ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq rəhbəri Cozef Kent ABŞ-nin NATO-dan ayrılmaq istəyinin arxasında duran əsl səbəbin Türkiyə ilə İsrail arasında yarana biləcək mümkün gərginlikdə Vaşinqtonun İsrailin tərəfində yer almaq niyyəti olduğunu iddia edib.
Cozef Kentin iddiası diqqət çəkir. Amma bu və bu kimi iddialar ABŞ siyasətinin real istiqamətini əks etdirmir. Ümumiyyətlə, bir reallıq var ki, ABŞ-ın xarici siyasəti bir nəfərin baxışından deyil, çoxsaylı institutların, maraqların və uzunmüddətli strategiyaların qarşılıqlı təsiri ilə formalaşır. Əgər məsələyə geosiyasi prizmadan baxsaq, NATO ABŞ üçün sadəcə hərbi ittifaq deyil, həm də qlobal təsir alətidir. ABŞ-ın NATO-dan çıxmasına dair iddialar səslənə bilər, lakin bu addımın reallaşması üçün çox ciddi struktur dəyişiklikləri və siyasi konsensus lazımdır.
Düzdür, son zamanlar Donald Tramp NATO-nu sərt tənqid edir, hətta Vaşinqtonun alyansı tərk edəcəyini deyir. Lakin aydın məsələdir ki, Donald Trampın bu tip açıqlamaları daha çox siyasi təzyiq məqsədi daşıyır. O, tələbləri və ABŞ maraqları kontekstində irəli sürdüyü istəklərin yerinə yetirilməsi üçün alyans ölkələrinin geri addım atacağını düşünür.
Türkiyə-İsrail münasibətlərinə gəldikdə isə iki ölkə arasında münasibətlər tarixən dalğalı olub. Vaşinqtonun İsraili dəstəkləməsi sirr deyil, amma bu, Türkiyəni tam şəkildə qarşı tərəfə itələmək bahasına ediləcək qədər sərt və birmənalı xətt deyil. Türkiyə NATO üzvüdür və ABŞ üçün həm hərbi, həm də coğrafi baxımdan əhəmiyyətlidir. Vaşinqton bu günə qədər hər iki ölkə ilə strateji tərəfdaşlıq münasibətləri saxlayıb, hətta bu cür gərginliklərdə balans siyasəti aparıb.
ABŞ-nin konkret bir regional gərginliyə görə NATO-nu tərk etməsi qeyri-real bir versiyadır. Bu gün ABŞ-də bəzi siyasətçilər NATO-nun ABŞ üçün “çox baha başa gəldiyini” deyir, bəziləri isə əksinə, onu ABŞ-ın qlobal liderliyinin əsas sütunu kimi görür. Yəni bu məsələ çoxşaxəlidir və təkcə Yaxın Şərqdəki bir potensial ssenari ilə izah edilə bilməz.
Müəllif: Turan Rzayev