Şuşa Qlobal Media Forumu: Birlik və humanizm naminə çağırış

Azərbaycanın əldə etdiyi bütün uğurlar Ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Bildiyimiz kimi cari ilin iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb. Möhtərəm Prezident geniş və məzmunlu açıqlamaları ilə bir çox tarixi faktları da ictimaiyyətin diqqətinə çatdırıb.
Ümumilikdə qeyd etmək lazımdır ki, Azərbaycanın apardığı güclü xarici siyasət nəticəsində bizim bir çox dövlətlərlə qardaşlıq və möhkəm dostluq əlaqələrimiz yaranıb. Dili,dini, etnik kökü eyni olan qardaş Türkiyə xalqı bizə doğmadır. Türkiyə dövləti ilə əlaqələrimiz qardaşlıq prinsipləri əsasındadır. Cənab Prezidenti keçirilən mötəbər tədbirdə sualları cavabladığı zaman Türkiyə ilə olan münasibətlərə,eləcə də Mərkəzi Asiya dövlələri ilə yüksək səviyyəli münasibətimizə də diqqət çəkdi. İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir. İkitərəfli əsaslarda çox fəal işləyirik, xüsusilə sərmayələr və ticarət sahələrində. Bu isə onu göstərir ki, Azərbaycanın qardaş türk dövlətləri ilə də sıx əlaqələri vardır. Çünki M.Asiya xalqlarının böyük bir hissəsi ilə bizi bağlayan tarix və eyni soykökə bağlılıq vardır.
Görüş çərçivəsində cənab Prezident Milli Mətbuat Günü ilə əlaqədar bütün jurnalistləri, media nümayəndələrini və yazıçıları təbrik edib, qeyd etdi ki, Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda azad media fəaliyyət göstərir və cəmiyyətimizdə baş verən proseslərin işqılandırılmasına heç bir maneçilik törədilmir. Bundan əlavə cənab Prezidentin fikirlərindən məlum olur ki, Azərbaycan böyük hədəflərə doğru inamla addımlayır. Bu məntiqli və ədalətli proses bu gün də davam edir. Çünki, Vətən müharibəsindəki parlaq Qələbə bizim ən əsas hədəfimiz idi və biz apardığımız haqq savaşında qalib gəldik.
Möhtərəm Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

İlham Məmmədov,

Millət vəkili