ADU-nun məzunu Vüsal Hümbətzadənin İsveçrənin Sürix Universitetinə qəbul olunması xəbəri Azərəbaycan ictimaiyyəti tərəfindən olduqca maraqla qarşılandı.
Albert Eynşteynin də məzunu olduğu bu ünlü təhsil ocağı –ETH Zurich (Sürix Federal Texnologiya Universiteti) isə dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə qərarlaşıb.
Sözügedən universitetə qəbul olan tələbə Vüsal Hümbətzadə öz təəssüratlarını “Kanal32”-ə danışıb
– Zəhmət olmasa özünüz haqqında məlumat verin.
– Mən Hümbətzadə Vüsal Nurəddin oğlu 2003-cü ildə anadan olmuşam. 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olub 2024-cü ildə həmin universitetin məzunu olmuşam.
– Təhsilinizi məhz Surixdə davam etdirməyə qərar vermisiniz. Niyə məhz İsveçrə,niyə məhz Sürix?
– Mən qəbul olmamışdan 2 il əvvəl dostum Surix Universitetinin tələbəsi adını qazanmışdı. Hətta yeddi nömrəli universitet olmasaydı belə, mən yenə Sürixi seçərdim.
– Sənin üçün əsas uğur prinsipi nədir?
– Mənim üçün uğurlu olmaq üçün əsas olaraq vaxtını idarə etməyi bacarmalısan. Vaxtımı işlərimə uyğun idarə etməyi xoşlayıram. Bununla da məndən gözlənilən hər şeyi etmək üçün kifayət qədər vaxtım olur. Əlbəttə ki, əyləncəmə də vaxt ayırmağı unutmuram.
– Hansı dilləri bilirsiniz?
Urdu, İngilis dillərini bilirəm. İspan və İtaliyan dillərini öyrənməyə çalışacam.
– Bir çox insan dil bilgilərini artırmaq üçün müxtəlif üsullardan istifadə etsə də, istəyinə nail ola bilmir. Onlara nə məsləhət görərdiniz? Çox söz əzbərləməklə dil öyrənmək mümkündürmü?
– Mən deyərdim ki, daha yaxşı və interaktiv üsul ingilis dilində olan filmlərə, müsahibələrə baxmaq, xəbərlərə qulaq asmaq, məqalələr oxumaqdır. Mənim urdu dilini öyrənməyimdə bu faktorlar çox böyük rol oynayıb.
– Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyirsiniz?
– Konkret planım olmasa da, öz şirkətimi qurmaq istəyirəm.
– Şəxsi inkişaf üçün hansı üsullardan istifadə etdiyinizi deyə bilərsiniz?
– Düşünürəm ki, şəxsi inkişaf üçün ilk olaraq yeniliklərə açıq olmalısan və düzgün ətraf seçməlisən. Düzgün ətrafın olması çox vacibdir. Çalışıram ki, ətrafımdakı insanlar da hər zaman öz üzərlərində işləsin.
– Qəbul aldığınız zamankı hissləriniz nə oldu?
– Əlbəttə ki, çox sevinmişdim və çox şad idim. İnsan bu hissləri başa düşmək üçün bunu yaşamalıdır.
– Universiteti bitirəndən sonra Azərbaycan üçün hansı işləri görməyi planlaşdırırsınız?
– Bunun üçün universiteti bitirməyi gözləmək lazım deyil. Tələbələr hər yay layihə-təklif hazırlayırlar. Layihəni əsaslandıra bilsələr, universitet tərəfindən onlar üçün müəyyən məbləğ ayrılır.
Müsahibəni aldı:Aytən Səfərova
Kanal32.az