Tanınmış televiziyaçı Eltən Törəçi gəncləri Qubaya çağırır: “Diplomdan çox bacarıq önəmlidir!”
Tanınmış televiziyaçı, rejissor, media bilicisi Eltən Törəçi 18–30 yaşlı yaradıcı gənclərə çağırış edib. Sosial mediada paylaşdığı müraciətdə o, Türk dünyasının birliyini istəyən, Türk törəsinə, doğaya bağlı, yenilik axtaran gəncləri Qafqaz TV-də üç aylıq təcrübə proqramına dəvət edib.
Çağırışın detalları ilə maraqlanaraq Eltən Törəçi ilə danışdıq.
“25 ildən çoxdur televiziya sahəsindəyəm. Bunun 20 ildən artığını rəhbər vəzifələrdə çalışmışam. İndi qazandığım bilik və bacarıqları gənclərlə bölüşmək, onlarla birlikdə yeni işlər görmək istəyirəm”, – deyə Törəçi bildirib.
Onun sözlərinə görə, gənclərin iş tapmaqda qarşılaşdığı çətinliklərdən biri təcrübə azlığıdır. Universitet diplomu önəmlidir, ancaq iş həyatına atılmaq üçün təkbaşına yetərli deyil. Xüsusilə televiziyada peşəni öyrənməyin ən yaxşı yollarından biri birbaşa işin içində olmaqdır.
Eltən Törəçi yalnız televiziya rəhbəri deyil, həm də “Səyyah”, “Çöldə Yaşam Öyüdləri”, “Törənin İzində”, “Qürbətdəki Yurddaşlarımız” kimi verilişlərin aparıcısı və yaradıcısıdır. Azərbaycan Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvü olması onun media çevrəsindəki geniş peşəkar bağlantılarını da göstərir.
Çölçü İctimai Birliyinin qurucusu olan Törəçi ənənəvi Türk oxçuluğu, doğada sağqalma bacarıqları və etnooyunlarla da məşğuldur. Bu biliklər də gənclərlə keçiriləcək görüşlərin bir parçası olacaq.
Üç ay ərzində iştirakçılar çəkilişlərə qatılacaq, verilişlər hazırlayacaq, aparıcılıq, rejissorluq və çağdaş yayımçılığı öyrənəcəklər.
Seçim görüşləri Bakıda keçiriləcək. Seçilənlərə Qafqaz TV-nin Qubadakı qonaq evində qalmağa yer ayrılacaq.
Proqramı uğurla bitirənlərə Qafqaz TV adından, Eltən Törəçinin imzası ilə sertifikat veriləcək. Belə bir sənəd və qazanılan gerçək iş təcrübəsi gənclərin gələcək iş müraciətlərində üstünlük yarada bilər.
Maraqlananlar Qafqaz TV ilə WhatsApp üzərindən bağlantı qura bilərlər: +994 70 307 97 79.