Sadiq Qurbanovun ideya müəllifi olduğu üçcildliyin təqdimatı keçirilib-FOTOLAR

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında deputat Sadiq Qurbanovun “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyi kitabının təqdimatı keçirilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev toplunun ideya müəllifi və layihə rəhbəri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanova xüsusi təşəkürünü bildirib.

Toplunun elmi redaktoru Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, tərtibçilər isə hüquqşünas Səməd Vəkilov və Prezident Kitabxanasının məsul əməkdaşı Zakir İsmayılovdur.

 

 

Toplunun layihə rəhbəri Sadiq Qurbanov cənab Prezident İlham Əliyevin yaşıl hərəkata qarşı həssas olduğunu və dünyada bu istiqamətdə sistematik iş aparan şəxslərdən biri olduğunu deyib. Onun sözlərinə görə, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyil. Bu sistematik aparılan işin tərkib hissəsdir. S.Qurbanov sonra deyib: “Bu gün “yaşıl iqtisadiyyat” termini qlobal səviyyədə bəşəriyyətin inkişafının ana xətlərindən birini təşkil edir. Azərbaycan dövləti yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə sübut edir.

Azərbaycan qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələr sırasında olmuşdur. Butün bu kimi genişmiqyaslı beynəlxalq tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa iştirakı və şəxsi təşəbbüsü ilə həyata keçirilməkdədir. Şübhəsiz, bu ilin sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda keçirilməsi də elə bu zərurətdən irəli gəlib”.

Toplu haqqında məlumat verən S.Qurbanov deyib ki, orda Azərbaycan Prezidenti İlham Əliyevin ekoloji siyasətinin ana xəttini təşkil edən “yaşıl iqtisadiyyat”a dair nitqləri, çıxışları, görüşləri və seçilmiş iqtibasları geniş şəkildə, xronoloji ardıcıllıqla verilmişdir. Ölkəmizdə, eyni zamanda, erməni vandallarından təmizlənən ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılması zamanı ekoloji cəhətdən təmiz texnologiyalara, “günəş enerjisinə”, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara üstünlük verilməsinə dair materiallar topluda öz əksini taplb.

S.Qurbanovun sözlərinə görə, toplu Azərbaycan Respublikasında ətraf mühit, dayanıqlı inkişaf və “yaşıl dünya” məsələlərinə aid rəsmi dövlət tədbirlərini özündə ehtiva edən ilk əhatəli kitabdır. Toplu Azərbaycan Respublikasında “yaşıl düşüncə” və ekoloji həyat tərzinin formalaşmasına töhfə verməklə, ekologiyaya dair beynəlxalq konvensiyaların, dövlət proqramlarının, milli strategiya və qanunvericilik sənədlərinin mətni də verilmişdir. Qeyd edək ki, geniş ictimaiyyətə təqdim edilən üç cilidlik topluda 62 qanun, 97 fərman, 95 sərəncam öz əksini tapıb.

 

 

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ictimaiyyətə təqdim olunan “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin COP29 strategiyasına və “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə olduğunu bildirib. Qeyd edib ki, topluda Prezident İlham Əliyevin ekoloji siyasətinin ana xəttini təşkil edən “yaşıl iqtisadiyyat”a dair çıxışları, görüşləri və seçilmiş iqtibasları xronoloji ardıcıllıqla verilib. Nəşrə ölkə başçısının imzaladığı qanunlarla yanaşı, Azərbaycan dövlətinin qoşulduğu Beynəlxalq Konvensiyalar daxil edilib, həmçinin kitabda 20 il müddətində qəbul olunmuş Dövlət Proqramları və Milli Strategiya proqramlarına dair tədbirlər planı əksini tapıb. İ.Həbibbəyli üçcildliyinin tədqiqatçılar, eləcə də ekoloji siyasət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün mötəbər mənbə, etibarlı bələdçi olduğunu bildirib.

 

Sonra Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev çıxış edərək kitabın mahiyyətindən danışıb, nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib. O, ictimaiyyətə təqdim edilən üçcildlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş strateji sənədlər, fərman və sərəncamlar, qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq konvensiyalar haqqında geniş məlumatların yer aldığını diqqətə çatdırıb. Nazir dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yüksək keyfiyyətli ətraf mühitin təmin olunması kimi mühüm vəzifənin qarşıya məqsəd qoyulduğunu qeyd edib.

Muxtar Babayev vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. O, “Yaşıl dünya naminə həmrəylik ili”ndə çapdan çıxmış “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin məlumatlılığın artırılması sahəsində vacib rol oynayacağına əminliyini bildirib.

Muxtar Babyev toplunun ideya müəllifi və layihə rəhbəri Sadiq Qurbanova xüsusi təşəkürünü bildirdi.

 

 

Daha sonra nəşrin redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, AR ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər.

 

 

Sonda layihənin rəhbəri və baş məsləhətçisi, “Ön söz”ünün müəllifi Sadiq Qurbanov çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına, eyni zamanda nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

“AzPolitika.info”