Təcili yardım sürücülərinə də əlavələr ÖDƏNİLƏCƏK

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavələr ödəniləcək.
İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin məlumatına görə, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
Birinci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, ikinci sinfə isə tarif (vəzifə) maaşının on faizi miqdarında əlavə ödəniləcək.
Qeyd edək ki, avtomobil sürücülərinə ixtisas siniflərinin verilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın tələbləri rəhbər tutulacaq.