Şanlı tariximizdə qadınlarımızın yazdığı qəhrəmanlıq salnaməsi-FOTO

Azərbaycan tarixi təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti, igidliyi ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr, döyüşçülər də olub. Qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da Burla xatun, Banu Çiçək, Selcan xatun kimi kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən, cıdırda öndə gedən qəhrəman qadınlarımız haqqında məlumat verilib.

Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almış, böyük hünər, ağıl və mətanət göstərmişdi. Tarixin atası adlandırılan Herodot yazırdı: “Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olublar. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində Şərqdə, Araz çayının arxasında yaşayırdılar”. Bəzi mənbələrdə onları skif tayfalarından sayırlar və bunların törəmələrinin massagetlər olduğunu hesab edirlər. Massagetlərin hökmdarı ölür, tayfanın başına onun dul qadını Tomris keçir. Tomrisin igidliyi yarımhəqiqət və bəzən də əfsanələşdirilmiş şəkildə yazılmaqda və deyilməkdədir.

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində qeyd olunur ki, Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşüb. O, müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib.

XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana təcavüzü zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbək Əlincə qalasına qaçıb. Onun Təbrizdə qalan arvadı Mehrican xatun 1225-ci ildə təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvanın işğaldan azad olunmasında igidliklə vuruşub, böyük hünər göstərib.

Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olub və vəfatından sonra onun şərəfinə türbə ucaldılıb.

Uzun Həsənin anası Saraybəyim diplomat və siyasi sima, dövlət xadimi olub. Türk dünyasının igidi Koroğlunun Nigarı onun həm xanımı, həm silahdaşı olub.

1776-cı ildə Dərbəndin idarə olunması Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılıb. O, ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq, döyüş paltarını geyinib, silah-sursat qurşanaraq, şəhəri sonadək müdafiə edib, 9 ay düşməni Dərbəndə yaxın buraxmayıb.

Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əlində silah 25 ildən artıq at belində zalımlara qarşı igidlərlə birgə döyüşüb.

Artıq bizi iyirmi iki illik zaman məsafəsi ilə ayıran XX yüzillik həm dünya, həm də Azərbaycan tarixində qanlı müharibələr əsri kimi iz buraxıb.

1941-ci il iyunun 22-də dünyanın az qala yarıdan çoxunu öz ağuşuna alan II Dünya müharibəsinin yeni mərhələsi başlanıb. Keçmiş SSRİ dövründə bu, Böyük Vətən müharibəsi adlandırılırdı. Bu müharibədə 700 min azərbaycanlı iştirak edib. 1941-ci ildən 1945-ci ilədək davam etmiş müharibədə təkcə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Həmin qanlı müharibədə kişilərlə bərabər, qadınlarımız da böyük rəşadətlər göstərib, qələbənin təmin olunmasında canlarından keçiblər.

İkinci Dünya müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinədək yüksəlib. Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə sentyabrın 17-də Bakıda anadan olub. Əslən Qubadan olan Leyla Məmmədbəyova ilk təhsilini Bakıda alıb. İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda alıb və ilk uçuşunu 1931-ci ildə yerinə yetirib. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü ildə Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olub (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutub və 1941-ci ilədək artıq aviasiya mayoru rütbəsinə yüksəlib. Müharibədə iştirak edə bilməyib. Çünki, bu zaman L.Məmmədbəyovanın 6 uşağından 4-ü yetkinlik yaşına çatmadığına görə onun Böyük Vətən müharibəsində iştirakına icazə verilmir, lakin o, müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayır. Onun tələbələri arasında 2 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Dürrə Məmmədova-Kosmodemyanskaya II Dünya müharibəsinin iştirakçısı olub. Dürrə Əlabbas qızı Məmmədova 1923-cü ildə dekabrın 25-də Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəkidəki Nuxa Əczaçılıq Texnikumunu bitirib. Bu zaman Dürrə xanımın 17 yaşı varidi. Müharibənin ilk günlərindən o, könüllü cəbhəyə gedərək, Qara Dəniz Donanmasında 43 №-li hərbi hospitalda xidmət etmişdir. Dürrə xanım Novorossiysk şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə 18-ci Ordunun tərkibində tibb işçisi kimi iştirak etmiş, 1948-ci ildə ordudan tərxis olunmuşdur. O, 1949-1951-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq), 1951-1961-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib. 1961-ci ildən Bakıda, Baş Aptekler İdarəsi sistemində çalışıb. O, baş leytenant, “SSRİ tibb xidməti əlaçısı” olub. 1981-ci ildə müharibə iştirakçısı kimi “Azərbaycan SSR-in əməkdar səhiyyə işçisi” adına layiq görülüb.

