Şeyxin iranlı Ocaqnejatdan FƏRQİ…

Ötən gün ilahiyyatçı kimi tanınan İlqar İbrahimoğlu da daxil olmaqla, bir neçə dindarın xüsusi xidmət orqanları tərəfindən saxlanıldığına dair sosial şəbəkələrdə məlumatlar yayıldı. Bu hadisə ilə bağlı hansı rəsmi açıqlamanın yayılacağından asılı olmayaraq, sözügedən əməliyyatın İranın Azərbaycandakı hücrələrinin zərərsizləşdirilməsinə yönəldiyi şübhə doğurmur.

Əslində, İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejatın ölkədən çıxarılmasının ardınca sıranın Ermənistanla qardaş olan İranın ölkəmizdəki “5-ci kolonu”na çatacağını proqnozlaşdırmaq çətin deyildi. Bunula yanaşı, görünən odur ki, zamanında dövlət, cəmiyyət, hüquq-mühafizə orqanları və s. olaraq, dindar adı altında cəmiyyətdə məzhəbçilik, ayrıseçkilik yayan və eyni zamanda başqa dövlətin ideoloji təbliğatı ilə məşğul olan kifayət qədər böyük bir zümrənin yaranmasını gözdən qaçırmışıq. Əksinə, belə bir zümrənin yaranmasında baş rollarda oynayanları qabağa, üst başa çəkmiş, mətbuatı, televiziyaları, sosial şəbəkələri onların üzünə taybatay açmış, hətta dini qurumlarda belələrinə yüksək vəzifələr vermişik.

Bunun nəticəsidir ki, Azərbaycanda hansısa bisavad, səsi yoğun mərsiyyə deyənləri, məzhəbçiliyə dair nağıllar danışıb gənclərin, xüsusilə də savadsız kəsimin beynini zəhərləyənləri, yaxud Qafqaz Müsəlmanları İdarəsində yüksək vəzifələrə layiq görülmüş hansısa “həci” filankəsləri daha çox tanıyan var, nəinki dəyərli ziyalılarımızı, elm adamlarını, ictimai xadimləri, siyasətçiləri və sair. Bu isə o deməkdir ki, yuxarıda qeyd edilən zümrə təhsilimizin, məktəbimizin yarıtmazlığı ucbatından itirilən gənclərimizi asanlıqla öz sıralarına qata bilib. Təhsilimizin itirdiyi həmin gənclər din tacirlərinin, fırıldaqçılarının, məzhəbçilərin alətinə çevrilib, beyinləri zəhərlənib, fanatikləşdiriliblər. Təəssüf ki, artıq onların əksəriyyətinin beynini, düşüncəsini, dünyagörüşünü, din haqqında təsəvvürlərini təmizləmək mümkün deyil…

İndi vaxtilə gözümüzün qarşısında formalaşan və formalaşması prosesinə “əşi” deyib fikir vermədiyimiz bu zümrə təkcə cəmiyyət yox, dövlət üçün də təhlükəyə çevrilib – A.P.Çexovun məşhur fikrində deyildiyi kimi, “Əgər teatr tamaşasında birinci səhnədə divardan tüfəng asılıbsa, əmin olun ki, son hissədə həmin silahdan atəş açılacaq”. İran uzun illər ölkəmizdə bu “tüfəngi” göstərməklə məşğul olarkən, təəssüf ki, buna seyrçi qalan cəmiyyətimiz, bəzənsə ayrı-ayrı dövlət strukturlarımız olub. Və bu prosesdə nəinki ölkənin, bütünlükdə “Bütün Qafqazın Şeyxi” statusunu daşıyan Allahşükür Paşazadənin də dərin mənəvi məsuliyyəti var – özü də birbaşa və hamıdan daha çox! Çünki məhz o, məscidlərdə, mədrəsələrdə, xütbələrdə bu uzun illərdə nə baş verdiyini, nələrin təbliğ edildiyini hamıdan yaxşı bilirdi və bilməlidir. Bu üzdəndir ki, çoxları ölkənin bir çox bölgələrində kök salmış və ifratçılığa qədər varan məzhəbçiliyin, iranpərəstliyin başında elə şeyxin özünün durduğunu iddia edirlər. Bu isə o deməkdir ki, prinsipcə şeyxülislamın “ocağı bağlanmış” Ocaqnejatdan elə bir ciddi fərqi yoxdur…

Bu gün nəinki sıravi vətəndaş, dindar və s. hətta bir çox ziyalı, məlumatlı, təhlil qabiliyyətinə malik ictimai-siyasi xadimlər də anlaya bilmirlər ki, A.Paşazadə hansı mənəvi, intellektual və s. keyfiyyətlərinə görə uzun illər ideoloji baxımdan bu cür strateji əhəmiyyətli bir statusda, vəzifədə saxlanılır? Əgər bu adamın nə zamansa cəmiyyətin, yaxud kimlərinsə qarşısında hansısa xidmətləri olubsa da belə, bunun qarşılığını malik olduğu bizneslər, malikanələr, dəyəri bəlkə də on milyonlar, yüz milyonlarla ölçülən varidatı ilə çoxdan alıb! Və hazırda sıravi azərbaycanlının gözündə onun bu ölkəni çapıb-talamış Ziya Məmmədovdan, Fazil Məmmədovdan, Əli Həsənovdan, Hacıbala Abutalıbovdan və hələ də vəzifədə olan digər bu tipli məmurlardan heç bir fərqi yoxdur. Yəni onu hansısa mənəvi keyfiyyətlərinə, dəyərlərinə, müdrikliyinə, dini maarifçiliyinə görə yox, varidatına, malikanəsinə, biznesinə görə tanıyırlar. Deməli, bu şəxs 41 il(!) Şeyxülislam olsa da, nəinki bütövlükdə millət, cəmiyyət üçün, heç onun sırf dindar kəsimi üçün belə mənəvi dəyərə çevrilə bilməyib…

Son müharibədəki qələbəmizə görə xalqın minlərlə şəhidi, yaralısı, qazisi, nəhayət, ordusu, dövləti ola-ola, hansısa ayətullahın “fətva”sı qarşısında təzim edir, onu az qala ilahiləşdirir, ona təriflər yağdırır, təşəkkür bildirir, sonradan isə cəmiyyətin və dövlətin haqlı “qulaqburmasını” alandan sonra hər imkan düşəndə ölkə rəhbərliyinə məddahlıq mesajları göndərməyə, bir növ “günahını yumağa” çalışır. Və ən pisi isə odur ki, bütün bunlardan sonra hələ başının dəstəsilə Moskvaya Rusiya patriarxı və erməni katalikosu ilə görüşə də gedir və orada Azərbaycanı təmsil edir – soruşan lazımdır ki, hansı üzlə, hansı mənəvi haqla?!

Təbii ki, hər kəsin inancı, dini, məzhəbi, təriqəti və s. özünə aid şəxsi məsələdir və ona müdaxilə etmək, qiymət vermək doğru olmaz. Lakin Paşazadənin iddialı olduğu və rəsmən daşıdığı status təkcə var-dövlətinin, cah-cəlalının mənbəyi deyil, real dini inancı, imanı barədə də hesabat verməsini zəruri edir. Elə isə soruşan lazımdır ki, doğrudanmı imanlı olan, Allahı, kitabı tanıyan, Yaradana, onun varlığına canı-dildən inanan bir adam bu qədər dünya malına bağlı, həris ola bilər? Axı, kasıb daxmalarından şəhidlər, qazilər çıxan, şəhid övladları, ailələri maddi çətinlik çəkən, ətrafda çoxlu sayda imkansız, gündəlik dolanışığa möhtac vətəndaşları olan bir məmləkətin dini lideri sayılan şəxs necə 10 milyonlarla dəyəri olan bizneslərə, obyektlərə malik ola, özünə aid malikanələrdə lüks həyat yaşaya, rahatlıq tapa, sakit yata bilər? Axı, məntiqlə onun daxili inancı, imanı, vicdanı buna imkan verməli deyil…

Təəssüf ki, dünya ölkələrinin bir çoxunda dini liderlər həmin ölkələrin varlı adamları sırasında yer alırlar. Əlbəttə ki, bunda dinin, təriqətin yox, dövlətin və cəmiyyətin günahı var. Lakin o da həqiqətdir ki, həmin adamlar nə qədər varlı, hallı, imkanlıdırlarsa, bir o qədər də öz xalqlarının gözündə hörmətsiz, saxtakar və kiçikdirlər…

Cəlal Məmmədov

/AzPolitika.info/