Törəli çölçü “Törənin izində”-Addım-addım hədəflərə doğru!

Hər kəsə bəllidir ki, Türk Törəsi əsrlərdir keçimişimizdən bu günümüzə, nəsillərdən nəsillərə ötürülərək uzun və incə bir yol keçərək Türk xalqlarının birliyinin möhkəmləndirilməsində önəmli rol oynayıb və oynamağa da davam edir.

Çağdaş dövrdə “Törə” mədəni və mənəvi irs, Türk xalqlarının ortaq simvolu kimi xatırlansa da, dövlət idarəetmə sistemində böyük önəm daşıyıb. Tarix boyu bu törənin izinə düşənlər də olub, bu izdən addımlayıb böyük işlər görərək, adlarını tarixə yazdıranlar da. Bir də… bir də öz törəsinə dönük çıxıb, ondan uzaq qaçanlar olub.

Qaçdıqca da Törədən uzaqlaşıblar, onu unudublar. Ya da sanıblar ki, unuda biləcəklər… Oysa Törə nə kağızlarda, nə də qədim daş kitabələrdə yazılı deyil əsla. Törə Türkün qanındadı. O, asanlıqla unudulmaz. Unudulsa belə, yatmış bir vulkan kimi yenə küllərinin içindən baş qaldırar, canlanar… Bunu Türkün Törəsini unutdurmağa çalışanlar da bilirlərmi görəsən heç? Bəlkə də bilirlər… “Bəlkə də yox”, dəqiq bilirlər… Çünki dünyanın düzəni pozulduqca, ədalətsizliklər artdıqca Türkün qanı yenidən qaynadı, külləri arasında yeni bir qığılcım gözləyən Türk Törəsi bütün Türk obalarına, Türk soylarına səsləndi: “Ədaləti qoruyub, bərqərar etmə zamanıdır.” Bu Türkün Törəsindəndir.

Bir səslənişlə dünyanın dörd bir yanından Türk oğulları ayağa qalxdılar. İç oğuzla dış oğuz bir oldular. “Yenidən güclənmə, bir olma zamanıdır”- dedilər. Dedilər və sürətlə bir olmağa, toparlanmağa başladılar. Artıq tək sözdə deyil, əməldə də bir olma zamanı idi və oldular da.

İnformasiya texnologiyalarının, sosial şəbəkələrin daha çox insan beynini işğal etməsinə rəğmən Türk insanı tutduğu vəzifədən və mövqedən asılı olmayaraq bu birliyiə dəstək olur, silkinib özünə dönür Tenqri oğulları. Dönür ki, daha böyük olsunlar.

Bir də artıq “Törənin izində” olma zamanıdır deyənlər var.

“Törənin izində”olmaq Türk birliyinin gündən-günə gücləndiyi bir vaxtda bəlkə də ən doğru qərarlardan biridir. Bəzi telekanlların göstərdikləri, heç bir milli əxlaqi normalara, etik qaydalara sığmayan verilişlərin insanları televiziya kanallarından uzaq saldığı bir çağda, bəlkə “Törənin izində” olmaq yenidən insanları, ailələri bir arada ekran başına toplar, onlara zəngin tariximizi, mədəni və qədim irsimizi xatırladar?! Onlara Türk Törəsinin nələrə qadir oluğunu göstərər, anladar?!

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən dəstəklənən və ARB telekanalında yayımlanan “Törənin izində” verilişinin də əsas məqsədlərindən biri də elə budur. Bu layihə təkcə insanları yenidən ekran qarşısına toplamır, həm də Türk dünyasını birləşdirir. “Törənin izində” addım-addım Türk diyarlarını gəzərək,Türk dünyasının tanınmış aydınlarının, ortaq tariximiz, mədəniyyətimiz və gələnəklərimizlə bağlı maraqlı fikirlərini, araşdırmalarını ekranlara gətirir, Türk dünyasının böyük uğurları, çağdaş çağırışlar qarşısında birliyi və gələcək perspektivləri barədə müzakirələr aparılır. Bu layihə, Türk xalqlarını bir araya gətirmək üçün böyük bir addım olmaqla yanaşı, onun tarixini və ənənələrini dünya miqyasında tanıtmaq baxımından da önəmlidir.

“Törənin izində” olanlarla birgə izləyicilər də “Törənin izində” yol alacaqlar, keçmişdən bu günə süzülüb gələn adət-ənənələrimizi, tariximizi hiss edəcəklər. “Törənin izində” olma ideyasının müəllifi və aparıcısı ilk çağdaş Türk altkültürü (subkulturası) olan “Çölçü” birliyinin qurucusu, rejissor Eltən Törəçidir, Törəli Çölçü. Unudulmuş, az gedilən, az tanınan yurd yerlərini addım-addım dolaşan, təbiətlə insan arasında itirilmiş harmoniya axtarışında olan Törəli Çölçü əslində uzun zaman idi ki “Törənin izində” idi. O, bu izdə addımladıqca addım səsləri daha gur eşidilməyə başladı.

Tanrı Törəli Çölçünü, Türk oğlunu qorudu və ucaltdı. Tanrı “Törənin izində” olanları qorusun!

Yazar -Xanım Xatun

/yeniçag/

Törəli çölçü “Törənin izində”-Addım-addım hədəflərə doğru!