Əziz və dəyərli uşaqlar!
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi iGünüdür. Uşaq- Ailə Məcəlləsinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. İnsanın ən gözəl və həssas çağı bu yaş dönəmləridir. Odur ki, biz uşaqlara qarşı diqqətli olmalıyıq.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə #BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Bu günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyada uşaqlara qarşı diqqətin artırılması məqsədi daşıyır. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu tarix xüsusi olaraq qeyd edilir. Hər bir cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətidir. Ölkəmizdə uşaqlara qayğının təcəssümü olan bu məsuliyyətin dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi, məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət göstərərək deyirdi: “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”.
Siz çox xoşbəxtsiniz ki, müstəqil Azərbaycan dövlətinin uşaqlarısınız! O dövlətin ki, dünyanın güclü dövlətləri siyahısında özünə məxsus yeri var. Məhz cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqillik dövrünün uşaqları böyüyərək torpaqlarımızı 30 illik erməni işğalından cəmi 44 gün ərzində azad etdi. Cənab Prezident bu barədə böyük qürür hissi ilə söyləyir: “Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda.
Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.
Bizim dövlətimiz çox güclüdür. İnanıram ki, sizlərdə böyüyüb dövlətimizi daha güclü, daha müasir edəcəksiniz. İlham Əliyevin apardığı siyasətin əsasını sizin hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmağınız üçün gördüyü işlər təşkil edir. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısı demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.
Dövlətimiz bütün sağlam uşaqlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların da cəmiyyətə inteqrasiyasını daima diqqət mərkəzində saxlayır. Belə ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, #HeydərƏliyevFondunun prezidenti, #YUNESCO-nun və #İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Eyni zamanda Mehriban xanımın təşəbbüsü ilə əlilliyi olan uşaqların tam sağalaraq cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir.
Mən bilirəm ki, siz çox güclüsünüz! Biz də çox xoşbəxtik ki, siz müstəqil Azərbaycanın gələcəyisiniz! Həm də ona görə xoşbəxtik ki, siz bizim arzularımızın ümid yerisiniz! Biz böyüklər, həm də gözəl bilirik ki, gələcəyimizi, yəni sizləri nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Hamınızı bir daha təbrik edirəm!
Xoşbəxt olun!!!
Tanrı Sizi və Sizi sevənləri qorusun!
Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri