Sözləri yox, söz yaratmaq cəsarətini geri çağıraq

Artıq bir sualı daha açıq verməliyik: niyə öz sahəsinin Azərbaycan türkcəsində düşüncə dilini qurmaq universitetlərin gündəlik elmi işlərindən biri olmasın?

Azərbaycan türkcəsi duyumlarımızın, duyğularımızın, düşüncələrimizin axdığı yataqdır. Mən dilə yalnız danışmaq, anlaşmaq aracı kimi baxmıram. Dil bir ulusun yaddaşı ilə düşüncəsi arasındakı bağı qoruyan, o bağa düzən verən canlı quruluşdur.

Öz qarşılığı ola-ola işlədilən hər yad söz özlüyündə təhlükə deyil. Təhlükə başqa yerdə başlayır: dil bir gün yeni anlayış qarşısında öz sözünü yaratmaq gücünü itirəndə.

Dillər tarix boyu bir-birindən söz alıb, bundan sonra da alacaq. Elm, texnika, ticarət, mədəniyyət xalqları bir-birinə bağladıqca sözlər də sərhəd tanımır. Mən bütün alınma sözləri dildən çıxarmaq kimi bir düşüncəni doğru saymıram.

Məni düşündürən alınma sözün özü deyil.
Məni düşündürən öz dilimizdə anlayış yaratmaq vərdişimizin zəifləməsidir. Biz Azərbaycan türkcəsində yalnız danışmamalıyıq. Bu dildə düşünməli, öyrənməli, öyrətməli, araşdırmalı, dartışmalı və yeni bilik doğurmağı da bacarmalıyıq.

Yüz il əvvələ baxanda bunun maraqlı örnəklərini görürük. 1920-ci illərdə Azərbaycan alimləri və maarifçiləri elmi anlayışlara öz dillərinin içindən qarşılıq tapmağa çalışırdılar. O çağın söz axtarışlarında “həndəsə” üçün biçimbil, “aksioma” üçün özübəlli, “düstur” üçün çeşni, “nöqtə” üçün bənək, “sənaye” üçün törədiş, “əhali” üçün yaşaq kimi sözlər ortaya çıxmışdı.
Bu sözlərin bəzisi bu gün qulağımıza yad gəlir. “Biçimbil” yenidən “həndəsə”nin yerinə keçməlidirmi? “Çeşni”ni “düstur” əvəzinə işlətməliyikmi?

Məncə, məsələ bu deyil. Hansı söz yaşadı, hansı söz unuduldu — bunu zaman və dilin işləkliyi müəyyənləşdirdi. Mənim üçün daha önəmli olan həmin sözlərin arxasındakı düşüncədir:

Azərbaycan türkcəsində elm necə danışmalıdır? 1922-ci ildə İstilah Komissiyasının yaradılması da belə bir axtarışın içindən doğmuşdu. Nəriman Nərimanov, Səmədağa Ağamalıoğlu, Tağı Şahbazi və başqa aydınlar riyaziyyatdan coğrafiyaya, kimyadan iqtisadiyyata qədər ayrı-ayrı elm sahələri üçün sözlər axtarırdılar.

1923-cü ildə “Kommunist” qəzetində həftəlik “Dilimizin istilahı” bölməsinin yayımlanması isə başqa bir maraqlı gerçəyi göstərir: söz yaratmaq yalnız alimlərin qapalı otaqlarda gördüyü iş deyildi. Toplum da bu arayışın içində idi. Yəni yüz il əvvəl elmin dili toplumun danışdığı bir məsələ idi.

1948-ci ildə Elmlər Akademiyası yanında Terminologiya Komitəsinin yaradılması ilə bu iş daha düzənli şəkil aldı. Ali məktəblərə və elmi ocaqlara ayrı-ayrı sahələr üzrə sözlüklər hazırlamaq tapşırıldı, zamanla çoxsaylı elm və peşə sahələrini əhatə edən sözlüklər ortaya çıxdı.
Sovet çağını burada gözəlləşdirməyə ehtiyac yoxdur. Rus dilinin üstün mövqeyi, siyasi basqılar, əlifba dəyişiklikləri, dilə yuxarıdan edilən qarışmalar da həmin tarixin içindədir. Bəzən zorla düzəldilmiş, dilə yatmayan sözlər də yaradılıb.

Amma bütün bunların arasında diqqətə dəyər bir gerçək var: dövlət müstəqilliyi olmadığı çağlarda belə Azərbaycan alimi öz dilində elmi düşüncə qurmağa çalışırdı. Bəs indi?

“Universitetlər heç nə etmir” demək doğru olmaz. Dilçilik İnstitutu, Terminologiya Komissiyası, ayrı-ayrı alimlər bu işi bu gün də davam etdirirlər. Ancaq məncə, artıq başqa bir sualı daha açıq verməliyik: niyə öz sahəsinin Azərbaycan türkcəsində düşüncə dilini qurmaq universitetlərin gündəlik elmi işlərindən biri olmasın?
Tibb Universitetinin işi yalnız yaxşı həkim yetişdirmək deyil. Tibb düşüncəsinin Azərbaycan türkcəsində işlək və anlaşılan dilini qurmaq da onun elmi yükünün bir parçası ola bilər.

Texniki universitetlər robototexnika, enerji, mexanika, yeni materiallar kimi sürətlə dəyişən sahələrdə ortaya çıxan anlayışları izləyə bilər. İqtisadçılar rəqəmsal iqtisadiyyatın, maliyyənin, idarəetmənin, insan davranışına söykənən iqtisadi yanaşmaların söz dünyasını işləyə bilərlər.

Süni ağıl, genetika, biotexnologiya, kibergüvənlik, beyin elmləri kimi sahələrdə isə yeni anlayışlar elə sürətlə yaranır ki, dilin onların arxasınca kor-koranə gəlməsi yetərli deyil.

Burada məsələ yalnız dil sevgisi də deyil. İnsan bir anlayışı ən yaxşı bildiyi dildə daha rahat qavrayır, onu əvvəlki biliyi ilə bağlayır və üzərində daha sərbəst düşünə bilir. Ana dilində güclü oxu, yazı və anlayış qurma bacarığının sonrakı öyrənməni də gücləndirdiyini göstərən geniş elmi ədəbiyyat var. UNESCO-nun ana dilində təhsil üzərində illərdir dayanmasının səbəblərindən biri də budur. Jim Cummins kimi araşdırmaçılar da bir dildə qurulan düşüncə bacarıqlarının başqa dillərin öyrənilməsinə dayaq ola bildiyini göstəriblər. Buradan çıxan nəticə sadədir: öz dilində elm dili qurmaq başqa dillərdən üz çevirmək deyil. Tam tərsinə. Öz dilində anlayışı sağlam quran insan başqa dillərdəki biliyi də daha yaxşı qarşılayır.

Termin yaratmaq da yalnız bir əcnəbi sözün yerinə başqa söz qoymaq deyil. Yeni söz yaratmaq çox vaxt anlayışın sərhədini müəyyənləşdirmək, onu başqa anlayışlardan ayırmaq, həmin sahədə düşüncə düzəni qurmaq deməkdir. Elə buna görə universitetə yalnız bilik ötürən yer kimi baxmaq mənə yetərli görünmür.
Universitet öz elm sahəsinin Azərbaycan türkcəsində düşüncə xəritəsini də qurmalıdır. Bunun üçün yüz nəfərlik idarələr yaratmağa ehtiyac yoxdur.
Bir sahə alimi, bir dilçi, bir türkoloq, gərəkəndə bir redaktor. Kiçik bir çalışma birliyi belə çox iş görə bilər.
Yeni anlayış ortaya çıxanda bir neçə sadə sual verilməlidir: dilimizdə bunun qarşılığı varmı? Varsa, niyə işlətmirik?

Türk dillərində buna hansı sözlər verilib? Beynəlxalq söz olduğu kimi qalmalıdırmı? Yoxsa Azərbaycan türkcəsinin öz köklərindən daha aydın və daha işlək söz yaratmaq mümkündür?

Burada başqa bir yanlışlığa da düşmək olmaz. Yeni söz yaradıldı deyə onun ertəsi gün hamıya buyuruqla qəbul etdirilməsi doğru yol deyil. Sözü müəllim işlətməlidir. Tələbə sınamalıdır. Alim yazısında yer verməlidir. Media onu topluma çatdırmalıdır. İnsanlar onu danışığında yoxlamalıdır. Dilinə yatan söz yaşayacaq. Yatmayan isə zamanla çəkilib gedəcək. Çünki dili yalnız qərarlar böyütmür. Dili işlədən insan böyüdür.

Bu məsələ indi yüz il əvvəlkindən də önəmlidir. Azərbaycan türkcəsi artıq yalnız mədəniyyət və ədəbiyyat dili deyil. O, eyni zamanda, bilik, elm və texnologiya dili olmaq sınağı qarşısındadır. Sabah Azərbaycan türkcəsində işləyəcək ağıllı sistemlər də bu gün yaratdığımız mətnlərdən, sözlüklərdən, anlayışlardan və onların arasındakı bağlardan öyrənəcək. Bir anlayış üçün bir-birindən qopuq beş sözün işlənməsi və ya bütöv bir elm sahəsində Azərbaycan türkcəsində yetərli söz qatının yaranmaması artıq yalnız dil məsələsi deyil. Bu, gələcəyin bilik quruluşu məsələsidir. Ona görə mən keçmişdə yaradılmış bütün sözlərin geri qaytarılmasını istəmirəm.

“Biçimbil” yaşaya bilər, yaşamaya da bilər. “Özübəlli” yenidən işlənə bilər, işlənməyə də bilər. “Çeşni” elə tarixdə qala bilər. Bunlar mənim üçün başlıca məsələ deyil. Mənim geri çağırmaq istədiyim başqa şeydir. Yüz il əvvəl bir alim qarşısına yeni anlayış çıxanda öz-özünə soruşurdu: “Bunu öz dilimizdə necə deyək?”. Bu sualı yenidən gündəlik elmi düşüncəmizin içinə gətirməliyik.
Bir universitet ildə cəmi beş uğurlu yeni söz qazandırsa belə, bunu kiçik iş saymaq olmaz. On universitet bunu etsə, bir neçə ildən sonra yüzlərlə yeni söz deyil, yüzlərlə yeni düşüncə aracı yaranar. Ən böyük qazanc da elə budur.

Alim hər yeni anlayış qarşısında bir anlıq dayanıb özündən soruşacaq: “Mən bu biliyi Azərbaycan türkcəsində necə düşünürəm?”.

Dünyada yaranan biliyi dilimizə çevirmək gərəklidir. Amma bir gün həmin biliyin bir bölümü Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada da doğulacaqsa, onun adını qoymaq gücümüz də olmalıdır. Mən yüz il əvvəlki sözləri geri çağırmıram. Mən yüz il əvvəlki söz yaratmaq cəsarətini geri çağırıram.

Müəllif: Eltən Törəçi

söz yaratmaq cəsarətini geri çağıraqSözləri yox