Şirkəti talayanlar məsuliyyətdin yayınmaq üçün mühacir medianı şantaj vasitəsi seçib-YAXUD, GENERALA ATILAN BÖHTANIN İZİYLƏ…

Bu günlərdə Yusif Əzizov adlı bir şəxsin xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən “Azad Söz” adlı internet resursunda Dövlət Miqrasiya Xidmətinin rəis müavini Vəli Nağıyev haqqında iddiaları səsləndirilib.
Bir qrup şəxsin mənimsəmə, dələduzluq əməllərinə haqq qazandırmaq üçün Azərbaycan dövlətinin, onun hakimiyyətinin düşməninə çevrilən Tural Sadıqlının Youtube kanalında böhtan xarakterli çıxışlar etməsi bizi bu məsələni araşdırmağa vadar etdi.
Əvvala, ondan başlayaq ki, bu böhtanı danışan və onu tirajlayanlar çox gözəl bilməmiş deyil ki, Vəli Nağıyev hazırda heç bir biznes fəaliyyəti ilə məşğul deyil. Bu vəzifəyə gələnə qədər belə bir fəaliyyəti olub. Həyatında bir gün də olsun nə büdcə təşkilatına, nə də hansısa bir xidmət qurumuna  rəhbərlik etməməsi kifayətdir ki, onun haqqında deyilənlərin böhtan olduğu təsdiqini tapsın.
Yusif Əzizov iddia edib ki,  “SARA Qrup” QSC -un İmişli-Qəbələ rayonları üzrə anbardar və satış meneceri işləyən oğlu Əlişükür Vahabzadə və özü hədə-qorxu ilə üzləşiblər. Guya onlardan Miqrasiya Xİdməti rəsinin müavini Vəli Nağıyev 630 min manat tələb edir.
Bunu vermədiklərinə görə, döyülüblər, avtomobilləri əllərindən alınıb.
O, iddiasında göstərib ki, oğlu çalışdığı işdən azad olunan zaman üzərində qalmış malları təhvil-təslim edib. Hətta ictimaiyyəti buna inandırmaq üçün saxta aktı da efirdə nümayiş etdirib.
Ancaq araşdırmamız zamanı bəlli olub ki, o, efirdə nümayiş etdirdiyi həmin akt şirkətin hazırki direktoru Şirvan Əhmədov tərəfindən qəbul edilməyib.
Həmin videoaya diqqət yetirəndə aktda hər hansı bir möhürün olmadığı da açıq görünür.
Əslində işin mahiyyəti bundan ibarətdir ki, aktı imzalayan Əlişükür Vahibzadə, Elşən Cəfərli, Elçin Babayev və Vüsal Aslanov özlərinin birgə həyata keçirdiyi oğurluq faktını ört-basdır etmək üçün bu aktı yazıblar. Ancaq şirkətin audit orqanı həmin aktın saxta olduğunu və malların ortalıqda olmadığını ortaya çıxarıb.
Onu da vurğulayaq ki, adıçəkilən şəxslər sonradan yazılı izahatlarında əməllərini etiraf ediblər. Onlara könüllü şəkildə oğurladıqlarını qaytarmaq tələb olunub. Onlar vəd versələr də sonradan müxtəlif bəhanələrlə oğurladıqlarını qaytarmaqdan boyun qaçırıblar.
Bu mənimsəmə və dələduzluq əməli ilə bağlı Əlişükür Vahabzadə özü yazılı izahatında etiraf edib ki, həmin gübrələr mənimsənilib. Burada şirkətin sabiq rəhbəri Xaliq Məmmədovun xüsusi rolu var.
Xaliq Məmmədov
Məsələ ilə bağlı araşdırmamızda bütün maxinasiyaların başında duran şəxsin də elə məhz Xaliq Məmmədov olduğu üzə çıxıb.
Bu maxinasiyalar vaxtilə bu işlərə rəhbərlik edən Xaliq Məmmədovun təşkilatçılığı ilə baş verib və bu işdə ona Azər Abdurəhmanov da köməklik göstərib.
Araşdırmamız zamanı satılmış mallardan əldə olunan vəsaitlərin şirkətin hesabına deyil, məhz Əlişükürün atası Yusifin şəxsi bank hesabına köçürüldüyü üzə çıxıb. 
Bununla bağlı E-manat vasitəsi ilə həyata keçirilən köçürülmənin qəbzlərinin bəzilərini təqdim edirik. (yuxarıdakı fotolarda)
Göründüyü kimi vəsaitlər Yusif Əzizovun hesabına köçürülüb və onun tərəfindən mənimsənilib.
Qeyd edək ki, şirkətdəki talama ilə bağlı şirkətin hazırki rəhbəri Şirvan Əhmədov prokurorluğa ərizə ilə müraciət edib.
Onu da vurğulayaq ki, adıçəkilən şəxslər prokurorluqdakı ifadələrində də oğurluq etdiklərini etiraf edib.
Azərbaycanda vətəndaşların üz tutmalı olduğu kifayət qədər orqan və media quruluşları olduğu halda dövlətə düşmənə çevrilən bir şəxsin
vasitəsilə şantaja keçiblər.
Burada təəccüb doğuran bir məqam da həmin oğurluqda iştirak edən şirkətin o zamanki məsul şəxsi – Mineral gübrələr üzrə satış şöbəsinin müdiri Təvəkkül Məmmədovdur. Bu o şəxsdir ki, onun oğlu Rəşad Məmmədli hazırda Prokurorluq orqanlarında çalışır.
Təvəkkül Məmmədov
Belə bir mötəbər qurumda çalışan şəxsin ölkəyə, dövlətə düşmən olan bir kanalla əməkdaşlığı da xüsusi araşdırma mövzusudur. Buna da yaxın günlərdə qayıdacağıq.
Sonda bu oğurluq faktı ilə bağlı şirkətin rəhbəri Şirvan Əhmədovun Prokurluq orqanına yazdığı şikayətin də bir nüsxəsini təqdim edirik:
“Sizə müraciət etməyimizin səbəbi şirkətimizin məruz qaldığı xüsusilə külli miqdarda mənimsəmə faktıdır. Belə ki, şirkətimizin İmişli rayonu üzrə nümayəndəsi Vahibzadə Əlişükür Yusif oğlu və onunla əlbir olmuş Qəbələ rayon sakini  Aslanov Vüsal Elşad oğlu bir qrup şəxs halında birləşərək, etibar olunmuş xüsusilə külli miqdarda əmlakı mənimsəyərək ziyan vurmuşlar.
“Sara Qrup” QSC Azərbaycan Respublikasının qanunları ilə fəaliyyət göstərən şirkət olaraq  fəaliyyət profili kənd təsərrüfatı üçün zəruri olan gübrələrin idxalı və satışıdır. Bu məqsədlə ölkəmizə idxal olunan yüksək keyfiyyətli gübrə məhsulları daha sonra Bakı şəhərində yerləşən mərkəzi anbarlardan Respublikamızın regionlarına rayonlar üzrə satış nümayəndələri vasitəsilə yayılır, sonra isə rayon satış nümayəndələri tərəfindən yerli fermer təsərrüfatlarına, istixanlara və s. satılaraq əldə olunan vəsait mərkəzi hesaba köçürülür.
Vahibzadə Əlişükür Yusif oğlu adlı vətəndaş 2020-ci ilin sentyabr ayından şirkətimizdə İmişli rayonu üzrə satış nümayəndəsi vəzifəsində çalışır.           2020-ci ilin noyabr ayından etibarən tanışı  Aslanov Vüsal Elşad oğlu ilə əlbir olaraq onun vasitəsilə Qəbələ rayonunda Yenikənd anbarı təşkil etmiş və təhvil aldığı gübrənin bir hissəsini ora göndərmişdir.
Beləliklə, 2020-2021-ci illər ərzində Əlişükür Vahibzadə müxtəlif növ (bax qoşma 1) 1618 ton 910 kq gübrə məhsulunu təhvil alaraq öz fəaliyyət dairəsinə aid olan İmişliyə deyil, faktiki Qəbələ (Yenikənd) anbarına göndərmiş, 439 ton 758 kq gübrə məhsullarının dəyərini, yəni şirkətimizə məxsus 630.769 (alti yüz otuz min yeddi yüz altmış doqquz) manat vəsaiti Aslanov Vüsal Elşad oğlu ilə  mənimsəmişlər.
2022-ci ilin mart-aprel aylarında həmin anbarlarda keçirilən yoxlama zamanı 439 ton 758 kq  miqdarında məhsulun çatışmadığı müəyyən olunmuş və həmin şəxslər yazdıqları izahatlarda çəkisi 630 ton 769 kq , dəyəri 630.769 manat olan məhsulu sataraq mənimsədiklərini etiraf etmişlər.
Beləliklə, İmişli rayon satış nümayəndəsi Vahibzadə Əlişükür Yusif oğlu Aslanov Vüsal Elşad oğlu ilə bir qrup şəxs halında “Sara Qrup” QSC-yə 630.769 manat ziyan vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4.-cü maddəsində tövsuf olunmuş əməli törətmiş, bununla da şirkətimizin mənafeyinə xüsusilə  külli miqdarda ziyan vurmuşlar.
Qeyd olunanları nəzərə alaraq, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə, şirkətimizə vurulmuş xüsusilə külli miqdarda ziyanın ödənilməsini Sizdən xahiş edirik.

/moderator.az/