzun illərdir iştirak edən, böyük siyasi təcrübəyə malik fiqurdur. MHP isə Türkiyənin hakimiyyət koalisiyasında mühüm yer tutur. Başqa cür desək, AKP və MHP Səlcuqlunun dövlət armasındakı “ikibaşlı qartal” kimidir. Bu səbəbdən Baxçalının açıqlamaları təkcə onun şəxsi yanaşması deyil, həm də Türkiyə dövlətçiliyinin Azərbaycanla əlaqələrə verdiyi əhəmiyyəti ifadə edir.
Bir çoxlarına Baxçalının AKP ilə siyasi ittifaq çərçivəsində fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan məsələsində səsləndirdiyi fikirlər və münasibətlərin qorunmasına dair prinsipial mövqe nümayiş etdirməsi qəribə gələ bilər. Lakin mən məsələyə fərqli baxıram. Yəni siyasi ittifaqlar dəyişə, gündəlik maraqlar fərqlənə bilər, lakin dövlətlərarası münasibətlərin təməlində duran strateji prinsiplər bunlardan asılı vəziyyətə düşməməlidir. Mənə görə, Baxçalının açıqlamalarında əsas vurğu da məhz bu prinsipə yönəlmişdi.
Ümumiyyətlə MHP liderinin müxtəlif vaxtlarda Azərbaycan–Türkiyə münasibətləri ilə bağlı verdiyi açıqlamalar onun qardaşlıq məsələsinə yalnız cari siyasi mübahisələr kontekstində yanaşmadığını göstərir. Baxçalı “Türkiyə-Azərbaycan münasibətləri gündəlik siyasi proseslərdən daha geniş məna daşıyır və ayrı-ayrı mübahisələrin girovuna çevrilməməlidir” deyərək, faktiki olaraq, Azərbaycanı Türkiyənin adi tərəfdaşı kimi deyil, ortaq tarixi və milli kimliyi olan dövlət kimi təqdim edir.
Məncə bu çox haqlı mövqedir!
Yeri gəlmişkən Baxçalı Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə də təbrik edib və deyib “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Aydın məsələdir ki, bu sadəcə diplomatik ifadə deyil. Burada Türkiyənin Azərbaycana münasibətinin hansı prinsiplər üzərində qurulmalı olduğuna dair də, məncə, aydın siyasi mesaj var. Eyni açıqlamada o, iki ölkənin münasibətlərini “Bir millət, iki dövlət” anlayışı ilə əlaqələndirərək bildirib ki, Türkiyə və Azərbaycan bütün çətinliklərə birlikdə sinə gərib və ortaq mövqe nümayiş etdiriblər.
Baxçalının digər açıqlaması isə hazırkı gərginlik fonunda daha konkret məna kəsb edir. O, türk dünyası ölkələri arasında münasibətlərə toxunaraq bildirib ki, “Başda Azərbaycan olmaqla, türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir”.
Görünüdüyü kimi MHP sədri problemi yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində deyil, bütövlükdə türk dünyasının gələcəyi baxımından qiymətləndirir eyni zamanda narahatlıq ifadə edir. Əgər Azərbaycanla Türkiyə arasında ictimai səviyyədə qarşılıqlı ittihamlar artırsa, bunun nəticələri yalnız Bakı və Ankara ilə məhdudlaşayacaq. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, regional təhlükəsizlik, ortaq iqtisadi layihələr və siyasi həmrəylik də bu münasibətlərin sağlam qalmasından asılıdır.
Yeri gəlmişkən 29–30 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti, 13-cü Zirvə görüşü olacaq. Bu vaxta qədər AKP-nin sərgiləyəcəyi mövqe yumşalar trol şəbəkəsi susarsa gələcək ilə bağlı müsbət danışaq olar. Zirvə görüşündə liderlərin iştirakı və müzakirə edəcəkləri məsələlər çox şeydən xəbər verəcək.
Müəllif: Turan Rzayev
gərginliyi artıran kim?Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir