“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin icrası başa çatıb-FOTOLAR

Mingəçevir Dövlət Universitetində “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin bağlanış tədbiri keçirilib.

KANAL32.az-a verilən məlumata görə,Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan, Mingəçevir Dövlət Universiteti (MDU) və Universitetin Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi bağlanış tədbiri ilə yekunlaşdırılıb. Layihənin əsas məqsədi gənclər arasında Konstitusiya dəyərlərinin təbliği, dövlət suverenliyinin möhkəmləndirilməsi ideyasının gücləndirilməsi, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin milli-siyasi mahiyyətinin daha dərindən dərk olunması və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olub.

Bağlanış tədbiri layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin nəticələrinin təqdimatı, iştirakçıların fəallığının qiymətləndirilməsi və sertifikatların təqdim olunması ilə yadda qalıb. Tədbirdə universitetin akademik heyəti, layihədə iştirak edən gənclər, tərəfdaş qurumların nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, KANAL32.az saytının təsisçisi, politoloq İnqilab Şirinli layihənin ideya xəttini yüksək qiymətləndirərək qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin maarifləndirilməsi yalnız informasiya vermək deyil, eyni zamanda gənclərin dövlətçilik düşüncəsinin formalaşdırılması, milli kimlik şüurunun möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. O, 44 günlük Vətən müharibəsinin informasiya cəbhəsində qazanılmış uğurların və gənclərin bu prosesdə oynadığı rolun xüsusi vurğulanmasının, gələcək nəsillərin tarixi həqiqətlərə əsaslanan düzgün mövqedə yetişməsinə mühüm töhfə verdiyini bildirib. İnqilab Şirinli media savadlılığının, dezinformasiyaya qarşı mübarizənin və həqiqətin müdafiəsinin gənclərin vətəndaşlıq mövqeyi ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Gunboyu.az saytının təsisçisi, “Mədəniyyət və Zaman” QHT-nin sədri, layihələr üzrə təlimçi-ekspert Aynur Araz layihənin icra prosesində gənclərin fəallığını, mövzuya həssas yanaşmasını və müzakirələrdə nümayiş etdirdikləri vətəndaş mövqeyini yüksək qiymətləndirib. O vurğulayıb ki, bu layihə çərçivəsində gənclər yalnız 44 günün xronikasını öyrənməyib, eyni zamanda Zəfərin arxasında dayanan Konstitusiya dəyərlərini, suverenlik ideyasını və milli birliyin gücünü dərk ediblər. Aynur Araz qeyd edib ki, gənclərin dövlətçilik düşüncəsinin gücləndirilməsi müasir çağırışlar fonunda informasiya təhlükəsizliyi və ictimai sabitliyin qorunması baxımından mühüm amildir. O, layihədə tətbiq olunan interaktiv yanaşmaların – tematik müzakirələrin, intellektual oyunların, komanda formatında fəaliyyətlərin – gənclərin mövzunu daha dərindən mənimsəməsinə şərait yaratdığını bildirib.

MDU-nun müəllimi Şəbnəm İslamova çıxışında layihənin mənəvi-pedaqoji mahiyyətinə toxunaraq qeyd edib ki, gənclərin Vətən müharibəsinin qəhrəmanlarını tanıması, onların göstərdiyi igidliyin mənasını doğru dəyərləndirməsi və bu tarixi reallığı suverenlik düşüncəsi ilə əlaqələndirməsi gənc nəslin milli ruhda formalaşmasına xidmət edir. O, bu cür layihələrin təkcə tədbirlər silsiləsi deyil, gənclərin düşüncə tərzini, vətəndaş mövqeyini və sosial məsuliyyətini inkişaf etdirən sistemli maarifləndirmə platforması olduğunu vurğulayıb.

Tədbirin yekununda layihə rəhbəri Nihad Xəlilov çıxış edərək layihənin icra müddətində göstərilən dəstəyə, tərəfdaş qurumların əməkdaşlığına və gənclərin fəal iştirakına görə minnətdarlığını bildirib. Layihə rəhbəri layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlərin – maarifləndirici görüşlərin, tematik müzakirələrin, intellektual oyun yarışlarının və digər interaktiv tədbirlərin – məqsədyönlü şəkildə gənclərin hüquqi, tarixi və vətəndaşlıq biliklərinin gücləndirilməsinə xidmət etdiyini qeyd edib. O, layihənin “Konstitusiya və Suverenlik İli”nin ideoloji xətti ilə uzlaşaraq, gənclərdə dövlətə bağlılıq, suverenlik dəyərlərinə həssas münasibət və milli birliyin gücünə inam formalaşdırdığını diqqətə çatdırıb.

Rəsmi hissənin sonunda layihə çərçivəsində fəal iştirak etmiş gənclərə sertifikatlar təqdim olunub. Sertifikatlandırma mərasimi iştirakçılar üçün həm təşəkkür, həm də gələcək fəaliyyətləri üçün motivasiya xarakteri daşıyıb. Bağlanış tədbiri xatirə fotosunun çəkdirilməsi və layihənin ümumi nəticələrinin müzakirəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi gənclərin dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi, Konstitusiya dəyərlərinin təbliği və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gənc nəsil tərəfindən daha dərindən dərk olunması istiqamətində mühüm maarifləndirici təşəbbüs kimi qiymətləndirilir.

KANAL32.az

“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin icrası başa çatıb-FOTOLAR