Digər həmyerlimiz – Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri olub. Sona Piri qızı Nuriyeva 1915-ci ildə dekabrın 15-də Bakı qəzası Əmircan kəndində doğulub. ilk azərbaycanlı təyyarəçi qadınlarından biridir.  Bakı təyyarəçilər klubunun yetirməsi olan S.Nuriyeva 1945-ci ildən beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq edib. Böyük Vətən müharibəsində xüsusi tapşırıqla Tehrana uçub. 1949-1968-ci illərdə Zabrat aeroportunda işləyib. SSRİ Ali Sovetinin 1-ci və 2-ci çağırış dalbadal deputatı olub. “Lenin ordeni”, “Şərəf nişanı” və medallarla təltif edilib.

Aliyə Rüstəmbəyova II Dünya müharibəsinin gedişində partizan hərəkatının iştirakçısı olub. Aliyə Fətulla bəy qızı 1907-ci ildə Şuşa şəhərində doğulub, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçüb. Anası Turan xanım, Kərim bəy qızı Mehmandarova idi. O, ikinci dünya müharibəsinin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət edib. 1941-ci ildə əsir düşüb, 1942-ci ilin fevralında isə “Deduşka” partizan dəstəsinin köməyilə əsirlikdən qaçır. Martım 23-də Smolensk meşələrində fəaliyyət göstərən “Deduşka” partizan dəstəsinə qoşulub. Tibb-sanitar batalyonunun rəisi kimi döyüşdə yaralanan dəstənin komandanı Deduşka ləqəbli Vasili Voronçenkonu xilas edib. 1942-ci ilin iyun ayında döyüşlərin birində həlak olub.

Kapitan rütbəli qadın-təyyarəçimiz Züleyxa Seyidməmmədova II Dünya müharibəsində qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub.  Züleyxa Mir Həbib qızı Seyidməmmədova 22 mart 1919-cu ildə Bakı şəhərində anadan olub. 1934-cü ildə orta məktəbi də Bakıda bitirir. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda ali təhsil alan Züleyxa 1935-ci ildən də institutun nəzdində Bakı aeroklubunun filialı olaraq fəaliyyət göstərən birinci tələbə aeroklubunun üzvü olur. Elə həmin ildə institutda Azərbaycan qızları arasında paraşütdən tullanmaq üzrə birinci yeri tutur. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur. Ölkənin ən güclü şturmanları Sovet İttifaqı qəhrəmanları Spirin və Belyakovdan hava gəmilərinin bütün sirlərini öyrənib.

O, 500-dən artıq döyüş uçuşu keçirib. 1952-1975-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Z.Seyidməmmədova ictimai təminat naziri vəzifəsində ikən 1960-cı il martın 8-də Beynəlxalq qadınlar gününün 50 illiyi münasibətilə əməkdə və xüsusi məhsuldar ictimai fəaliyyətdə görkəmli nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə Lenin ordeni və 1967, 1971-ci illərdə “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunmuşdur.

1975-ci ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini işləmişdir.

Azərbaycan SSR Ali Sovetinin (2, 6, 7, 8-ci çağırış) deputatı olmuşdur. Dövlət tərəfində bir neçə dəfə təltif edilib. 1994-cü il noyabrın 10-da 75 yaşında Bakıda vəfat edib.

Müharibə illərində digər bir qadın qəhrəmanımız gəmi kapitanı Şövkət Şahbaz qızı Səlimova idi. Səlimova Şövkət Şahbaz qızı 1920-ci ildə dekabrın 25-də İsmayıllı rayonunun Lahıc kəndində anadan olub. O, iqtisad elmləri namizədi idi.1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirib.

Xəzər Dəniz Gəmiçiliyində kapitan müavini və kapitan işləyib. Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olub. O, 1999-cu ildə Bakıda vəfat edib.

Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbəyə qəhrəman Azərbaycan qızları da öz töhfələrini veriblər. Çünki onlar qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqın qızları idilər.

Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr yazılır. Erməni qəsbkarları 1988-ci ildən torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizə aparırlar.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib. 1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında azğınlaşmış erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, oturduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilib. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Paytaxtda bir küçə, Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adını daşıyır.

Gültəkin Əsgərova 1960–cı il noyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili tibbi yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji Kliniki Xəstəxanada işləyib. 1992-ci ilin aprelindən könüllü olaraq cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə, ailəsində isə bir körpəyə onun adı verilib.

Qaratel Şəmi qızı Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. O, Bakı Ticarət Texnikumunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb. 1991-ci ildə doğma yurdu Qazaxa qayıdıb, könüllü olaraq ana torpağın müdafiəsinə qalxıb. 1993-cü ildə Aşağı Əskipara kəndində mühasirəyə düşüb, güclü atışmada əsgərlərimizə kömək edib, “Kalaşnikov” markalı avtomatla çoxlu erməni quldurlarını öldürdükdən sonra düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Vəfa Mansurova 1966-cı il iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində tibb qardaşı ailəsində anadan olub. Kənddəki 2 nömrəli orta məktəbi bitirib. Arzusu tarixçi olmaq idi. Sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə təqdim edib, lakin Vəfa qəbul imtahanlarına deyil, həyat imtahanı vermək məqsədilə könüllü cəbhəyə yollanıb. Özünün və silahdaşlarının gərgin əməyi ilə qərargah yaradıb, kəndin ətrafında səngərlər qazdırıb, ermənilərlə sərhəddə gecələr gözətçi növbələri yaradıb. Kənd ziyalılarının, ağsaqqallarının köməyi ilə kənddən ianə toplatdırıb, könüllü hərbi birləşmələr üçün tank, top, qrad tipli silahlar, avtomatlar, xeyli sursat aldırıb. Onun və silahdaşlarının sayəsində düşmən sərhəddə yerləşən Daş Salahlı kəndinə yaxın düşə bilməyib, hər dəfə də ağır itki verərək geri oturdulub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, Vəfanın adı naryada salınıb və o qanuni döyüçü kimi qeydə alınıb. Ulu Öndərin ordu quruculuğunu alqışlayan Vəfa Dəmirçioğlu qanuni çağırışçıların hesabına sərhədlərdə möhkəm nəzarət yaradıldıqdan sonra, “daha qorxu yoxdur!” deyərək, 1995-ci ildə doğma ocağına qayıdıb. Ona get halal haqqın olan veteran (Qarabağ müharibəsi iştirakçısı) vəsiqəsini al, gələcəkdə sənə lazım olacaq, deyən qohumlarına etiraz edib. Vəfa: “Mən Vətən üçün döyüşdüm, vəsiqə üçün döyüşmədim”-deyib.

Vəfa Dəmirçioğlu döyüşlər zamanı yanında partlayan qrad mərmisindən beyin silkələnməsi aldığı üçün yatağa düşüb və 1998-ci il aprelin 25-də vəfat edib. Kənd öz Qəhrəmanını böyük ehtiramla torpağa tapşırsa da, xatirəsi ürəklərdə əbədi olara yaşayacaq.

Vəfanın xatirəsinə oçerklər, poemalar, kitablar, disklər, onlarla şeir və hekayələr yazılıb. Bir çox qələm adamları, gənclər bu Qəhrəman elqızının xatirəsinin yaşaması üçün bədii yaddaş, səlnamə yaradaraq gələcək nəsillərə ərməğan ediblər. Vəfatından 19 il sonra kəndin əhalisi və ailəsinin xahişi ilə Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun göstərişi ilə rayonun mərkəzində yerləşən “Şəhidlər xiyabanı”nda onun adının əbədiləşməsi üçün “Şəhidlərin qız qardaşı-Vəfa Dəmirçioğlu (Mansurova)”  xatirə bulaq-kompleksi inşa olunub.

Xalqımız inanırdı ki, bu mənfur düşməni mütləq yenəcək, işğal olunmuş torpaqlarımızı azad edəcək və qələbə marşları yazacağıq! O zaman nəhayət gəlib çatdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin və Qəhrəman Azərbaycan əsgərinin 44 günlük Zəfər Yürüşü zamanı torpaqarımızın çox hissəsi düşmən tapdağından azad olundu! İndi bütün şəhidlərimizin, eləcə də canını Vətən yolunda fəda etmiş zəriflərimizin ruhları ağ göyərçinə dönüb Vətən göylərində qələbə nəğməsi oxuyur, bu qələbəni çalan Oğullara min alqış deyirlər. O gün olacaq ki, bütün əsarətdə qalan torpaqlarımız azad olacaq, Vətənimizin halal haqqı özünə qayıdacaq! Qəhrəman qadın şəhidlərimizin də ruhu şad olacaq! O gün yaxındadır, o ZƏFƏR mütləq gələcək!

Zərəngiz Dəmirçi Qayalı

Beynəlxalq Mahmud Kaşğari Mükafatı laureatı