Suriyalı türkmən tədqiqatçı Muxtar Fatih Beydili Misirin “Yeni dünya xəbərləri” portalında Azərbaycan Prezidenti İlham Əliyevin IX Qlobalı Bakı Forumunda nitqinə dair analitik məqalə yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə dövlətimizin başçısının Ermənistan hökumətinin İkinci Qarabağ müharibəsinin dərslərini unutmaması xəbərdarlığı vurğulanıb. Müəllif yazıb: “Azərbaycan Prezidenti təəssüflə qeyd edib ki, Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsi tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Prezident İlham Əliyev Dağlıq Qarabağın artıq mövcud olmadığını, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan ərazisində belə bir inzibati struktur yoxdur və bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq”.
Məqalədə qeyd edilib ki, Prezident İlham Əliyev Ermənistan hökumətini tarixi yenidən yazmaq cəhdlərindən çəkinməyə çağırıb. O bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Dövlətimizin başçısı deyib: “Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.