Tərtərdə ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar-FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Tərtər rayonunda 25 fermer üçün seminar təşkil edilib.

Kanal32.az “AzərTac”a istinadən xəbər verir ki, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən seminarda əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Layihə rəhbəri Musa Muradlı layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, Ekoloji İnformasiya İctimai Birliyinin həyata keçirdiyi “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Layihə çərçivəsində Qarabağ İqtisadi Rayonunun 4 rayonunda – Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Musa Muradlı qeyd edib ki, indi ekoloji məhsul istehsalının təşviqinə ehtiyac böyükdür. Buna görə də həyata keçirilən layihənin ideyasına önəm verilib.

Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul anlayışına aydınlıq gətirib. Dünyada ekoloji təmiz məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib. Ekoloji təmiz məhsul yetişdirilməsinin aktuallığından danışan ekoloq Xosrov Musayev bildirib ki, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı, torpağın da mikroorqanizmilərini məhv edir. Torpağın məhsuldarlığı tədricən azalır. Ekoloji təmiz kənd təsərrüfatının tətbiqi ilə isə ətraf mühitin təbii ehtiyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyatlarını qorumaq, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Arif Behbudov çıxışında layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Fermerlərin maarifləndirilməsi baxımından belə seminarların keçirilməsinə ehtiyac duyulduğunu vurğulayıb. Layihənin komanda heyətinə uğurlar arzulayıb.

Tərtərli fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsulların istehsalı barədə müzakirələrdə fəallıq nümayiş etdiriblər.

Çıxışlardan sonra seminarın gündəliyinə uyğun olaraq çay süfrəsi arxasında müzakirələr aparılıb. İştirakçılara dəftərxana ləvazimatları, bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanılıb.

/Azertac/